Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1161/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi və ona dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 25.11.2005-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 400 manat məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi, həmçinin tərəfindən mediator üçün ödənilmiş 51 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında 01.11.2004-cü il tarixdə bağlanmış nikah Xətai Rayon Qeydiyyat Şöbəsinin 22.04.2009-cu il tarixli şəhadətnaməsi ilə pozulmuşdur. Tərəflərin nikahdan 25.11.2005-ci il təvəllüdlü Nihat adlı oğlan uşağı dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin 09.01.2009-cu il tarixli qətnaməsi ilə cavabdehin maaşının 4/1 hissəsi (120 manat) Nihatın saxlanılması üçün aliment olaraq müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(005)-3992/2018 nömrəli qətnaməsi ilə aliment məbləği artırılaraq 154 manat sabit pul məbləğində müəyyən edilmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 2019-cu ildə qəbul etdiyi qərarla məbləğ ölkə üzrə yaşayış minimumuna uyğunlaşdırılaraq 160 manat müəyyən edilmişdir. Hazırda Nihatın 17 yaşı var. Uşaq nevroloji xəstədir və onun ilə kirayədə yaşayır. Əvvəllər işləsə də, hazırda işsizdir, uşağını böyütmək üçün ödənilən alimentdən başqa ailəyə əlavə vəsait daxil olmur. Uşağın yaşı artdıqca tələbatları da artmış və Nərimanov Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq bu il 10-cu sinifdə oxuyur, instituta qəbul olunmaq üçün əlavə hazırlıqlara getməlidir. Bunun üçün isə imkanı yoxdur. Cavabdehin pensiyasından əlavə qazancı olsa da, ödədiyi alimentdən başqa uşağı ilə maraqlanmır, müalicəsinə və təhsil haqlarına köməklik göstərmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2022-ci ilin 1 yanvardan etibarən hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh Ədliyyə Nazirliyinin 1 saylı İstintaq Təcridxanasından təqaüdə çıxmış, ölkə başçısının 18.06.2019-cu il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı 2019-cu ilin Sentyabrın 1-dən etibarən vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılmışdır. Mövcud pensiya qanunvericiliyinə əsasən Ədliyyə Nazirliyində qulluq keçən şəxslərin vəzifə maaşı artırıldıqda, eyni qaydada Ədliyyə Nazirliyindən təqaüdə ayrılmış şəxslərin pensiyası da artırılır. Bu hal Nərimanov Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli, 2(005)-3992/2018 nömrəli qətnaməsi çıxarıldıqdan sonra cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişiklik kimi qiymətləndirilməli və aliment məbləğinə yenidən baxılmalıdır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişiklikləri və onun əlavə qazancını nəzərə alaraq uşaq üçün aylıq alimentin məbləği onun qazancından tutulmaqla artırılmalı və minimum aylıq 400 manat müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun verərək, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir, hazırki uşaqların yaşayış minimuna uyğun olaraq, alimentin 193 manata qədər artırılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; 28.01.2022-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 28.01.2022-ci il tarixində saat 11:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 22.04.2009-cu il tarixdə 135 saylı akt qeydi ilə ləğv edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan 25.11.2005-ci il təvəllüdlü X3 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-925/2020 saylı, 10.02.2020-ci saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.08.2018-ci il tarixli 2(103)-3992/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq tərəflərin birgə nikahından olan 25.11.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 25.11.2005-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 193 manat məbləğində sabit pul miqdarında aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır və cavabdehdən iddiaçının xeyrinə 50 manat mediasiyaya dair ödənilmiş rüsumun tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 25.11.2005-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, 193 (bir yüz doxsan üç) manat müəyyən edilsin. Cavabdeh İddiaçı xeyrinə 50 manat mediasiyaya dair ödənilmiş rüsumun tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1161/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1161/2022
16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver