Məhkəmə qərarları › İş №2(005)-1187/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1187/2021

05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1187/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ona məxsus “Seat İbiza” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5880 (beş min səkkiz yüz səksən) manat məbləğində maddi ziyanın, Cavabdeh1 isə əldən çıxmış fayda əvəzinə 30 iyun 2020-ci il tarixdən hesablanmaqla hər ay üçün 500 manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 05.05.2021-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə yazlı ərizə təqdim edərək, cavabdehlər sırasından Cavabdeh1 çıxarılmasını, Cavabdeh2 avtomobilə dəymiş 5880 manat maddi ziyan və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Seat İbiza” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 iyul 2018-ci il tarixli etibarnamə ilə “xxxx” MMC-nin rəhbəri Cavabdeh1 vermişdir. Cavabdeh1 iddiaçıya məxsus həmin avtomobili 01 mart 2020-ci il tarixli icarə müqaviləsi əsasında idarə etmək üçün Cavabdeh2 vermişdir. Müqaviləyə əsasən Cavabdeh2 avtomobili bir neçə aylıq götürmüş və icarə haqqı olaraq günlük 25 manat ödəməli idi. Cavabdeh2 30 iyun 2020-ci il tarixdə ona məxsus avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür. Cavabdeh əvvəlcə avtomobilə dəymiş ziyanı tam şəkildə qarşılayacağını bildirsə də, sonradan ziyanı ödəməkdən yayınmışdır. İddiaçı ərazi üzrə Sabunçu RPİ 13-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdehi Polis bölməsinə gətirilməsi təmin olunmamışdır. Cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunaraq ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Avtomobilə ümumilikdə 5880 (beş min səkkiz yüz səksən) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı 30 iyun 2020-ci il tarixdən istifadəyə yararsız vəziyyətdə olduğu üçün avtomobildən gəlir əldə edə bilməmişdir. Belə ki, o həmin avtomobili aylıq 500 manat olmaqla icarəyə vermişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 tərəf yol-nəqliyyat hadisəsində təqsirinin olmadığını, buna görə də iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümldən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AD seriyalı, 273169 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2012-ci il buraxılışlı “Seat İbiza” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir; «Euro Style LTD» tərtib etdiyi Qüsur Aktında avtomobilin hansı detallarının təmir edilməsi və yenisi ilə əvəzlənməsi göstərilmiş, “Seat İbiza” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 5880 manat müəyyən edilmişdir. Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsini İŞ-nin 28 iyul 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; 01.03.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarədar “xxxx” MMC 2012-ci il buraxılışlı “Seat İbiza” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 müvəqqəti istifadəsinə vermiş, bu müqavilə üzrə icarəyə verilən avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasən 6500 ABŞ dolları dəyərində qiymətləndirilmiş, icarədar avtonəqliyyat istifadəsinin 1 günü üçün 25 AZN ödəməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.04.2021ci il tarixli, 9/1171 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən birinci sual üzrə nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər, ikinci sual üzrə “Euro Style” LTD tərəfindən təqdim edilmiş 04.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Seat İbiza” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4473,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; 31.08.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəlmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 2012-ci il buraxılışlı “Seat İbiza” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan qeyd edilən daşınar əmlaka (cavabdehin sahibliyində və istifadəsində olan zaman) ziyan vurulmuşdur. İş materiallarında olan «“Euro Style” LTD-nın tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Seat İbiza” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 5880 manat müəyyn edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 2012-ci il buraxılışlı “Seat İbiza” minik markalı **-NR-*** “Euro Style” LTD tərəfindən təqdim edilmiş 04.08.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Seat İbiza” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4473,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, Cavabdeh2 təqsirli və hüquqa zidd əməli nəticəsində iddiaçının mülkiyyətində olan əmlaka birbaşa zərər vurulması sübut olunur. Bununla belə, məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməli, avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən həmin rəydə göstərilmiş məbləğ əsas götürülməli, vurulmuş zərərin əvəzi qismində 4473 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 “Seat İbiza” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4473 manat tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu 30 manat iddiaçı verilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş ziyan 4473 (dörd min dörd yüz yetmiş üç) manat, ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar