Məhkəmə qərarları › İş №2(005)-109/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-109/2020

10.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-109/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi, İddiaçı Qabibullayevanın, Tərcüməçi X1 iştirakı ilə, İddiaçı Qabibullayevanın Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qabibullayeva Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7800 manat əlavə, kiçik xərclər üçün verdiyi 200 manatla birlikdə cəmi 8000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mənzilində əsaslı təmir işi apararaq otaqların, sanitar qovşaqların, mətbəxin, mənzilin giriş qapısının dəyişdirilməsi, qapıların şəbəkə formasında yığılması da daxil olmaqla iş üzrə cavabdeh olan və əslən Əfqanıstan İslam Respublikasının vətəndaşı olub Bakı şəhərində obyekt icarəyə götürüb mənzillərin təmiri, mənzillərin içərisindəki qapı-pəncərələrin yığılması ilə bağlı işlərlə məşğul olur, həmin işlərin ustalarını öz ətrafına yığıb briqada yaratmaqla müqavilə bağlayaraq yuxanda göstərilən işləri həyata keçirməklə məşğul idi. O, cavabdeh ilə ünvan 1 ünvandakı yaşayış sahəsinin təmir edilməsi, 9 ədəd qapıların dəyişdirilərək yeni qapıların qoyulması, həmin 9 ədəd qapıdan 5 ədədinin şəbəkə sistemi ilə qurulması barədə razılığa gəlmiş və o, ümumilikdə cavabdehə 25772 AZN pul ödəmişdir. Mənzilin təmiri qurtarandan qısa müddət sonra təzəcə yığılmış qapıların 5 ədədinin şəbəkə sisteminin əvvəl laxlaması, sonra isə tamamilə dağılması baş vermişdir. Bununla bağlı cavabdehlə əlaqə saxlamış, və o, sexdəki ustalardan birini ünvanıa göndərmiş və o qapıların üzərindəki şəbəkə sistemini möhkəmləndirmişdir. Lakin, aradan 5-6 ay keçəndən sonra şəbəkə sistemində yenidən çatlar yarandı və şəbəkənin şüşədən olan hissəsi qapının əsas korpusundan ayrılaraq yerə tökülmə qorxusu yaranmışdır. İddiaçı bu zaman yapışqanla və s. üsullarla hələlik şəbəkənin dağılmasının qarşısını müvəqqəti saxlamışdır ki, yenə cavabdehlə əlaqə saxlayıb və o, yaranmış nasazlığı aradan qaldırsın, lakin onun iş yerinə gedəndə artıq həmin yerdə olmadığı məlum oldu və uzun axtarışdan sonra cavabdehin Bakı şəhərində sonuncu qeydiyyat yerini Dövlət Miqrasiya Xidməti vasitəsilə müəyyən edib iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaçının mənzilinin 9 ədəd qapısını yığmış olsa da, həmin qapılardan 5 ədədində qüsurlar mövcuddur. Həmin qapıların 9-nun da yığılması üçün o, cavabdehə bütövlükdə 14040 manat pul ödəmişdir. Hesablamaya görə qapıların hər birinin yığılması 1560 manata başa gəldiyi halda, 5 ədəd qapının qüsuru aşkarlandığı üçün ona 7800 manat dəyərində zərər dəymişdir. Ona görə də cavabdehdən qüsurlu 5 ədəd qapının ya qüsurlarının düzəldilməsi, ya da tamamilə həmin qapıların götürülüb aparılması üçün 7800 manatın iddiasındadır. Məhkəmə iclasında İddiaçı Qabibullayeva iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də pulun ödənildiyini qeyd etdiyindən, o, iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini daşıdığı halda, pulun iddiaçıya ödənilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qabibullayevanın Cavabdeh qarşı “zərərin ödənilməsi”nə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qabibullayevanın Cavabdeh qarşı “zərərin ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar