Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1166/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi İddiaçı, Cavabdeh1 SŞ ASC-nin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 SŞ ASC-yə və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 SŞ ASC-yə və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş 1.850 manat ziyanın ve ödəmiş olduğu 38,50 manat dövlət rüsumunun Cavabdeh1 Sığorta Şirkəti ASC-dən və Cavabdeh2 müştərək qaydada tam həcmdə alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. “BMW X5 Drive 300” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh2 yolhərəkət qaydalarını pozaraq qəza törətmişdir. Qəza nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. İddiaçı dəymiş ziyanı hesablatdırmış və ona verilmiş rəsmi arayışdan da bəlli oldu ki, dəymiş maddi ziyanın məbləği 1.850 manat təşkil edir. Sığorta Şirkətinin özü bu məbləği ona təklif etdi, o da onunla razılaşmışdır. Lakin bir müddət sonra Cavabdeh1 Sığorta Şirkəti ASC-dən ona həmin məbləği yox, daha az məbləğin ödənilməsini təklif etdi. İddiaçı bunun səbəbini öyrənmək üçün şirkətə müraciət etmiş, onlar ona dəymiş ziyanın əvəzini ödəməkdən imtina edərək bildirdilər ki, qeyd olunan avtonəqliyyat hadisəsi nəticəsində başqa bir avtomobilə də maddi ziyan dəymişdir. "xxxx" MMC-nin mülkiyyətində olan “CHEVROLET COBALT LTZ” **-YR-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınına da xeyli miqdarda ziyan dəymişdir. Onlar mütənasibliyi gözləməklə daha çox ziyan dəyən maşına 5.000 manatlıq sığorta məbləğinin daha çox hissəsini veriblər, ona isə az məbləğ düşmüşdür. Onlar ona həmçinin bildirdilər ki, sığorta məbləğindən artıq dəymiş ziyanın məbləğini mülki iddia qaydasında ziyan vurmuş sürücüdən məhkəmədə tələb edə bilər. Lakin o, bunu əsassız hesab edir. Belə ki, ona dəymiş ziyan daha az məbləğ təşkil edir, 5.000 manatlıq sığorta nəbləğindən ona dəymiş ziyan tam ödənilməli, həmin məbləğdən qalan 3.150 manatı digər zərərçəkənə ödənilməklə onun tərəfindən əlavə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edilməlidir. Bununla belə iddiaçı cavabdeh qismində həmçinin Cavabdeh2 da iddia ərizəsində qoyur. Ona dəymiş ziyanı ondan da müştərək qaydada tələb edir. Cavabdeh1 SŞ ASC-nin X5 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iş materiallarına əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə Cavabdeh1 Sığorta Şirkətində sığorta olunan Cavabdeh2 "BMW X5 XDRİVE 30D markalı, 77FM220 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən xx.xx.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Chevrolet Cobalt” markalı, 77YR028 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 11.782,60 manat, İddiaçı məxsus Nissan Note markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə isə 1850 manat məbləğində ziyan dəymişdir. Bildirir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə DYP tərəfindən tərtib edilən arayışa (forma 4) əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli Cavabdeh1 SŞ-də sığortalanan Cavabdeh2 olduğundan tərəflərindən yol-nəqliyyat hadisəsi zamanı zərər vurulmuş hər iki nəqliyyat vasitəsinə 5.000 manat məbləğində sığorta ödənişi mütənasib qaydada bölünərək ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 56.1.2-ci maddəsinə əsasən, bir hadisə üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5.000 manat təşkil edir. Həmin qanunun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Qanunvericiliyin tələbləri nəzərə alınaraq 5.000 manat sığorta məbləği zərərə mütənasib qaydada bölünərək "Chevrolet Cobalt" markalı avtomobilə dəyən zərər üzrə 4.321 manat, iddiaçıya dəymiş zərər üzrə 679 manat sığorta ödənişi hesablanmışdır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, 4.321 manat sığorta ödənişi xx.xx.2025-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İddiaçı isə sığorta ödənişi məbləği ilə razılaşmadığına görə, hesablanmış 679 manat sığorta ödənişinin onun hesabına köçürülməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh2 nümayəndəsi (vəkili) X3 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, qüsur aktındakı qiymətlərlə razı olmadıqlarını, belə ki, qüsur aktında dəyişilməli detalların yenisi ilə əvəz olunduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, əslində ziyan dəymiş avtomobildəki köhnə detalların aqibətinin necə olması barədə onlarda məlumat yoxdur. Hesab edir ki, həmin detalların da müəyyən dəyəri var. Sığorta şirkəti qüsur aktında əslində yeni detalların qiymətini yazıb, cavabdeh də həmin qiymətlə razı deyil. Cavabdeh1 SŞ ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında etirazın dəlilləri ilə eyniməzmunlu izahat verib, bildirdi ki, şirkət 679 manat sığorta ödənişinin iddiaçının hesabına köçürülməsinə hazırdır. Əlavə olaraq bildirdi ki, qüsur aktında yeni detalların dəyəri yazılmayıb, qüsur aktına nəzər yetirdikdə məlum olur ki, avtomobilin ehtiyat hissələrinə dəymiş ziyanın aradan qaldırılması üçün yeni ehtiyat hissələrinin dəyəri deyil, işlənmiş, köhnə hissələrin dəyəri yazılmışdır. Məhkəmə proses iştirakçılarının izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki işin materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13:50-də dəqiqədə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir. “BMW X5 Drive 300” markalı **-FM- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh2 yol-hərəkət qaydalarını pozaraq qəza törətmiş, nəticədə İddiaçı məxsus “Nissan Note” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı və "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı minik avtomaşına maddi zərər vurmuşdur. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Note” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin hesabatının surətindən görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 11.782,6 manat zərər dəymişdir. İş materiallarında olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatının surətindən görünür ki, “Nissan Note” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.850 manat zərər dəymişdir. İş materiallarında olan 18619 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh1 SŞ ASC tərəfindən "xxxx" MMC-nə 4.321 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin UNİ/M 52-269/2025 nömrəli xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Nissan Note” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası və təmiri üçün ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri 1.720 manat təşkil edir. Mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:50-də dəqiqədə “BMW X5 Drive 300” markalı **-FM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Cavabdeh2 yol-hərəkət qaydalarını pozaraq qəza törədərək, nəticədə İddiaçı məxsus “Nissan Note” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı və "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iddiaçı tələbini onunla əsaslandırır ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərəri Cavabdeh2 mülki məsuliyyətinin sığortalandığı sığorta şirkəti olan Cavabdeh1 SŞ ASC tam olaraq qarşılamamışdır. Hazırda o, avtomobilinə dəymiş zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində hadisəni törətmiş Cavabdeh2 mülki məsuliyyətinin icbari sığortası üzrə Cavabdeh1 SŞ ASC-dən "xxxx" MMC-nin xeyrinə sonuncunun mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” minik markalı **-YR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə vurulmuş zərərə görə 4.321 manat sığorta ödənişi tutulmuş, 679 manat sığorta ödənişi isə İddiaçı təklif edilmişdir. Lakin iddiaçı həmin məbləğin ona dəymiş zərəri tam qarşılamadığı üçün imtina etmişdir. Məhkəmə tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin həcminin qiymətləndirilməsi "xxxx" MMC-nə həvalə edilmiş, MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin 1.720 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut olaraq qiymətləndirir. Məhkəmə hesab edir ki, iddiaçının əmlakına vurulmuş zərər birbaşa Cavabdeh2 tərəfindən törədildiyindən, həmçinin həmin zərər onun mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı Cavabdeh1 SŞ ASC tərəfindən qismən (679 manat) qarşılandığından, iddiaçı dəymiş zərərin qalan hissəsinin Cavabdeh2 tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 məxsus nəqliyyat vasitəsilə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər vurulduğundan, cavabdehin mülki məsuliyyəti üzrə sığortaçı iş üzrə Cavabdeh1 SŞ ASCdən 679 manat, Cavabdeh2 isə iddiaçıya məxsus “Nissan Note” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin qalan hissəsi olaraq 1.041 manat iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti isə cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməli, həmçinin iş üzrə ödənilmiş məhkəmə xərcinə daxil olan 38,5 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 İddiaçı xeyrinə maddi zərərə görə 1.041 manat, ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olan 38,5 manat, Cavabdeh1 SŞ ASC-dən isə 679 manat pul tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi zərərə görə 1.041 manat və 38,5 manat dövlət rüsumu, Cavabdeh1 SŞ ASC-dən isə 679 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 manat məbləğində pul X4 tutularaq, "xxxx" MMC-nin hesabına VÖEN **********, Hesab № AZN: AZ277AİİB400600C**********218, Bank: Kapital Bank ASC Bravo 3 filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ********************, Filialın kodu:201296, SWİFT kod:AİİBAZ2XXXX keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1166/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1166/2025
02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver