Məhkəmə qərarları › İş №2(005)-1137/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1137/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1137/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18600 (on səkkiz min altı yüz) manat pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 2019-cu ilin fevral ayında özümə məxsus tikilinin fasad hissəsinin üzlənməsini təmin etmək üçün Cavabdeh Nərimanov rayonu, Xətai prospektində yerəşən mağazasında özünü mağazanın sahibi kimi təqdim edərək ondan 18600 (on səkkiz min altı yüz) manat məbləğində pul almışdır. Bundan sonra mağazanı bağlayaraq çıxıb getmişdir. O dəfələrlə Vidad ilə telefonla danışaraq pulunun qaytarılmasını tələb etsə də Vidadi ona müxtəlif bəhanələr etmişdir. Bundan sonra o Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etməli olmuşdur. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma başlanılmışdır. Ərizəsi üzrə araşdırma Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən aparılmışdır. Müxtəlif prosessual hərəkətlər edərək müstəntiq Cavabdeh anasını və digər bir şəxsi şahid qismində dindirmişdir. Şahidlər də öz ifadələrində Cavabdeh özünü mağazanın sahibi kimi təqdim edərək ondan 18600 (on səkkiz min altı yüz) manat pul almağını bildirmişlər. Müstəntiq uzun müddət araşdırma aparmağına baxmayaraq Cavabdeh guya tapa bilməmiş, onun izahatı almamışdır. Halbuki, onun əlaqə telefonlarına zəng çatır (055 878-87-97). Hətta anası belə oğlunun əməllərindən xəbəri olduğunu izahatında bildirmişdir. Cavabdeh əməllərində cinayət tərkibinin olduğu açıq aşkar göründüyü halda Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar ona poçt vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə təqdim olunmuşdur. Bu barədə müvafiq Hüquq mühafizə orqanlarına məlumatlar verilmişəm. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 6(005)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasından imtina haqqında qərar ləğv edilmiş yenidən araşdırılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Müəyyən istintaq hərəkətləri davam etdirilmiş sonda ona mülki qaydada iddia qaldırmağı tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən yazılmış və imzalanmış xx.xx.2019-cu ii tarixli iltizamın surətindən görünür ki, ondan 18600 (on səkkiz min altı yüz) manat pul almış, və onun müqabilində ona 1300 kvadrat metr üzlük daş verməli idi. Son vaxtlar müəyyən problemlər yarandığından işin geçikdiyini etiraf edərək xx.xx.2019-cu il tarixdə həmin üzlük daşların 40%-ni ona təhvil verəcəyini bildirmiş, qalan hissəsini isə qısa müddətdə hissə-hissə verəcəyinə söz vermişdir. İbtidai araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, Cavabdeh onun doğma oğludur. Vidadi xx.xx.2019-cu il tarixdən evdən çıxıb getmişdir. Vidadinin ondan 18600 manat aldığı barədə məlumatı vardır. Lakin Vidadi 9 aya yaxındır ki, ailəsi ilə yaşamır. Vidadi son vaxtlar evdən tez-tez çıxıb gedir. Vidadinin telefon nömrəsinə də zəng çatmır. Vidadi İmişli rayonundan olan bir nəfər qadınla tüfeyli həyat yaşayır. Hazırda Vidadinin harada olmasını bilmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 18600 manat ziyan vurması ibtidai istintaq materiallarında həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı təsdiqini tapmışdır. Cavabdeh 18600 (on səkkiz min altı yüz) manat pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı 18600 manat pul almışdır və onun müqabilində ona 1300 kv m üzlük daş verməlidir. Son vaxtlar müəyyən problemlər yarandığından iş gecikmişdir. Söz verir ki, xx.xx.2019-cu il tarixində yuxarıda göstərilən üzlük daşların 40 faizini İddiaçı təhvil verəcək. Qalan hissəni isə qısa müddətdə hissə-hissə verəcəyinə söz verir. Əgər verdiyi sözlərə əməl etməsə, AR-nın qanunları çərçivəsində cəzalandırılmağını xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin rədd edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1000 manat beh verilmiş, qalıq borc 17600 manat təşkil edir. Cəmi 18600 manatlıq malın Vidadi adlı şəxs tərəfindən satılması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)- 7/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şikayət təmin olunaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş "cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2019-cu il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilərək, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh İddiaçı 18600 manat pul almışdır və onun müqabilində ona 1300 kv m üzlük daş verməlidir. xx.xx.2019-cu il tarixində yuxarıda göstərilən üzlük daşların 40 faizini İddiaçı təhvil verəcək. Qalan hissəni isə qısa müddətdə hissə-hissə verəcəyinə söz verir. Bu məqsədlə tərəflər iltizam tərtib edərək həmin iltizamı imzaları ilə təsdiq etmişlər. Sonradan iddiaçı ödədiyi pulun geri qaytarılmasını tələb etmişdir. Lakin, buna baxmayaraq Cavabdeh tikinti materiallarına görə almış olduğu 18600 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. İddiaçı bununla bağlı müvafiq polis orqanına müraciət etmiş, yekunda xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X3 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)- 7/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə, şikayət təmin olunaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 tərəfindən qəbul edilmiş "cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2019-cu il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilərək, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının fiziki əşya sayılan pullarını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tikinti materiallarının satışı üçün cavabdehə verdiyi pulu tələb edir. Tikinti materiallarının satışı üçün cavabdehə pul verilməsinin real olması, lakin sonradan cavabdehin həmin pulu öz ehtiyacları üçün xərcləməsi və bunun nəticəsində cavabdehin iddiaçının pulunu qaytarmaq öhdəliyi daşıması işin təkzib olunmayan hallarıdır. Bununla da müəyyən olunur ki, cavabdeh iddiaçıya məxsus 18600 manat məbləğində pulu özündə qanunsuz saxlamaqla iddiaçıya qaytarmaqdan imtina edir. Belə ki, Cavabdeh tərəfindən imzalanmış iltizamdan da göründüyü kimi, cavabdeh tikinti materiallarının satışı məqsədilə iddiaçıdan əvvəlcə beh olaraq 1000 manat daha sonra qalıq pul 17600 manat olmaqla, cəmi 18600 manat pul almış, lakin sonradan əldə etdikləri razılığa əsasən tikinti materiallarının təhvil verilməsi öhdəliyini pozmuş, bundan sonra iltizam tərtib edərək, həmin üzlük daşlarının xx.xx.2019cu il tarixədək 40 faizini, daha sonra materialların tam qaytarılması barədə öhdəliyi yerinə yetirməmişdir. Bundan başqa Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-7/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış X5 bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Xətai prosktində, Təhsil Nazirliyinin yanında yerləşən mağaza ona məxsusdur. O, həmin mağazanı Cavabdeh icarəyə vermişdir. Vidadi bir neçə aydır ki, kirayəni ödəmədiyindən və ayrı-ayrı şəxslərin Vidadinin onlara pul borcunun olmasını deməsindən narahat olduğu üçün Vidadiyə mağazadan çıxmasını bildirmişdir. Vidadi xx.xx.2019-cu il tarixdə heç kimə demədən mağazanı bağlayıb çıxıb getmişdir. Daha sonra Vidadi ilə telefonla danışaraq mağazada olan malları boşaltmasını xahiş etmiş və xx.xx.2019-cu ildə Vidadinin anası Svetlana mağazada olan malları boşaldıb açarı ona təhvil vermişdir. Araşdırma zamanı izahatı alınmış X1 bildirmişdir ki, Cavabdeh onun doğma oğludur. Vidadi xx.xx.2019-cu il tarixdən evdən çıxıb getmişdir. Vidadinin İddiaçı 18600 manat aldığı barədə məlumatı vardır. Lakin Vidadi 9 aya yaxındır ki, ailəsi ilə yaşamır. Vidadi son vaxtlar evdən tez-tez çıxıb gedir. Vidadinin telefon nömrəsinə də zəng çatmır. Vidadi İmişli rayonundan olan bir nəfər qadınla tüfeyli həyat yaşayır. Hazırda Vidadinin harada olmasını bilmir.....Belə ki, İddiaçı ilkin şikayət ərizəsində, dindirilmə protokolunda olan ifadəsindən, eləcə də işdə olan digər sübutlardan göründüyü kimi, Cavabdeh tərəfindən ondan pulun alınması istisna olunmur. Lakin qeyd edilən xüsusatlar müstəntiq tərəfindən ətraflı araşdırılmamış, Cavabdeh öz dilindən yazdığı və imzası ilə təsdiq etdiyi iltizama, iş üzrə dindirilən şəxslərin, xüsusilə də Cavabdeh anasının ifadəsinə diqqət yetirilməmiş və nəticədə Svetlana İbrahimovanın ifadəsindən də Cavabdeh İddiaçı pul alması, onun tüfeyli həyat tərzi yaşadığı aşkar göründüyü halda, müstəntiq həmin hala qiymət verməyərək Cavabdeh əməlində cinayət tərkibi olmadığı və problemin mülki aspektdə araşdırılaraq yekun qərar qəbul edilməsi barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 18600 manat məbləğində pul İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iddia tələbində isə iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb irəli sürlməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 18600 manat məbləğində pul İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar