Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1173/2025 23.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh Bank olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər BOKT "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı (X3 mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər BOKT "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyan olaraq 2000 manat məbləğində pulun, maddi ziyan olaraq 600 manat vəsaitin, ona hesablanmış hər gün üçün 1% məbləğin, məhkəmə rüsumu və xərclərin BOKT "xxxx" MMC-dən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, mənəvi ziyan olaraq 2000 manat məbləğində pulun BOKT "xxxx" MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində Azpulmat Online kredit təşkilatından kredit almaq üçün müraciət edib. Bir şəxs özünü bank əməkdaşı kimi təqdim edib, guya kredit limitinin artırılması əməliyyatını apardığını bildirdi. Sistemə daxil olub limiti artırmaq üçün FİN kodunu istədi və xx.xx.2024-ci il tarixdə saat 12:55 radələrində ayrılan 600 manat məbləğində krediti dələduzluq edərək öz kartına yüklədi. Pulu öz kartına yükləyən kimi onu blok etdi. O, dərhal banka məlumat versə də, bir nəticəsi olmadı. O, iradını bildirib ki, onun adına olmayan bank kartına nə ixtiyarla pul yatızdırdı “Bizdə belədir” cavabını verdilər. Onun 4 yaşında övladı var və onu təkbaşına böyüdür. Həmin ərəfədə oğlu bərk xəstələnmişdi, onun xəstəxana və dərman xərclərinə ehtiyacı var idi. Bankın səhlənkarlığı nəticəsində nəinki övladını müalicə etdirmək, hətta bankın daxili quruluşunu düzgün şəkildə qurmadıqları üçün ödəniş tamamilə başqa bir insanın adına olan, bir dələduzun bank kartına oturdu, itki hər kəsə mənfi təsir göstərir, o, təzyiqli və zob xəstəsi olduğu üçün əsəb sistemi daha həssasdır. Azpulmat kredit təşkilatının səhlənkarlığına görə o, bu gün də mənəvi iztirablar içərisindədir. İndiki dövrdə heç bir kəs hansısa məbləğinin belə digər şəxsə verilməsini istəməz. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. xx.xx.2024-cü il tarixində Azpulmat online kredit təşkilatından kredit almaq üçün müraciət etdiyi vəsaiti dələduz öz kartına yükləyib onu blok etdiyi anda o, Azpulmata zəng edib bildirib operator bildirib ki, “Sizə kimin kartına pul oturubsa onun rekvezitlərini verərək kömək göstərə bilərik ancaq”. Müraciətini qeydə alaraq bir neçə gündən sonra o dələduzun kart rekvizitlərini mail ünvanına göndərdilər. Kart “Kapital Banka” məxsusdur. Kapital banka gedib vəziyyəti izah edib, ona bildiriblər ki, “dələduz da olsa, bizim müştəridi və biz öz müştərilərimizi narahat edə bilmərik” Bildiriblər ki, məhkəməyə müraciət edə bilər, məhkəmə Kapital banka o rekvizitlərin kimə aid olduğunu aydınlaşdırmaq üçün sorğu göndərməlidir və onlar, ancaq o təqdirdə şəxs barəsində məlumatları məhkəməyə təqdim edə bilərlər. Cavabdeh "xxxx" MMC məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Cəmiyyət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli BKT-34 nömrəli lisenziya əsasında “Azpulmat" mobil tətbiqi vasitəsilə vətəndaşlara azməbləğli və qısamüddətli kreditlərin verilməsi sahəsində fəaliyyət göstərir. Kredit müqavilələri vətəndaşlar tərəfindən “Sima” gücləndirilmiş rəqəmsal imza vasitəsi ilə imzalanır və imzalama prosesində vətəndaşların həm vəsiqə, həm biometrik məlumatları tələb olunur. Kredit müqaviləsinin imzalama prosesində və imzalamadan sonra olan mərhələdə hər hansı üçüncü şəxslərin qanunsuz müdaxiləsi qeyri-mümkündür. Kredit müqaviləsi imzalandıqdan sonra tətbiq vətəndaşa ayrılan pul vəsaitlərini hansı üsulla əldə etmək istədiyinə dair seçim verir. Tətbiq vasitəsi ilə göndərilən SMS-koddan istifadə etməklə vəsaitin "Azpulmat" terminallarından nağdlaşdırılması; Azərbaycan Respublikasının bankları tərəfindən emissiya edilmiş kartlara köçürülməsi; Tətbiq vasitəsi ilə göndərilən SMS-kod vasitəsilə "xxxx" MMC-nin ölkə ərazisindəki istənilən filialından vəsaitin nağdlaşdırılması. Vətəndaş kredit müqaviləsi üzrə ayrılmış pul vəsaitlərinin Bank kartına köçürülməsini seçdiyi təqdirdə o, tranzaksiyanı tətbiqə inteqrasiya olunmuş "xxxx" MMC tərəfindən təqdim edilən prosessinq xidmətləri vasitəsi ilə həyata keçirir. Bu zaman da pul vəsaitlərinin köçürüləcəyi Bank kartına dair məlumatlar vətəndaş tərəfindən şəxsən daxil edilir. Beləliklə, vətəndaşın iradəsi xaricində nə kredit müqaviləsi imzalana bilər, nə də pul vəsaitləri hər hansı Bank kartlarına köçürülə bilər. İddiaçının kredit hesabı üzrə aparılan əməliyyatlara nəzər yetirsək, iddiaçı tərəfindən mütəmadi olaraq kredit müqaviləsi üzrə ödənişlərin edildiyi aşkar görünər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi və bu kimi digər mühüm hallar aid edilə bilər. Beləliklə, iddiaçı kredit müqaviləsi üzrə ödənişləri edərək kredit borcunu etiraf etmiş və maddi zərərin vurulmadığını təsdiq etmiş olur. Bundan əlavə, iddiaçı Cəmiyyətdən ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz qərarında xüsusi olaraq vurğulamışdır ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin iddiaçı ona zərərin vurulmasını hər hansı mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onu aldatmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Polis Şöbəsində ona 1000 manat ödəniş edilmişdir. Bu məsələyə görə o, neçə aydır ki, çətinlik yaşayır. Hesab edir ki, BOKT onun təhlükəsizliyini təmin etməli idi. Bir ay üçün o, 348 manat faiz ödəmişdir. Lakin bank kartın kimə məxsusluğunu yoxlamadan pul köçürməsi edib. Bank özü bu məsələləri dəqiqləşdirməli idi. Bu problemlər onun psixoloji vəziyyətinə təsir edib. X1 cavabdeh qismində işə cəlb edilməsini istəmir. Hazırki işdə əsl cavabdeh "xxxx" MMC-dir. Çünki cavabdeh tərəf müştərinin təhlükəsizlik qaydalarına riayət etməyib. Mənəvi zərərin də ondan tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ödəniş ya terminal, ya kredit kartına köçürmə, ya da poçt vasitəsilə edilir. Kart seçildikdə artıq kart səhifəsinə keçid edilir, bundan sonra isə "xxxx" MMC-nin hərəkətləri dayandırılır. Bütün hərəkətlər “Azəricard” sistemi vasitəsilə həyata keçirilir. Artıq kart məlumatları daxil edildikdən sonra pul karta köçürülür. Müştəri karta köçürmə üsulunu seçən zaman da orada 2 seçim çıxır. Birincisi öz kartıdırsa həmin kart məlumatları daxil edilməli, digər şəxsin kartıdırsa həmin kart məlumatları daxil edilməlidir. Müqavilədə göstərilib ki, müştəri öz kartı olmasını təsdiq etdiyi halda onlar öz üzərlərində olan məsuliyyətdən azad olunurlar. Şəxs haqqında başqa məlumatları onlar da görə bilmirlər. Qarşı tərəfə dəymiş zərər onların hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizliyinə görə olmamışdır. Hazırki iş üzrə cavabdeh X3 olmalı idi. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: A**********512800G00036 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən günlük faizi 1% olmaqla, 16 təqvim günü üçün 600 manat məbləğində pulu İddiaçı verməyi, İddiaçı isə müqavilədə göstərilmiş qaydada borcunu ödəməyi öz öhdəsinə götürmüşdür; Kart hesabından xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı hesabına xx.xx.2024-cü il tarixdə 600 manat məbləğində pul köçürülmüşdür. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı, internet informasiya vasitəsilə özünü kredit təşkilatının əməkdaşı kimi təqdim edən şəxs tərəfindən aldadılmış, onun kredit müraciəti əsasında cavabdeh BOKT tərəfindən iddiaçıya ayrılmış pul vəsaiti əslində onun yox, məhz onu aldadan şəxsin təqdim etdiyi kart hesabına köçürülmüşdür. Hazırda iddiaçı aldadlılma nəticəsində mənəvi ziyana uğradığını və kredit təşkilatının təhlükəsizlik qaydalarına riayət etmədiyini bildirərək, ona dəymiş mənəvi zərərin əvəzinin cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdeh BOKT isə zərərin vurulmasında onların hər hansı bir təqsirinin olmadığına istinad edərək iddiaya etiraz edir. İddiaçıya dəymiş maddi ziyan, 1000 manat məbləğində pul kartın sahibi tərəfindən ödənilmişdir. Pulun iddiaçının deyil, başqa şəxsin kart hesabına köçürülməsi və həmin şəxs tərəfindən sonradan iddiaçıya zərərin ödənilməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Mülki Məcəllə mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur. Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, yuxarıdakı izahatlardan da göründüyü kimi, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Hazırki mülki iş üzrə isə iddiaçı öz şəxsiyyətini təsdiq edən məlumatları kənar şəxsə təqdim etmiş, həmin şəxs isə onun adından kredit götürmüş, lakin pulun təqdim edilməsi üçün öz kart məlumatlarını vermişdir. Məhkəmə tərəfindən sübutların təmini barədə qərardad qəbul edilmiş, həmin kartın sahibi müəyyən edilmiş və üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçıya vurulan zərər isə məhkəmə prosesi dövründə həmin zərəri vuran şəxs tərəfindən ödənilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı ona X3 tərəfindən təxminən 1000 manat ödəniş edildiyini bildirmişdir. Eyni zamanda məhkəmə tərəfindən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklifi irəli sürülsə də, iddiaçı bunu qəbul etməmişdir. Göründüyü kimi iddiaçıya müvafiq əməl nəticəsində zərərin məhz iddia ərizəsində göstərilən cavabdehlər tərəfindən yetirilməsi, yəni səbəbli əlaqənin olması sübuta yetirilmir. Bu səbəbdən göstərilən hadisəyə görə cavabdehlərin təqsirli hesab olunması və mənəvi zərərin tutulması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdehin etirazının əsası kimi istinad etdikləri halların mövcudluğu müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər BOKT "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər BOKT "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1173/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1173/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver