Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1128/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi,Sumqayıt şosesi, 7-ci km, bina 1, blok 17,5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli 000101 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 66.456 manat müəyyən edilmişdir və cavabdeh həmin məbləği 180 ay müddətində hər ay 369,2 manat olmaqla hər ayın 14-dək ödəməyi götürmüşdür. Müqavilə 5-6 il ərzində iddiaçı tərəfindən öhdəlik vaxtıvaxtında icra edilmiş, lakin müəyyən müddət sonra iddiaçının səhhətində yaranan ciddi problemlərlə bağlı ödəniş edə bilməmişdir. "xxxx" ASC Abşeron rayon məhkəməsinə müraciət edərək İddiaçı arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi, 7-ci km, bina 1, blok 17,5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli 000101 saylı müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılması və həmin "xxxx"ASC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi iddia edilmişdir. Abşeron rayon məhkəməsinin 2(012)-8198/2016 saylı xx.xx.2016ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Arelllyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1423/2017 saylı 06 iyun 2022-ciil tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Bu qətnamədən cavabdeh İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Arelllyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1423/2017 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Arelllyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1423/2017 saylı 06 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər prosessual müddətin keçməsinə görə geri qaytarılmışdır. Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən qətnamə xx.xx.2022-ci il tarixdə tam icra olunmuş, mənzil boşaldılmış və cavabdeh "xxxx" ASC-yə təhvil verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1423/2017 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuş işin mübahisəsiz halı budur ki, İddiaçı cavabdehə 36278,31 manat ödəniş etmişdir. Qətnamədən görünür ki, cavabdehin nümayəydəsi apellyasiya şikayətinə etirazda bu halı etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-dən 21281 manat kredit götürərək, öhdəliyin icrası üçün cavabdeh "xxxx" ASC-yə ödəmişdir. Bundan başqa İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km-də inşa edilmiş bina 1, blok 17, 5-ci mərtəbə, 17 (təzə nömrəsi 18) saylı aldıqdan sonra mənzil təmirsiz olduğundan həmin mənzilin təmir xərclərinə 35331 manat xərc çəkmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" Construction MMC tərəfindən tərtib edilmiş smetadan görünür ki, mənzilin təmir xərclərinə 35331 manat xərc çıxarılmışdır. Cavabdeh "xxxx" ASC alqı-Satqı müqaviləsini məhkəmə qaydasında ləğv etdirməsinə, mənzili iddiaçıdan boşaldaraq geri almasına baxmayaraq İddiaçı tərəfindən mənzil üçün ödənilmiş 36278,31 manat və mənzilin xərcləri üçün çəkilmiş 35331 manat pul vəsaitini iddiaçıya qaytarmamışdır. Göründüyü kimi, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra tərəflər arasında öhdəlik münasibətlərinə xitam verilmiş hesab olunurdu. Belə olan halda Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7 km-də inşa edilmiş bina 1, blok 17, 5-ci mərtəbə, 17 (təzə nömrəsi 18) saylı 3 otaqdan ibarət, ümumi sahəsi 85,2 kv.metr olan mənzilin boşaldılaraq və həmin mənzil "xxxx" ASC-yə təhvil verildiyindən iddiaçı tərəfindən həmin mənzilə ondan ayrıla bilməyən xərclərin çəkilməsinə görə 35.331 manat pul vəsaiti iddiaçıya qaytarılmalı idi. Eyni zamanda müqavilə predmeti olan mənzil cavabdehə qaytarıldığından iddiaçı tərəfindən müqavilə üzrə ödənilmiş 36278,31 manat pul vəsaiti iddiaçıya ödənilməlidir. Bununla yanaşı müqavilə predmeti olan mənzil xx.xx.2022-ci il tarixdən cavabdehə qaytarıldığı keçən 26 ay müddət ərzində iddiaçı kirayədə yaşamışdır. Əgər iddiaçı tərəfindən müqavilə üzrə icra edilmiş öhdəliyin məbləğin 36278,1 manat, o cümlədən mənzilin təmiri üçün çəkilmiş xərcin məbləği 35.331 ona qaytarılmış olsa idi, iddiaçı özünə başqa mənzil ala bilərdi. Orta bazar qiyməti ilə nəzərə aldıqda Bakı şəhərində aylıq kirayə haqqı 300 manatdan hesablandıqda iddiaçı 26 ay ərzində 7800 manat zərərə məruz qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,1, 21.2, 424.3, 1091.1, 1091.2-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş edilir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh "xxxx"ASC tərəfindən iddia ərizəsinə yazılı etirazdan görünür ki, iddianı tamamilə əsassız və qanunsuz hesab edirlər. Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini pozduğuna görə onunla bağlanılmış mənzil alqı-satqı müqaviləsinə məhkəmə qaydasında xitam verilmiş və mənzil geri qaytarılmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2006-cı il tarixli 000101 saylı mənzil alqı-satqı müqaviləsinin 3.1.1.8-ci bəndinə əsasən satıcının hüququ var ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, Alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmasın və pulun qalan hissəsini isə mənzil yalnız başqa şəxsə satıldıqdan sonra hissə-hissə qaytarsın. İddiaçının mənzilə görə ödədiyi 36268,31 manat məbləğində puldan, 30 faiz, yəni 10880,49 manat çıxıldıqdan sonra qalan 25397,82 manat məbləğində puldan xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 4000 manat və xx.xx.2025-ci il tarixdə 5000 manat olmaqla cəmi 14000 manat pul cavabdeh tətəfindən geri qaytarılmışdır (İddiaçının həmin məbləği almasına dair sənədlər təqdim olunur). Qalan 11397,82 manat məbləğində pul isə iddiaçıya iddia ərizəsini geri götürdüyü təqdirdə yaxın müddətdə ona qaytarılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM” adlanacaq) 6.2.-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İddiaçı hesab edir ki, mənzilə görə ödədiyi pulu geri ala bilmədiyi üçün ona maddi ziyan dəymiş və buna görə cavabdehdən maddi ziyana görə 7800 manat pul tələb edir. Hesab edirlər ki, iddiaçının bu tələbi də tam əsassızdır. İddiaçı kirayədə yaşamasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Eləcə də Məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı da xx.xx.2022-ci il tarixinədək uzun müddət mənzilə görə ödənişləri etmədən həmin mənzildə yaşamış, nəticədə cavabdehə maddi ziyan vurmuşdur. İddiaçının mənzilin təmirinə çəkdiyi xərcin geri qaytarılmasına dair tələbi də tam əsassızdır. İddiaçı mənzili 2006-cı ildə almış, təmir edərək orada uzun müddət yaşamışdır. Mənzilin təmiri bu müddətdə köhnələrək yararsız hala düşmüşdür. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı mənzilin pulunu ödəmədən 15 il həmin mənzildə yaşamışdır. İddiaçı bu müddət ərzində kirayədə yaşamış olsaydı, mənzilin təmirinə çəkdiyi pul qədər kirayə haqqı ödəmiş olardı. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, mənzilə görə 22000 məbləğində borcu qalmışdı, onu ödəməyə getdikdə ondan 85000 manat pul tələb edilib. Daha sonra evdən çıxarıblar. 6 ay müdətində cavabdeh tərəfindən hər ay 5000 manat ödənişin aparılması barədə razılıq olub, lakin cavabdeh əməl etməyib. Cəmi iki dəfə 5000, ümumi 10000 manat ödəniş edilib. Məhkəmə iclasında iddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya etirazın məzmununa uyğun izahat verərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - Sumqayıt Arelllyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1423/2017 saylı 06 iyun 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək "xxxx" ASC ilə İddiaçı arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi, 7-ci km, bina 1, blok 17,5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli 000101 saylı müqavilənin ləğv edilməsi, həmin mənzilin boşaldılması və həmin "xxxx"ASC-yə təhvil verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. - İcraçı «MACAZ Construction» tərəfindən inşaatçı mhşəndis N.Həşimovun 2023-cü ildə tərtib etdiyi İddiaçı sifarişi ilə ona məxsus olan 18 sayı mənzilin daxili inşaat işləri üçün smetadan görünür ki, ümumi cəmi xərc 35331 manat təşkil edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli 0170 saylı hesabatından görünür ki, Abşeron rayonu, Sumqayıt şossesi, 7-ci km, bina 1, blok 17, 5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilin təmir xərclərinin (işçilik və material xərci daxil olmaqla) məbləği 40018 manat təşkil edir. - İddiaçı xx.xx.2024-cü il tarixdə imzaladığı qəbzdən görünür ki, o həmin tarixdə Müslüm Mürsəlovdan sazişə əsasən 5000 AZN təhvil almışdır. - xx.xx.2024-cü il tarixli nağd pul tələbnaməsindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin əməkdaşı (mühasibi) X1 4000 manat vəsaiti nağd şəkildə təhvil aldı. İddiaçı imzası yoxdur. - İddiaçı xx.xx.2024-cü il tarixdə imzaladığı qəbzdən görünür ki, o həmin tarixdə Akkord şirkətindən 5 min manat aldı. - xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 600 manat ödəniş etmişdir. - xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 300 manat ödəniş etmişdir. - xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 1200 manat ödəniş etmişdir. - xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 200 manat ödəniş etmişdir. - xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 300 manat ödəniş etmişdir. - xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 500 manat ödəniş etmişdir. - xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 500 manat ödəniş etmişdir. - xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 400 manat ödəniş etmişdir. - xx.xx.2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı həmin tarixdə "xxxx" ASC-nin hesabına 300 manat ödəniş etmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki, X3 məhkəmədə iddia qaldırmaq üçün 329 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) «zərər anlayışı ilə əhatə olunur. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır Məhkəmə idda tələblərinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi,7-ci km, bina 1,blok 17,5-ci mərtəbə.17 saylı (təzə nömrəsi 18) mənzilin alqı-satqısına dair xx.xx.2006-cı il tarixli 000101 saylı müqavilə ilə bağlı məhkəmə çəkişmələri olmuş, yekun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1423/2017 saylı 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə həmin müqavilə ləğv edilmiş, sözügedən mənzilin iddiaçı tərəfindən boşaldılması və "xxxx"ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı 36278,30 manat ödəniş etmiş, qrafik üzrə 10610,09 ödəniş məbləği, 1834,36 AZN faiz borcu qalmış, xx.xx.2015-ci il tarixdən ümumiyyətlə ödəniş etməmişdir. Hazırda iddiaçı cavabdehdən qətnamədə əksini tapmış cavabdehə ödədiyi 36278,31 manat ödənişi tələb edir. Lakin tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qətnamə qanuni qüvvəsini almasına, yəni tərəflər arasında öhdəlik münasibətlərinə xitam verilmiş hesab olunmasına baxmayaraq aralarında bağlanmış sazişə görə iddiaçı mənzilə görə vaxtaşırı ödənişi həyata keçirməsi müqabilində evdən çıxarılması tələb olunmayacaq və mənzil onun adında qalacaqdır. Qeyd edilən saziş məhkəməyə təqdim edilməsə də, tərəflər bu halın olmasını etiraf etməklə, (bununla bağlı müvafiq qərardad da qəbul edilmişdir) həm də qətnamədən sonra həyata keçirilmiş 2017-18-ci illəri əhatə edən ödəniş qəbzlərinin (cəmi 4300 manat) məhkəməyə təqdim edilməsi tərəflər arasında belə bir razılaşmanın olmasını təsdiq edir. Buna baxmayaraq tərəflər arasında olan razılaşma məhkəməyə məlum olmayan səbəblərdən (tərəflər bunda bir-birini günahlandırır) pozulmuş və Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən qətnamə xx.xx.2022-ci il tarixdə tam icra olunmuş, mənzil boşaldılmış və cavabdeh "xxxx" ASC-yə təhvil verilmişdir. Bununla bağlı tərəflər arasında mənzilə görə ödənilmiş pul və təmir xərcinə dair mübahisələri açıq qalmışdır ki, 2023-cü ildə mənzildə aparılan təmir xərclərinə dair smeta da tərtib edilmiş və bu xərcin 35331 manat təşkil etməsi müəyyən edilmişdir. İddiaçı hazırda qeyd edilən təmir xərclərini də cavabdehdən tələb edir. Cavabdeh tərəf iddiaçının mənzilə görə təmir xərclərinin qaytarılması ilə razılaşmasa da, ödənilmiş 36268,31 manat məbləğində puldan, 30 faiz, yəni 10880,49 manat çıxıldıqdan sonra qalan 25397,82 manat məbləğində puldan isə xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 4000 manat və xx.xx.2025-ci il tarixdə 5000 manat olmaqla cəmi 14000 manat pulun cavabdeh tətəfindən iddiaçıya geri qaytarılmasını göstərmiş və bunu aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.1.1.8-ci bəndinin şərtləri ilə əsaslandırmış, qaytarılmalı olan 11397,82 manat məbləğində pulu isə iddiaçıya iddia ərizəsini geri götürdüyü təqdirdə yaxın müddətdə ona qaytarılacağını vurğulamışlar. Başqa sözlə, cavabdeh tərəf iddiaçıya borclu qaldıqları pulu hazırda deyil, qeyd edilən şərt daxilində qaytarmaq niyyətində olmalarını göstərmişlər. Məhkəmə cavabdeh tərəfin iddianı qəbul etməməsini göstərməsinə baxmayaraq iddiaya etirazında özləri tərəfindən aparılmış hesablamalarla faktiki olaraq iddiaçıya 11397,82 manat məbləğində pulun borclu olmasını göstərmələrini iddianı qismən etirafları kimi qiymətləndirir və hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mənzillə bağlı aparılmış ödənişlərə görə 30578,31 manat qaytarılmalıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi ona qaytarmalı olmamasına dair tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli 000101 saylı mənzil alqı-satqı müqaviləsinin 3.1.1.8-ci bəndinə istinad etməsi əhəmiyyətsiz və əsassızdır. Çünki həmin bənddə müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, satıcının belə bir hüququnun yaranması təsbit edilmişdir. İşin materiallarından görünür ki, müqavilənin ləğvinin təşəbbüskarı iddiaçı deyil, cavabdeh olmuş və məhkəmə qətnaməsi əsasında mənzil geri qaytarılmışdır. Başqa sözlə, iddiaçının mənzildən imtina etməsi halı olmamışdır. Həmçinin də cavabdehin iddiaçıya məhkəmə qətnaməsindən sonra 14000 manat qaytarmasına dair dəlili də qismən əsaslıdır. Belə ki, İddiaçı "xxxx" ASC-nin əməkdaşı (mühasibi) X1 4000 manat vəsaiti nağd şəkildə təhvil almasına dair məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli nağd pul tələbnaməsində iddiaçının imzası yoxdur. Buna görə həmin tələbnamə sübut kimi qiymətləndirilmir və beləliklə də müəyyən edilir ki, iddiaçının cavabdehə müqavilə əsasında ödədiyi 36278,31 manat və qətnamədən sonra aralarında bağlanmış sazişə əsasında 4300 manat ödədikdən sonra iddiaçıya qaytarılan məbləğ cəmi 10000 manat olmuşdur. Beləliklə də, qaytarılan 10000 manat məbləğ nəzərə alınmaqla cavabdeh tərəfindən iddiçıya mənzilin ödənişinə görə qaytarılmalı olan məbləğin 30578,31 manat olması müəyyən edilir. Məhkəmə mənzilin təmiri üçün çəkilmiş xərcin məbləğinin cavabdehdən tutulmalı olmasına dair iddia dəlilini də əsaslı sayır. Belə ki, işin faktiki halından görünür ki, iddiaçı 2006-cı ildən həmin mənzildə yaşamaqla oranı təmir etdirmişdir. Bu faktı cavabdeh tərəf inkar etmir, hətta tərəflər arasında bununla bağlı təmir xərclərinin smetasının tərtib edilməsi təşəbbüsü də olmuşdur ki, həmin xərc də «MASAZ Sontrustion» tərəfindən tərtib edilmiş smetaya əsasən 35.331 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Abşeron rayonu, Sumqayıt şossesi, 7-ci km, bina 1, blok 17, 5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilin təmirinə sərf olunan qiymətlərin müəyyən edilməsi üçün təyin edilmiş tikinti-texniki ekspertizası əsasında təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 0170 saylı hesabatını məhkəmə sübut kimi qiymətləndirmir. Belə ki, sözügedən hesabatda göstərilən qiymətlər «MACAZ Construction» tərəfindən tərtib edilmiş smetanın xərclərindən fərqli olmaqla real xərcləri əks etdirmir. «MACAZ Contruction» tərəfindən tərtib edilmiş smeta xərclərini isə tərəflər tərəfindən qəbul edilir. Həmçinin də məhkəmə qeyd edir ki, sözgedən hesabat əsas götürülərsə ədalət prinsipi pozulmaqla iddiaçı əsassız varlanmış olar. Lakin cavabdeh tərəf iddiaçının mənzili 2006-cı ildə almaqla, təmir edərək orada uzun müddət yaşamasını təsdiq etməklə yanaşı, etirazında göstərdiyi - mənzilin təmirinin bu müddətdə köhnələrək yararsız hala düşməsini iddiaçının mənzilin pulunu ödəmədən 15 il həmin mənzildə yaşamasını, iddiaçı bu müddət ərzində kirayədə yaşamış olsaydı, mənzilin təmirinə çəkdiyi pul qədər kirayə haqqı ödəmiş olmasına dair dəlilləri ilə məhkəmə razılaşmır və qeyd edir ki, iddiaçının məhkəmə qətnaməsindən sonra mənzildə yaşamasının davam etməsi özlərinin (tərəflərin) göstərdiyi kimi saziş bağlamaları nəticəsində baş vermiş və sonradan bu razılıq pozularaq mənzil cavabdehə təhvil verilmişdir. Yəni, faktiki olaraq cavabdeh mənzili təmirli vəziyyətdə geri alıb. Təmirin hansı vəziyyətdə olmasından asılı olmayaraq cavabdeh onu yenidən satdıqda artıq mövcud (faktiki təmirli) vəziyyətdə olması mənzilin satış qiymətinə artım baxımdan təsirinin olması labüddür. Belə olan halda isə cavabdeh iddiaçının apardığı təmir nəticəsində mənzilin satışı zamanı təmir xərci məbləğində (bəlkə də artıq) fayda götürməsi də aşkardır. Əks halda, yəni təmir xərci iddiaçıya qaytarılmadan mənzilin satışı zamanı cavabdehə münasibətdə əsassız varlanmış olacaqdır ki, bu da yuxarıda qeyd edildiyi kimi ədalət prinsipinin pozulmasına səbəb olar. Göstərilənlərə baxmayaraq məhkəmə iddianın aylıq kirayə haqqı 300 manatdan hesablandıqda iddiaçı 26 ay ərzində 7800 manat zərərə məruz qalmasına dair dəlili ilə razılaşmayaraq təmin edilməsini mümkün saymır. Belə ki, iddiaçı tələbinin bu hissəsinin əsaslandırması kimi məhkəmə qətnaməsindən sonra aralarında bağlanmış sazihə istinad etsə də, həmin saziş məhkəməyə təqdim olunmadığı və baxış zamanı tədqiq edilməyindən iddiaçının bu dəlilləri əsaslı sayıla bilməz. Həmçinin də cavabdeh tərəf sazişdə kirayə pulu ilə bağlı şərt olmasını da inkar etmişdir. Buna görə də məhkəmə iddianın 7800 manat zərərin cavabdehdən tutulması hissəsində iddianı əsassız sayır. Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar (kirayə haqqı istisna olmaqla) onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməklə öz hüquqi mövqeyini sübut edilə bilmişdir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri yuxarı əsaslandırılmış qaydada qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. "xxxx" ASC-dən müqavilə üzrə ödənilmiş 30 578,31 manat, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şosesi, 7-ci km, bina 1, blok 17,5-ci mərtəbə, 17 saylı (təzə nömrəsi 18) mənzilin təmir xərclərinə çəkilmiş 35331 manat, ümumillikdə 65909,31 (altmış beş min doqquz yüz doqquz manat 31 qəpik) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 329 manat dövlət rüsumunun 273 manatı cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1128/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1128/2025
04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver