Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-114/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Mövsümov Rüfət Rauf oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh“xxxx” MMC-nin xeyrinə 2452.12 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamanin çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xxxx MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən ona 18 ay müddətinə ümumi qiyməti 3000 manat dəyərində olan 2 ədəd Galanz kondisionerləri satılmışdır. Azərbaycan Respublikası MM-nin 601-ci maddəsinə və alqı-atqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş 200 manat etməklə hər ay üçün 155,56 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 547.88 manat ödəniş etmiş, qalan 2452.12 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozmuşdur. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Mövsümov Rüfət Rauf oğlu iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdəki imza ona məxsus deyil və həmin kondisionerlər də tərəfindən təhvil alınmamışdır. Belə ki, o, kondisionerlərin alınması ilə bağlı kredit almaq üçün “xxxx” MMC-yə müraciət etmiş, lakin həmin vaxt işdən azad edildiyi üçün ona kreditlə satışa imtina edilmişdir. Sonradan onun adına kreditin olduğunu öyrəndikdən sonra mağazaya yaxınlaşmış və Fərid adlı mağaza satıcısı ona bu barədə şikayət verməməyi və həmin borcun özləri tərəfindən ödəniləcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, onların izahatını iş materialları ilə yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N ******* nömrəli xx.xx.2018-ci il tarixli müqavilədən və təhvil-təslim aktından məlum olur ki, bir tərəfdən İddiaçı MMC bundan sonra “Satıcı” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” özünə məxsus olan 2 ədəd “Glanaz AUD 24 H” adlı malı “Alıcı”ya ilkin 2800 manat olmaqla təhvil vermişdir. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin vəsatətinə əsasən, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 5-8-ci vərəqlərində olan xx.xx.2018-ciil tarixli ******* saylı alğı-satqı müqaviləsində “Alıcı” qrafasında imza; mülki işin 15-16-cı vərəqlərində olan xx.xx.2018-ci il tarixli 843 və 844 nömrəli aktlarda “Təhvil aldı” qrafalarındakı imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386-cı maddələri). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 425 və 442-ci maddələri). Bundan başqa qeyd edilməlidir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389-cu maddəsi). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 405.1-ci maddəsi). Həmçinin, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər (Mülki Məcəllənin 406.3-cü maddəsi). Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır (Mülki Məcəllənin 407.2-ci maddəsi). Beləliklə məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə ümumi qiyməti 3000 manat dəyərində olan 2 ədəd Galanz kondisionerləri satıldığını iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi, iddianın təmin olunması üçün tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə satıcının öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş malı cavabdehə verdiyi sübuta yetirilməlidir. İş üzrə ekspert rəyi ilə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən imzalanmadığı, başqa sözlə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlandığı müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı alqı-satqı müqaviləsində göstərilən malın həqiqətən cavabdehə verildiyi barədə də məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-ə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (maddə 184.2). Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Bundan başqa məhkəmə, Azərbaycan Respublikası MPM 265.4-cü maddəsinə əsasən, xxxx MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlanan zaman "xxxx" MMC-nin əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası CM-nin müvafiq maddəsində ehtiva olunan cinayətin əlamətləri aşkara çıxdığından bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməli, həmçinin məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 124 manat "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 124 manat "xxxx" MMC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-114/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-114/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver