Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1131/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə) qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdelər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehləri əvvəllər tanımamışdır. Cavabdeh2 digər Cavabdeh1 vasitəsilə tanımışdır. İşsiz olduğu üçün özünə iş axtarmış, bunun üçün bir neçə təşkilata müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh1 söhbət əsnasında onun yaxın adamlarının olduğunu, işə düzəldə biləcəyini, bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 6000 manat pul vermiş və həmin vaxt onunla borc müqaviləsi bağlamışdır. Cavabdehin onun aldatdığını anlamamışdır. Bundan sonra bir neçə dəfə cavabdehə müraciət edərək işin düzəlməsini soruşmuş, hər dəfə yalan vədlərla aldatmağa başlamışdır. Artıq aldadıldığını görüb pulumu geri tələb etmiş, hər dəfə yenə də öz yalan vədləri ilə aldatmaqda davam etmişdir. Sonradan başa düşmüşdür ki, cavabdeh ona borc müqaviləsi bağlatdırmaqda öz cinayətlərinin üstünü ört-basdır etmək istəmişdir. Sonra məlum olmuşdur ki, onu Cavabdeh1 deyil, həmçinin digər Cavabdeh2 da aldatmışdır. Cavabdeh2 barəsində cinayət işi başlanmış və o, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsilə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə tərəfindən X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, X4 onun keçmiş iş yoldaşı olmuşdur. Söhbət əsnasında X4 ona bildirmişdir ki, iş yoldaşı olan Cavabdeh2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində vəzifəli qohumu var və həmin Xidmətə pul müqabilində işə düzəldə bilir. İddiaçı iş axtardığını bildirəndə ona Cavabdeh2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə pul müqabilində işə düzəldə biləcəyi barədə demiş və iddiaçı bununla razılaşmışdır. İddiaçıdan 6000 manat pul almış, 5000 manatı X3 vermiş və qalan 1000 manat pulu isə işə düzəlmək istəyən başqa şəxsin pulu çatmadığına görə onun əvəzinə X3 vermişdir. İddiaçı narahat olmasın deyə onunla borc müqaviləsi bağlamış, iddiaçından aldığı pulu X3 vermiş və iddiaçıya hər hansı borcu yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, iddiaçının işə düzəldilməsi müqabilində ona 2000 manat pul verilmişdir. Cavabdeh İddiaçı və X2 iddiaçıdan 6000 manat pul almasından xəbəri olmamış, X4 tərəfindən ona cəmi 2000 manat pul verilmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirdi ki, Cavabdeh1 ilə əvvəllər bir yerdə işləmişdir. İş yoldaşı olan Cavabdeh2 FHN-da vəzifədə qohumu olduğunu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə pul müqabilində işə düzəldə bildiyini demişdir. Cavabdeh1 ona iddiaçının işə düzəlmək istədiyini bilidirmiş və bu barədə Cavabdeh2 ilə daşınanda, ona 6000 manata iddiaçını işə düzəldə biləcəyini demişdir. Cavabdeh1 iddiaçının işə düzəldilməsi üçün 5000 manat pul və sənədləri ona vermiş, o isə həmin 5000 manat pulu və sənədləri digər Cavabdeh2 vermişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 dələduzluq etmiş, işə düzəltmək fikri olmamış və pulu mənimsəmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 2(125)-1735/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia qaldırmış, iddiasının əsasını borc müqaviləsi üzrə borcun qaytarılması təşkil etmiş, məhkəmə isə borc müqaviləsini formal olaraq bağlandığından yalan əqd kimi qiymətləndirmiş və əhəmiyətsiz hesab etmişdir. Qeyd olunanlara görə iddia tələbi təmin edilməmişdir; Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh1 6000 manat məbləğində pul borc verir. Tərəflərin razılığına əsasən “borc alan” krediti xx.xx.2020-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər; Nəsimi Rayon Məhkəməsinin 1(006)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinmiş, İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmçinin hökmdə qeyd edilmişdir ki, X2 tanışı İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilaetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında İddiaçı F.Babayev vasitəsilə göndərdiyi 3.000 manat və 2020-ci ilin sentyabr ayının ortalarında həmin ünvanın qarşısında 2000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə İddiaçı 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin hökmdə qeyd edilmişdir ki, Cavabdeh2 məhkəmədə verdiyi ifadəsində Faiq Babayevdən ümumilikdə 21700 manat pul aldığını və həmin puldan 2700 manatı qaytardığının bildirməsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş digər şəxslərin ifadələri ilə təkzib olunur, onun ümumilikdə ələ keçirdiyi 50300 manatdan yalnız 1500 manat pulun qaytarılması müəyyən edilir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında deliktdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh1 İddiaçı işə düzəltmək üçün 6000 manat pul almış, həmin pulun 5000 manatını X3 vermiş, sonuncu isə 5000 manat pulu Cavabdeh2 verdiyini bildirsə də, Cavabdeh2 ona 2000 manat aldığını bildirir. İddiaçı işə qəbul edilməmiş və sonradan müəyyən olunmuşdur ki, Cavabdeh2 iddiaçını işə düzəltmək niyyətində olmamış, niyyəti dələduzluq olmuşdur. Hazırda iddiaçı 6000 manat məbləğində pulun cavabdehlərdən müştərək qayadada tutulmasını xahiş edir. İddiaçının cavabdehlərə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizldikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçını işə düzəltmək adı ilə pulunun mənimsənməsi nəticəsində ona zərər dəyməsi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının pulunun dələduzluq nəticəsində mənimsənməsi cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarında olan sübutlara əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçıdan işə düzəltmək üçün 6000 manat aldığını etiraf edir, lakin həmin məbləğin 5000 manatın iddiaçının işinə görə X3 verdiyini bildirir. X4 isə həmin 5000 manat məbləğin hamısını digər Cavabdeh2 verdiyini bildirsə də, sonuncu ona iddiaçının işinə görə cəmi 2000 manat aldığını qeyd edir. Hazırda iddiaçıdan 6000 manat alınması mübahisələndirilmir. Mübahisə olunan hal həmin 6000 manatın kimin tərəfindən iddiaçıya ödənilməsindən ibarətdir. Nəsimi Rayon Məhkəməsinin 1(006)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündə Cavabdeh2 İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə İddiaçı 5000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi qeyd edilmiş və Cavabdeh2 ümumilikdə ələ keçirdiyi 50300 manat pulun dələduzluq etməklə mənimsəməsi müəyyən edilmişdir. Belə ki, məhkəmənin hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan və həmin halların yenidən araşdırılması və ya sübut edilməsi yol verilmədiyindən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə hökmündə Talıbov X1 Səməd Taleh oğlunu işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək İddiaçı 5000 manat pulunu mənimsəməsi təsdiqləndiyindən, 5000 manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, Cavabdeh1 iddiaçıdan aldığı 6000 manatın 5000 manatını X3 iddiaçının işinə görə və qalan 1000 manatı başqa adamın işinə görə verdiyindən, Cavabdeh1 1000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Belə ki, Cavabdeh1 1000 manat pulu iddiaçının işi üçün verməmiş, öz mülahizəsinə görə həmin pula dair sərəncam vermişdir. Göründüyü kimi cavabdehlərin hər biri tərəfindən vurulmuş ziyan məhkəmə tərəfindən müəyyən olduğundan, dəymiş zərərin cavabdehlərdən müştərək qaydada tutulması yolverilməzdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi tələb edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1000 manat və Cavabdeh2 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1000 manat və Cavabdeh2 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1131/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1131/2023
26.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver