Məhkəmə qərarları › İş №2(005)-1189/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1189/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1189/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə qeydiyyata düşmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ İddiaçı Cavabdeh qarşı "mənzilə qeydiyyata düşmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Cavabdeh Carullah oğlu onun həyat yoldaşıdır. Onlar 26.06.2010-cu il tarixində evləndikdən sonra ünvan 1 ünvanında birgə yaşamışlar. Cavabdeh mütəmadi olaraq içkili olmuş, evdə söz-söhbət yaradaraq dava-dalaş salmış, dəfələrlə onu döyərək fiziki zorakılığa məruz qoymuşdur. Təmizlik işləri ilə məşğul olmaqla, əziyyətlə qazandığı qəpik-quruşu belə iddiaçını döyüb-söyərək, əlindən almış və içkiyə vermişdir. Himayəsində olan yeganə azyaşlı oğlu bu faciələrin hələ də acılarını yaşayır, əqli travmalarla böyüyür. Mənzil iddiaçının qayınanasının adınadır. Qayınıgil də həmin ünvanda qeydiyyatdadır. O isə həmin evin rəsmi gəlini ola-ola həmin ünvana qeydiyyata düşüb qanuni vərəsəlik hüququna sahib ola bilmir. Dəfələrlə bu barədə etirazını bildirsə də, həyat yoldaşı, Cavabdeh Carullah oğlu onu arxayın salmışdır ki, “narahat olma, qeydiyyata düşəcəksən” Lakin yoldaşı hazırda başqa bır qadınla kənarda qeyri-rəsmi yaşadığı üçün münasibətləri pozulmuş, lakin rəsmi nikahdadılar. Hazırda onu və oğlunu yaşadıqları ünvanda tək qoyaraq, getmişdir. Cavabdehin birinci evlilikdən bır qız övladı da var və onlara da aliment ödəməkdən boyun qaçırır. Hərçənd ki, buna görə dəfələrlə qısamüddətli həbsdə olsa da, yenə alimenti ödəməkdən imtina etmişdir. Etinasızlıq və diqqətsizlik üzündən yaşadığı ünvan 2 ünvanında qeydiyyata düşə bilmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsi ilə razıdır, iddiaçının pasport qediyyatına düşməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 10.11.2011-ci il tarixdə verilmiş AZ-İ № 715323 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1820 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir; Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İddiaçı ünvanladığı 23.12.2021-ci il tarixli məktubdan görünür ki, qeydiyyata alınma ilə bağlı ərizəyə cavab verilməsi mümkün olmamış, məhkəmə orqanlarına müraciət etməsi məsləhət görümüşdür; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Nərimanov Rayon MKTB 38 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 38/646 nömrəli, 06.12.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2011-ci il tarixindən ünvan 4 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 320 nömrəli, 11.07.2014-cü il tarixli Sərəncamına əsasən M.Arif küçəsindəki 38 saylı evin, yaşayış sahəsi 31,0 kv.m olan 2 otaqlı 10 №-li mənzilinin icarə müqaviləsi vətəndaş M.A.Ramazanovanın adına bağlanılması və o, həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Ailə tərkibi 11 nəfərdən (özü, 3 oğlu, 2 gəlini, 5 nəvəsi) ibarətdir; Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 4 31.0 kv.m olmaqla X1 istifadəəsində olmuş, həmin mənzilə dair hüquqmüəyyənedicə sənəd mövcud deyil. İddiaçı cavabdeh olaraq keçmiş əri Cavabdeh göstərməklə həmin evə qeydiyyata düşmək istədiyini iddia etmişdir. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilə qeydiyyata düşməsinin hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia ərizəsi təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə cavabdeh olaraq Cavabdeh iddia tələbini qəbul etməsinə münasibətdə qeyd edir ki, cavabdehin iddianın etirafı qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etməməlidir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mənzilə qeydiyyata düşmə” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "mənzilə qeydiyyata düşmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar