Məhkəmə qərarları › İş №2(005)-1158/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1158/2024

12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1158/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə təyin eadilmiş alimentin miqdarının dəyişdirilərək 06 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq gəlirindən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2010-cu ildə Cavabdeh ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuşdur. Nikahdan xx.xx.2011-ci il təvəllüdlü Nicat adlı oğlu anadan olub. Nikah 2021-ci ildə pozulub. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2148/2015 sayı qiyabi qətnaməsinə görə Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş Nicat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilib. Mingəçevir şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Nicat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi müəyyən edilib. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək hazırda cavabdehin qazancının ¼ hissəsi olaraq 160 manat pulun aliment qismində ona ödənildiyini, lakın bu məbləğin uşağın tələbatlarını ödəməsinə kifayət etmədiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh hazırda başqa şəxslə nikahda olduğunu və bu nikahdan iki yetkinlik yaşına çatmayan uşağının olduğunu və xərclərinin çox olduğunu, həmçinin iddiaçının ona uşaqla ünsiyyətdə olmasına maneələr törətdiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2038/2022 saylı qətnaməsi ilə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Nicat adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulub İddiaçı verilməsi qət olunmuşdur. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 09 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İ 147146 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh və X2 arasında olan nikah xx.xx.2012-ci il tarixdə pozulmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər rəsmi nikah münasibətlərində olmuşlar. Tərəflərin birgə nikahından 06 mart 2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər arasındakı nikah sonradan pozulmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən 06 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay onun qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehdən onun qazancının və (və ya) digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş edir. Əsas olaraq cavabdehin onun qazancının bir hissəsi kimi tutulan alimentin uşaqların saxlanılması üçün yetərli olmadığını bildirmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən uşağın saxlanılmasında iştirak etməyən valideynin daimi iş yeri və müntəzəm qazancı olduğu halda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment şəxsin qazancının müəyyən hissəsi miqdarında tutulur. Bu qaydadan istisnalar Ailə Məcəlləsində öz əksini tapmışdır. Belə ki, Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2038/2022 saylı qətnaməsi ilə alimentin cavabdehin qazancının müəyyən hissəsi kimi tutulması qət olunarkən cavabdehin "xxxx" QSCdə mühasib vəzifəsində işləməsi və aylıq əmək haqqının 1424 manat olması əsas götürülmüşdür. Lakin məhkəmə iclasında hər iki tərəf bu qazacndan aliment məbləği olaraq 160 manat pulun tutulduğunu təsdiq etmişdir. Məhkəmə hazırda cavabdehdən onun qazancının 1/4 hissəsi kimi hesablanaraq tutulan aliment məbləğini nəzərdən keçirərək bu məbləğin uşaqların saxlanılması üçün yetərli olmadığı qənaətinə gəlir. Belə ki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırda isə uşaq üçün aliment 160 manat məbləğində tutulur. Bu səbəbdən də iddiaçı alimentin sabit pul məbləğində təyin edilməsini xahiş edir. Bu tələbin qanuni əsası Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclasında tərəflər birgə təsərrüfat aparılan dövrdə də cavabdehin eyni iş yerində işlədiyini və eyni məbləğdə əmək haqqı aldığını təsdiq etmişlər. İddiaçı buna görə aliment məbləğinin cavabdehin qazancının bir hissəsi kimi tutulmasına razı olsa da sonradan alınan aliment məbləğinin uşağın əvvəlki təminat səviyyəsində saxlanılmasına yetərli olmadığını müəyyən etmişdir. Məhkəmə hesab edir ki, cavabdehi qazancının və (və ya) başqa gəlirlərindən ¼ hissədə tutulan aliment məbləği nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması üçün alimentin tutulması qaydası dəyişdirilərək, aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə tutulmalı olan sabit aliment məbləği ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün 2024-cü il üçün yaşayış minimumu əsas götürülməklə aliment hər ay hər uşaq üçün 235 manat müəyyən edilməlidir. Məhkəmə cavabdehin iddiaya etirazları ilə bağlı qeyd edir ki, şəxsin yenidən nikaha daxil olması və bu nikahdan uşaqların olması onun əvvəlki nikahdan olan uşaqların böyüməsi və inkişafında iştirakdan azad etmir və bu sahədə olan vəzifələrini yüngülləşdirmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin digər nikahdan olan uşaqlarının qanunla qorunan mənafeləri iddiaçı ilə nikahından olan uşağının mənafeyindən üstün deyildir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Məhkəmə hər iki nikahdan olan uşaqların mənafelərini eyni dərəcə qorumağa çalışmalıdır. O da nəzərə alınmalıdır ki, cavabdeh digər nikahdan olan uşaqları və arvadı ilə birlikdə yaşasa da, mülki iş üzrə iddiaçı 06 mart 2011-ci il təvəllüdlü X3 ilə birlikdə, cavabdehdən ayrı yaşayır. Aydındır ki, 06 mart 2011-ci il təvəllüdlü X3 cavabdehdən eyni dərəcədə qayğı görmür. Uşağın bütün qayğılarını iddiaçı çəkir. Bu səbəbdən və yuxarıda qeyd edilən əsaslandırmaya görə məhkəmə iddianın təmin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə onu da qeyd edir ki, cavabdehə uşağı ilə ünsiyyətdə olmasına iddiaçı tərəfindən maneələr ayardıldlığı halda onun bu maneələrin aradan qaldırılması və ünsiyyət üçün vaxt təyin edilməsi barədə iddia tələbi ilə məhkəməəyə müraciət etmək hüququ vardır. Uşaqla ünsiyyətdə olması üçün ona məneələr həqiqətən törədildiyi halda belə cavabdeh valideyn kimi uşağın qayğısına qalmaq və uşağın saxlanılmsı üçün məsuliyyət daşımaq vəzifəsindən azad edilmir. Qeyd edilənlənlərə əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2038/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilməli, 06 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddia təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-2038/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. 06 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda və qaydada tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar