Məhkəmə qərarları › İş №2(005)-1111/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1111/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1111/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1980-ci ildə Şərur rayonunda doğulmuş və hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olan borclu Cavabdeh 07 aprel 2019-cu il tarixli müqavilə üzrə 396 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 416 manat məbləğində pul vəsaitinin alınaraq kreditor "İddiaçı" MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli 2(005)-4506/2020 nömrəli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2020-ci il tarixli 2(005)-4506/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2021-ci il tarixli 2(005)-1111/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2020ci il tarixli 2(005)-4506/2020 nömrəli məhkəmə əmrinin ləğv edilməsi və iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o həmin şirkətlə hər hansı bir müqavilə bağlamamış və məhkəmə əsassız olaraq sözügedən əmri çıxarmış və onun hüquqlarını pozaraq Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün riayət etməmişdir. İşin faktiki hallarına əsasən hallarla razılaşmadığını, etiraz etdiyini bildirmişdir. İddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "İddiaçı" MMC ilə Cavabdeh arasında bağlanmış 107.04.2019-cu il tarixli, FSK2396 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh "İddiaçı" MMC-dən qiyməti 396 manat olan ZTE A6 BLADE 32 GB BLACK markalı televizoru almış və 6 ay müddətinə ayda 66 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; İddiaçı MMC tərəfindən təqdim olunmuş 01.12.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 07.04.2019-cu il tarixli Kredit Sazişi üzrə 01.12.2020-ci il tarixə İddiaçı MMC-yə 396 manat məbləğində borcu yaranmışdır. "İddiaçı" MMC tərəfindən Cavabdeh ünvanlanan 24.11.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyinin 5 gün ərzində yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; 29.11.2020 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı MMC tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.04.2019-cu il tarixli, FSK2396 nömrəli Kredit Sazişinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh6 ay müddətinə 396 manat olan ZTE A6 BLADE 32 GB BLACK almışdır. Cavabdeh həmin əşyanı qəbul etmiş və saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faizləri, gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş, sazişlə müəyyən edilmiş məbləğlərdə və müddətlərdə ödənişlər etməmişdir. Nəticədə banka borcu yaranmışdır. İddiaçı Cavabdeh 07.04.2019-cu il tarixli Kredit Sazişi üzrə 396 manat məbləğində borcunun yarandığını bildirməklə bu borcun əmr icraatı qaydasında tutulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq əmri ilə bu məbləğ cavabdehdən tutulmuşdur. Lakin Cavabdeh yazılı etirazı əsasında həmin əmr ləğv edilmiş və iş iddia icraatına keçmişdir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh məhkəmə iclasında müqavilə üzrə tələb olunan puldan 100 manat ödəniş edildiyini bildirsə də, bu barədə mötəbər sübut təqdim etməmişdir (qəbzin kserosurəti təqdim edilib). Halbuki, Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə iddiaçının tələb etdiyi əsas məbləği ilə bağlı qeyd edir ki, müqaviləsi üzrə iddiaçı cavabdehdən iddia tələbində qeyd olunan məbləğdə, 396 (üç yüz doxsan altı) manat məbləğində əsas borc tələbi əsaslıdır və tam təmin edilməli Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 07.04.2019-cu il tarixli müqavilə üzrə yaranmış 396 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 396 (üç yüz doxsan altı) manat məbləğində pul, habelə 20 manat məbləğində dövlət rüsumu "İddiaçı" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 396 (üç yüz doxsan altı) manat məbləğində borc, 20 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar