Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-108/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" MMC və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X7 Kredit Təşkilatı" MMC ilə aralarında bağlanmış xx.xx.2022-cu il tarixli, 2022/4014 №-li kredit müqaviləsinin ləğv edilməsi, 3 saylı Notariat Kontoru tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli icra qeydinin etibarsız hesab edilməklə icra sənədinin icraatına xitam verilərək geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 05 dekabr 2022-ci il tarixli, 2022/4015 saylı kredit müqavilə bağlayaraq 18000 manat kredit götürmüşdür. Həmin kreditin bir qismini ödəmişdir. Lakin cavabdeh şirkət əsassız olaraq vaxtından əvvəl şişirdilmiş faiz, cərimə və əsas borca dair 3 saylı notariat ofisinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilməsinə nail olmuşdur. 3 saylı Notariat Ofisi işin hallarını araşdırmadan 17 oktyabr 2023-cü il tarixli icra qeydini Nərimanov rayon icra şöbəsinə göndərmişdir. Həmin icra qeydinə əsasən həddindən artıq şişirdilmiş əsas, faiz və cərimə borcunun hazırda ona məxsus 100000 manata yaxın dəyəri olan ünvan 1 ünvanında yerləşən 57 saylı mənzildən tutulması mərhələsindədir. Yəni ona məxsus mənzil satılaraq “X7 Kredit Təşkilatı” MMC-nin xeyrinə borc tutulacaq. Bakı Şəhəri 3 Saylı Notariat Ofisinin Xüsusi X1 işin hallarını, onun həqiqi borcunu dəqiq müəyyən etmədən icra qeydini Nərimanov rayon icra şöbəsinə yönləndirməsi əsassız və qanunsuzdur. Qanunun tələbinə əsasən həm “X7 Kredit Təşkilatı” MMC tərəfindən müqavilə münasibətlərindən gələn tələblər üzrə pulun ödənilməsini tələb edən “pretenziya” məktubu, həm notariat orqanı tərəfindən icra qeydi barədə məlumat məktubu, həmçinin ipoteka bildirişi barədə müvafiq məlumatlar inzibati orqana və ona göndərilmədən icra qeydinin tərtib olunaraq Nərimanov rayon icra şöbəsinə göndərilməsi qanunsuz və əsassızdır. 05 dekabr 2022-ci il tarixli 2022/4015 saylı kredit müqaviləsi bağlanan zaman ona məxsus əmlakın girov qoyulmasından xəbəri olmayıb, belə olsa da, o, 100000 manat dəyəri olan əmlakı 18000 manat müqabilində 45000 manat dəyərləndirməzdi. “X7 Kredit Təşkilatı” MMC-nin əməkdaşları onu aldadaraq kredit müqaviləsi imzaladıblar. Ümumiyyətlə o, sonradan bilmişdir ki, “X7 Kredit Təşkilatı” MMC kredit müqaviləsinin tərkibində girov müqaviləsinin müvafiq bəndlərini yerləşdirərək ona imzaladıblar. İddiaçı məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edərək bildirmişdir ki, kredit müqaviləsinin, icra qeydinin etibarsız hesab edilməsinə və ya ləğv edilməsinə əsas yoxdur. Tərəf tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı bildirişləri əldə edib və məsələdən məlumatlı olub. Qanunvericiliyin tələbinə əsasən də bildirişi aldığı gündən 20 gün müddətində şəxs onu mübahisələndirə bilərdi. Hazırki iddianın məqsədi işin uzadılması məqsədi daşıyır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxılma müddətini, iddiaçı tərəfin bir neçə məhkəmə iclaslarında iştirak etməməsini, məhkəmə iclasının təxirə salınmasını zəruri edən hər hansı sübutu məhkəməyə təqdim etməməsini və cavabdehin işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi xahişini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimnaov rayonu, Faiq Yusifov küçəsi, ev 36, mənzil 57 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır; - "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4015 saylı kredit müqaviləsindən görünür ki, “Bank” “Müştəri”yə 36 ay müddətinə, illik 32% dərəcəsi ilə 18000 manat kredit verməyi, “Müştəri” isə istifadə etdiyi krediti müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüşdür; - 2022/4015-İP saylı, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 29 kv.m ümumi, 16.2 kv.m yaşayış, 12.8 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 57 saylı mənzili "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4015 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir; - xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, İddiaçı 5 gün ərzində borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, ipoteka saxlayan “X7 Kredit Təşkilatı” MMC tələbi ilə ipoteka qoyan - İddiaçı məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 57 saylı mənzilə tutma yönəldilməlidir (Öhdəliyi müəyyən edən 2022/4015-İP müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18000.00 AZN əsas borc, 3216.41 AZN faiz borcu, 3906.00 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 25122.41 AZN təşkil edir); - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhər 3 saylı Notariat Kontorunun 8İ-5864 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır; - "xxxx" MMC-nin maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 4015/2022 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 18000 manat əsas, 3216,41 manat faiz, 3906 manat cərimə borcu vardır; - 787312 saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-yə 800 manat məbləğində ödəniş etmişdir; - 840448 saylı, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı "xxxx" MMC-yə 3100 manat məbləğində ödəniş etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/8743 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli, 4015/2022 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı tərəfindən cavabdeh "xxxx" BOКТ ММС-yə olan borcu xəbərdarlıq məktubunun göndərildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə-17435,58 manat, faiz borcu üzrə 2.245,80 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə 17009,93 manat, faiz borcu üzrə 3155,97 manat, ekspert rəyinin tərtib edilmə tarixinə, yəni xx.xx.2025-ci il tarixə əsas borc üzrə 15.389,06 manat; faiz borcu üzrə 5.887,19 manat müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu İddiaçı ilə borc verən "xxxx" BOKT MMC arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin təminatı olaraq bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən borclu (ipoteka qoyan) İddiaçı məxsus olan ünvan 2 ünvanında 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 29 kv.m ümumi sahədən ibarət 1 otaqlı 57 saylı mənzil kredit təşkilatı qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliyin icrası gecikdirildiyindən ipoteka saxlayan "xxxx" BOKT MMC-nin müraciəti əsasında ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. Hazırda iddiaçı bildirişin ona çatdırılmadığına, borcun düzgün hesablanmadığına əsaslanaraq icra qeydinin, eləcə də kredit müqaviləsinin ləğv edilməsini xahiş edir. İcra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın qeyd edilən bəndində həmçinin göstərilir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Təlimatın 162-ci bəndinə əsasən, icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatı, 36 ay müddətinə 18000 manat kredit vermiş, kredit öhdəliyi borclu tərəfindən pozulmuş, xx.xx.2023-cü il tarixində borcla bağlı bildirişlər göndərilmişdir. İddiaçı (borclu) notariusun icra qeydi verilərkən qanunvericiliyin iki tələbinin pozulduğunu, bildirişlərin ona çatdırılmadığını və borcun mübahisəsiz olmadığını, yəni borcun yüksək göstərildiyini iddia edir. İlk növbədə qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 37.1 və 37.3-cü maddələrinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddənin məzmunundan göründüyü kimi, məhkəməyə şikayət etmək hüququna ipoteka qoyan və ipoteka predmeti üzərində hər hansı hüququ olan şəxs malikdir. İddiaçının borcluya bildirişin çatdırılmaması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə kredit və ipoteka müqaviləsində borcalanın ünvanı kimi ünvan 4 saxlayan kredit təşkilatı tərəfindən “Azari Express” Sürətli Poçt Xidməti vasitəsilə bidirişlər göndərilmiş, xx.xx.2023-cü il tarixdə bildiriş “Məmmədov K” adlı şəxs tərəfindən imza edilərək qəbul edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsində ipoteka müqaviləsi əsasında tutmanın ipotekaya yönəldilməsi barədə icra qeydinin aparılması üçün, başqa əsaslar üzrə yaranmış borcların tutulması qaydalarından fərqli qayda nəzərdə tutulmuşdur. Belə ki, həmin normaya görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yəni ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları, “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş tənzimləmədən istisna təşkil edir. Bu qaydalar “İpoteka haqqında” Qanunun 36-cı maddəsi ilə tənzimlənir. Həmin normaya görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir (39.2-ci maddə). Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 36-cı maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin borcluya “çatdırılması”ndan bəhs olunmur və onun borcluya çatdırıldığını təsdiq edən sənədin icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması barədə tələb nəzərdə tutulmamışdır. Qanunda ipoteka qoyana bildiriş göndərilməsi tələb olunur ki, həmin bildiriş də onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda da ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün təqdim olunmalı sənədlərin sırasında, “ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd” nəzərdə tutulmamışdır. Həmin Siyahının 1-1-ci bəndinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Beləliklə, ipoteka saxlayan tərəfindən icra qeydi almaq üçün ipotekaya tutmanın yönəldilməsi və ya borcun qaytarılması barədə bildirişin borcluya göndərilməsini və ya ona çatdırılmasını təsdiq edən sənədin təqdim edilməsi tələbi qanunvericilikdə mövcud deyildir. Bildiriş ipoteka qoyana göndərildiyi halda, çatdırılıb-çatdırılmamasından asılı olmayaraq, bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur. Hər bir halda hazırki iş materiallarından göründüyü kimi, ipoteka qoyana göndərilmiş bildiriş onun məhkəmə iclasında iştirak edən nümayəndəsi tərəfindən imza edilərək qəbul edilmişdir. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. “Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2-ci hissəsində borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər sadalanmışdır. Həmin sənədlərə a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı aiddir. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasını müəyyən edən “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/4015-İP saylı ipoteka müqaviləsinin 7.8-ci maddəsində “İpoteka haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın hüquqlarından biri kimi göstərilmişdir. Həmin müqavilənin 9.1-ci maddəsində əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verən hal kimi müəyyən edilmişdir. Müqavilənin 4.1-ci maddəsinə əsasən isə ipoteka predmetinə tutma yönəldiyi təqdirdə ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə, tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi. Hazırki iş üzrə borcun 3 aydan çox müddətə gecikdirilməsi, borcun 90 təqvim günü və daha çox müddətə gecikdirildiyi halda ipoteka predmetinə tutma yönəldiləcəyi barədə müqavilə şərtinin olması, bildirişin ipoteka qoyana göndərilməsi və onun ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etməməsi iş materialları ilə təsdiq olunur. Eləcə də kredit təşkilatı tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (müqavilənin əsli, maliyyə arayışı, bildirişin ipoteka qoyana göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda tələbkar (ipoteka saxlayan) tərəfindən iddiaçıya (borcluya) borcun ödənilməsi, eləcə də ipoteka qoyana ipoteka predmetinə tutma yönəldiləcəyi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin onlara göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir. İcra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçının kredit müqaviləsinin ləğvi tələbinə gəlincə qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçı hər hansı bir əsaslandırma aparmadan mülki qanunvericiliyin əqdin etibarsızlığı normalarına istinad etmiş, tələbində isə müqavilənin ləğvini irəli sürmüşdür. Həmçinin iddia ərizəsində iddiaçının ipoteka müqaviləsindən məlumatsız olduğu qeyd edilmişdir. Göstərilən iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə bilən Müllki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin müqavilənin ləğv edilməsi və dəyişdirilməsi əsaslarını müəyyən edən 421-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Hazırki iş üzrə iddiaçı müvafiq tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, müqavilənin ləğvi ilə bağlı formal tələb irəli sürmüşdür. Həmçinin iddiaçının özünün də təqdim etdiyi qəbzlərdən göründüyü kimi kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmiş, yəni müqavilənin etibarlılığı onun tərəfindən qəbul edilmişdir. Mənzilinin ipoteka qoyulmasından məlumatsız olması dəlili isə ağlabatan olmamaqla, iş materialları ilə təkzib olunur. Müqavilənin ləğvinə gəlincə isə qeyd olunmalıdır ki, hər bir halda kredit təşkilatı borcluya borcun tam ödənilməsi ilə bağlı bildiriş göndərdiyi andan müqavilə ləğv edilmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" MMC-yə və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə, "xxxx" MMC-yə və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-108/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-108/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver