Məhkəmə qərarları › İş №2(005)-1133/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1133/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1133/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, Cavabdeh 24.04.2012-ci il tarixli, 50851-001/12 nömrəli kredit müqaviləsi üzrə 24.04.2017-ci il tarixdən – 08.12.2021ci il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 531225,04 manat məbləğində pulun və 823,23 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 24.04.2012-ci il tarixli, 50851-001/12 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi üçün illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 800000 manat məbləğində kredit xətti ayrılmış və həmin məbləğ Cavabdeh tərəfindən götürülmüşdür. Sonradan həmin kredit xətti müqaviləsinə 01.05.2014-cü il tarixli 1 nömrəli, 30.09.2014-cü il tarixli 2 nömrəli, 16.04.2015-ci il tarixli 3 nömrəli, 05.01.2016-cı il tarixli 4 nömrəli və 27.04.2016-cı il tarixli 5 nömrəli Əlavə Razılaşmalara əsasən kreditin məbləği ******* manat, kreditin faiz dərəcəsi 20 faiz, müqavilənin müddəti isə 60 ay müəyyən edilmiş və həmin şərtlərlə Cavabdeh ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün bank tərəfindən ona qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli, 2(005)-220\2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qeyd olunan qətnamədə iddianın təmin olunmasının əsası kimi bankla Cavabdeh arasında bağlanmış 24.04.2012-ci il tarixli, 50851-001/12 nömrəli nömrəli kredit müqaviləsi olmuşdur. Həmin kredit müqaviləsi və ona dair Əlavə Razılaşmalardan görünür ki, bankla Cavabdeh arasında kredit müqaviləsi 60 ay müddətinə bağlanmış və kredit müqaviləsinin müddəti 24.04.2017-ci il tarixdə bitmişdir. Cavabdehə qarşı bank tərəfindən verilmiş iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktında da cavabdehin banka olan borcu 24.04.2017-ci il tarixə hesablanmış borcdur. Qeyd olunan kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və Borcalan tərəfindən Əsas borc, faizlər və digər xərclər Banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borda yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlanndan məhrum edir. Kredit borcunu vaxtında ödəməməklə bordu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-220/2018 saylı, 01.10.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 24.04.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas, 192325,28 manat məbləğinə faiz, cəmi 2492325,25 manat məbləğində kredit borcu, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, 40 manat məbləğində xidmət haqqı, cəmi 60 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi qət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-220/2018 saylı, 04.09.2020-ci il tarixli qərardadın surətindən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-220/2018 saylı, 01.10.2018-ci il tarixli qətnaməsinin əsaslandırma və nəticə hissəsində “cəmi 2492325,28 manat” sözü “cəmi 2512325,28 manat” sözü ilə əvəz edilməsi qərara alınmışdır. Göründüyü kimi, tərəflər arasında 24.04.2012-ci il tarixli, 50851-001/12 nömrəli kredit müqaviləsi bağlanmış, cavabdeh həmin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçı tərəf kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-220/2018 saylı, 01.10.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit müqaviləsi üzrə qalıq borc və ona hesablanmış faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Hazırda iddiaçı qeyd olunan kredit müqaviləsi üzrə 24.04.2017-ci il tarixdən – 08.12.2021-ci il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 531225,04 manat məbləğində pulun və 823,23 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə iş materiallarını araşdırıb, işin faktiki hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22-ci fəsili “Öhdəliyin icra edilməməsi”ndə nəzərdə tutulmuş maddələrə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin cavabdeh 24.04.2012-ci il tarixli, 50851-001/12 nömrəli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün iddiaçı ona qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və Nərimanov Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli, 2(005)-220\2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmaması nəticəsində yaranmış mübahisəyə münasibət bildirilmişdir. Hazırda Nərimanov Rayon Məhkəməsinin 01.10.2018-ci il tarixli, 2(005)-220\2018 saylı qətnaməsi icra mərhələsindədir və iddiaçı kredit müqaviləsi üzrə öhdəliyin icrası deyil, icra sənədini icra etmir. Qətnamənin icra edilməməsinin nəticələri kimi icra məmuru tərəfindən Azərbaycan Respublikası “İcra haqqında” Qanunda nəzərdə tutulan hərəkətlər olmalıdır. Qanuni qüvvəyə minmiş qətnamə ilə borcun təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara borcun yönəldilməsi qeyd edilmiş, həmin əmlakların hərrac vasitəsi ilə satılaraq və ya borcun əvəzi olaraq hərrac mərhələsinə tələbkara təklif olunaraq cavabdehin borcunu bağlamaq səlahiyyətinə malik olmuşdur. Lakin iddiaçı bu etməməklə, eləcə də hazırki iddia ilə məhkəməyə müraciət etməklə əsassız varlanmaq istəyir. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı məhkəməyə müraciət etməklə özünün verilmiş kreditin vaxtından əvvəl tələbetmə hüququndan istifadə etmiş, bu isə müqavilənin birtərəfli qaydada ləğv edilməsi deməkdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına istinad edir, lakin nəzərə alınmalıdır ki, həmin qərar Azərbaycan Republikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi barədədir və mübahisə üzrə çıxarılmış məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra əlavə illik faiz borcunun hesablanması və tələb edilməsi hüququnu nəzərdə tutmur. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, iddia təmin edilmədiyindən, iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar