Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1174/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ev və qaraj alqı-satqısına dair 436 və 07 saylı Müqavilələr üzrə ona dəyən 91.371 ABŞ dolları (doxsan bir min üç yüz yetmiş bir = 155.330 - yüz əlli beş min üç yüz otuz AZN) və 441 saylı ev alqı-salqı Müqaviləsi ilə bağlı 21.766 AZN (iyirmi bir min yeddi yüz altmış altı) və 20.000 AZN (iyirmi min) mənəvi zərər və 487 AZN rüsum da daxil 197.583 AZN (yüz doxsan yeddi min beş yüz səksən üç) maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC tərəfindən ev və qaraj alqı-satqısına dair 436 və 07 saylı Müqavilələr üzrə ona dəyən 71.270 AZN (yetmiş bir min iki yüz yetmiş) və 441 saylı ev alqı-salqı Müqaviləsi ilə bağlı 21.766 AZN (iyirmi bir min yeddi yüz altmış altı) və 20.000 AZN (iyirmi min) mənəvi zərər və 487 AZN rüsum da daxil 113,523 AZN (yüz on üç min beş yüz iyirmi üç) maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsaslandırılmışdır ki, bildirir ki, o, 08 noyabr 2011-ci il tarixdə 436 saylı Müqavilə ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078“A" məhəlləsində yerləşən, Cavabdeh MMC-yə məxsus yeni tikilmiş binanın A2 korpusunda, 10-cu mərtəbədə 20 saylı, sahəsi 145.11 m2 olan üç otaqlı mənzil və 11 dekabr 2011-ci il tarixdə həmin binanın zirzəmisində, A2 korpusunda sahəsi 18 m2 olan qaraj yeri almışdır (07 saylı Müqavilə). Müqavilələrə uyğun, mənzilin və qarajın dəyərini – 71,270 manat (yetmiş bir min iki yüz yetmiş) tam olaraq ödəmişdir. Bu barədə Müqavilə, həmin tarixdə mənzilin və qarajın dəyərinin tam ödənilməsi ilə bağlı verilmiş Maliyyə Arayışları və X5 surətlərini təqdim edir). Cavabdeh MMC tərəfindən ona təqdim olunan sənədlərdə ödədiyi ümumi məbləğ qeyd olunub və qarajın hər m2-i 1944 (bir min doqquz yüz qırx dörd) AZN-dən, evin hər m2-i isə 250 AZN-dən (iki yüz əlli) hesablanıb. Bildirir ki, 2018-ci ilin mart ayında mənzilə baxmağa getdiyi zaman, qapı kilidinin sındırıldığını görmüşdür. Mənzilin içərisində heç nəyə toxunulmamışdı. Yeni kilid salıb, qayıtmışdır. Təxminən bir ay sonra - apreldə xəbər tutmuşdur ki, kilid yenidən sındırılıb. Binaya baxan adamlar söylədilər ki, sənin evinin “sahibi” gəlmişdi və dedi ki, bu ev ona satılıb. Bildirir ki, özünü mənzilin sahibi kimi təqdim edən həmin adamı tapmışdır, dedi ki, o bu mənzili 2003-cü ilin dekabrında almışdır (X3. Mobil nömrəsi: +994 50 222 10 21). Məsələni aydınlaşdırmaq üçün Cavabdeh MMCnin rəhbərliyi ilə görüşərək, bildirmişdir ki, 8 ildir ona alqı-satqı haqqında rəsmi sənədlər təqdim etmənizə baxmayaraq, 71,270 manat dəyərində maddi zərər vurmusuz. Mənəvi cəhətdən sarsılmışdır. Çox təkid etdikdən sonra həmin binanın 18-ci mərtəbəsində ona sahəsi 145 m2 olan ev təklif etdilər. Son mərtəbə olmasına baxmayaraq, razılaşdı. Sənəd istədi. Onunla 23 aprel 2018-ci il tarixdə yeni - 441 saylı Müqavilə imzaladılar. Binanın A4 korpusunda, 18- ci mərtəbədə sahəsi 145,11 m2 olan 36 saylı, üç otaqlı mənzilin bütün sənədlərini təqdim edərək, ondan əlavə 21.766 AZN (iyirmi bir min yeddi yüz altmış altı) aldılar. Bunu da mənzildə müəyyən təmir işlərinin görülməsi və qiymətlərin bahalaşması ilə əsaslandırdılar (bu barədə 441 saylı Müqavilə, evin dəyərinin tam ödənilməsi ilə bağlı verilmiş Maliyyə Arayışı və X5 surətləri təqdim olunur). Dedilər sabah mənzilin açarını götürə bilərsən. Bir gün sonra ona bildirdilər ki, mənzili verə bilmərik. Son çox əsəbi olduğundan, o sənədləri səni sakitləşdirmək üçün vermişik. Soruşmuşdur ki, bəs əlavə pul niyə aldız? Dedilər ki, “əlimizə pul gələn kimi, onu qaytaracağıq”. Məlum edir ki, o tarix elmləri doktoru, professor, X2 (İnnsbruq, Avstriya) AB akademiki, X1 (Praqa, Çexiya), Azərbaycan Yazıçılar Birliyinin, Yeni Azərbaycan Partiyasının üzvü. 36 kitab, monoqrafiya və 400-dən çox elmi əsərin müəllifidir. Hesab edir ki, XUDAFƏRİN” MMC tərəfindən ona dəyən maddi və həmçinin mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. Keçirdiyi əsəb gərginliyi hesabına səhhətində ciddi problemlər yaranıb, ağır əməliyyat keçirmişdir, müalicələri bu gün də davam edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 noyabr 2011-ci il tarixli 436 №-li müqavilənin 2.1-ci bəndinə əsasən, “İcraçı” Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllə, A2 korpus, 10-cu mərtəbə, ümumi sahəsi 145,11 kv.m, yaşayış sahəsi 79,16 kv.m olan 3 otaqdan ibarət mənzili “Alıcıya”-ya təqdim edir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsində, Yeni yaşayış binasında A2 korpusu 10-cu mərtəbə yerləşən 145,11 m2 sahəsi olan 3 otaqlı, 20 saylı saylı mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzil üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. - xx.xx.2011-ci il tarixli X5 surətindən görünür ki, İddiaçı tərəfindən 436 saylı, xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən kassaya 36278 (otuz altı min iki yüz yetmiş səkkiz ) manat pul vəsaiti təhvil verilmişdir. - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2011-ci il tarixli 07 №-li müqavilənin 2.1-ci bəndinə əsasən, icraçı tikiləcək binanın zirzəmisində yerləşən avtomobil dayanacağında A2 korpus, ümumi sahəsi 18 kv.m, olan qarajı “Alıcıya”-ya təhvil verir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən, A2 korpus, ümumi sahəsi 18 kv.m, olan qarajın müqavilətə əsasən borcu yoxdur. - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 441 №-li müqavilənin 2.1-ci bəndinə əsasən, “İcraçı” Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllə, A4 korpus, 18-ci mərtəbə, ümumi sahəsi 145,11 kv.m, yaşayış sahəsi 78,16 kv.m olan 3 otaqdan ibarət mənzili “Alıcıya”-ya təqdim edir. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsində, Yeni yaşayış binasında A4 korpusu 18-ci mərtəbə yerləşən 145,11 m2 sahəsi olan 3 otaqlı, 36 saylı saylı mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzil üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. - xx.xx.2018-ci il tarixli X5 surətindən görünür ki, İddiaçı tərəfindən 441 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən kassaya 21761,51 (iyirmi bir min yeddi yüz altmış bir manat, əlli bir qəpik ) manat pul vəsaiti təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə əvvəlcə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinə dair iddianın qanuni əsaslarını yoxlamalıdır. Məlum olduğu kimi, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və ayrılmazdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.4-cü maddəsinə əsasən, əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı və Cavabdeh MMC arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 noyabr 2011-ci il tarixdə 436 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 A məhəlləsində yerləşən, Cavabdeh MMC-yə məxsus yeni tikilmiş binanın A2 korpusunda, 10-cu mərtəbədə olan 20 saylı, sahəsi 145.11 m2 olan üç otaqlı mənzili Alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda alıcı 14 dekabr 2011-ci il tarixdə həmin binanın zirzəmisində, A2 korpusunda sahəsi 18 m2 olan qaraj yeri almışdır. Müqavilə, maliyyə arayışı, X5 surətindən görünür ki, Alıcı tərəfindən müqavilədə göstərilən mənzilin dəyəri tam ödənilmişdir. Lakin icraçı Cavabdeh MMC müqavilə üzrə mənzili və qarajı alıcıya təqdim etməmişdir. Əvəzində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 441 №-li müqavilənin 2.1-ci bəndinə əsasən, “İcraçı” Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllə, A4 korpus, 18-ci mərtəbə, ümumi sahəsi 145,11 kv.m, yaşayış sahəsi 78,16 kv.m olan 3 otaqdan ibarət mənzili “Alıcıya”-ya təhvil vermək barədə müqavilə bağlamışdır. xx.xx.2018-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderindən görünür ki, qeyd olunan müqavilə üzrə alıcı 21761,51 (iyirmi bir min yeddi yüz altmış bir manat, əlli bir qəpik ) manat pul vəsaitini kassaya təhvil vermişdir. Podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi - hazırkı halda layihə sənədlərinə uyğun olaraq qüsursuz, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, habelə mənzil sahəsi və qaraj sahəsini “Alıcı”ya təhvil verməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə əsasında podrat münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən cavabdeh iddiaçıya müvafiq mənzil və qaraj sahəsini, iddiaçı isə cavabdehə həmin sahələrin (göstərilən xidmətin) dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdeh cəmiyyət müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, İddiaçı göstərilən müqavilənin şərtləri üzrə öhdəliyin icra edilməməsinə görə maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan görülmüş xidmətin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin iddiaçıya tam və qüsursuz şəkildə göstərilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətin tam dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti icra etməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin icra edilməməsi səbəbindən dəymiş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 noyabr 2011-ci il tarixdə 436 saylı, 14 dekabr 2011-ci il tarixdə 07 saylı və xx.xx.2018-ci il tarixdə 441 №-li müqavilələr bağlanmış, cavabdeh cəmiyyət müvafiq olaraq Müqavilələrin 2.1-ci bəndinə əsasən, yeni tikilmiş binanın A2 korpusunda, 10-cu mərtəbədə olan 20 saylı, sahəsi 145.11 m2 olan üç otaqlı mənzili, həmin binanın zirzəmisində, A2 korpusunda sahəsi 18 m2 olan qaraj yerini, Bakı şəhəri, Atatürk prospekti, 3078A məhəllə, A4 korpus, 18-ci mərtəbə, ümumi sahəsi 145,11 kv.m, yaşayış sahəsi 78,16 kv.m olan 3 otaqdan ibarət mənzili təhvil verməyi öhdəsinə götürsə də müqavilənin şərtlərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC yuxarıda qeyd edilən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə ilə nəzərdə tutulan öhdəliklərini icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Beləliklə məhkəmə qeyd edir ki, Cavabdeh MMC müqavilə öhdəliyini pozduğuna görə xx.xx.2011-ci il tarixli 436 nömrəli müqavilə üzrə ödənilmiş 36278 manat, xx.xx.2011ci il tarixli müqavilə üzrə ödənilmiş 35000 manat, habelə xx.xx.2018-ci il tarixli 441 nömrəli müqavilə üzrə ödənilmiş 21766,5 manat pul vəsaitini iddiaçıya dəymiş zərərin əvəzi kimi ödəməyə borcludur. Yuxarıda göstərilən xüsusatlara əsasən, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən qeyd olunan müqavilələr üzrə 93036 manat (iddiaçının tələbi həcmində) vurulmuş zərərin əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı «03» noyabr 2008-ci il tarixli Qərarının 1, 2, 4-cü bəndlərində izah olunur ki, «…. mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında izah olunur ki, «mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuş və İddiaçı təhvil verməli olduğu mənzilləri, qaraj sahəsini ona təhvil verməmişdir. Cavabdehə müqavilə üzrə öhdəliklərini icra etməsi ilə bağlı iddiaçının müraciətləri nəticəsiz qalmış, iddiaçı xeyli pul ödəməklə daşınmaz əmlak əldə etmək niyyətində olsa da, cavabdehin öhdəliklərini pozması nəticəsində həm əmlak əldə etməkdən məhrum olmuş, həm də ödədiyi pul vəsaitləri ona geri qaytarılmamışdır. Nəticədə iddiaçı cavabdeh şirkətə o cümlədən məhkəməyə gəlib-getməyə məcbur qalmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının keçirmiş olduğu mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində vəsait tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 402 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 85 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 93036 (doxsan üç min otuz altı) manat pul vəsaiti, 300 manat vurulmuş mənəvi zərərin əvəzi və 402 manat dövlət rüsumu olmaqla, cəmi 93738 manat (doxsan üç min yeddi yüz otuz səkkiz) məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 85 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1174/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1174/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver