Məhkəmə qərarları › İş №2(005)-119/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-119/2021

15.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-119/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı maneənin aradan qaldırılması və qarajın təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı maneənin aradan qaldırılması və qarajın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 24 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən ümumi sahəsi 26 kv.m. olan 1 №li evin 5 №li qarajı müəyyənləşdirilmiş 18 072 ABŞ dolları (30 000 manat) pay haqqını ödədikdən sonra xx.xx.2016-cı il tarixdən onun istifadə və sahibliyinə verilmişdir. Lakin, xx.xx.2016-cı il tarixdən istifadə və sahibliyində olan sözügedən qaraj xx.xx.2019-cu il tarixdə Cavabdeh MTK-ya yeni sədr (qanuni təmsilçi) təyin olundukdan sonra özbaşına hərəkətləri nəticəsində onun sahiblik və istifadəsində olan qaraj sahəsinin istifadəsinə maneələr yaradılmış, daha sonra heç bir hüquqi əsas olmadan geri alınaraq digər şəxsin istifadəsinə verilmişdir. Dəfələrlə, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən ümumi sahəsi 26 kv.m. olan 1 №li evin 5 №li qarajın geri qaytarılması təklif olunsa da, Cavabdeh MTK-nın rəhbərliyi bunu etməkdən imtina etmişdir. Bundan əlavə, cavabdeh təşkilata xx.xx.2020-ci il tarixdə pretenziya məktubu göndərilərək xx.xx.2016-cı il tarixli, 24 saylı müqaviləyə əsasən onun istifadəsində və sahibliyinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən ümumi sahəsi 26 kv.m. olan 1 №li evin 5 №li qarajı və yaxud həmin qarajın alışı üçün Cavabdeh MTK-ya ödədiyi 18 072 ABŞ dolları (30 000 manat) məbləğində pulu 5 gün ərzində geri qaytarılması təklif olunmuşdur. Yuxarıda göstərilən hallar məhz Cavabdeh MTK tərəfindən xx.xx.2016-cı il tarixli, 24 saylı müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmasından dəlalət edir və ona görə də hazırki, iddianın qaldırılmasına zərurət yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən ümumi sahəsi 26 kv.ııı. olan 1 №li evin 5 №li qaraj sahəsinin istifadəsinə Cavabdeh MTK tərəfindən yaradılan maneələrin qadağan edilməsi, sözügedən qaraj sahəsinin iddiaçıya təhvil verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh “xxxx” MTK-nın nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə etiraz təqdim edərək etirazında bildirmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 178.8-ci maddələrini qeyd etməkdə haqlı olmamışdır. Başqa sözlə, İddiaçı iddia etdiyi müqaviləni ixtiyarlı şəxslə bağlamamışdır. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd edir ki, o, "xxxx" MTK ilə xx.xx.2016-cı il tarixli. 24 saylı müqavilə bağlamış və kooperativ tərəfindən həmin müqaviləni qanuni təmsilçi (sədr) X5 imzalamışdır. Lakin qeyd etmək lazımdır ki, "xxxx" MTK 2003-cü il tarixdən təsis edilib və təsis edildikdən hal-hazıra qədər MTK-nın qanuni təmsilçisi (sədri) Vəliyev Şahin olmuşdur. Azərbaycan Respublikası Vergilər Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsindən alınmış xx xxxx 2020-ci i! tarixli məktubunda qeyd olunan məlumatlar əksini tapmışdır. Başqa sözlə, X5 adlı şəxs heç vaxt "xxxx" .MTK-nın qanuni təmsilçisi (sədri) olmamışdır. Bu səbəbdən qeyd olunan müqavilə heç bir öhdəlik yarada bilməzdi. Bundan başqa, İddiaçı iddia edir ki, qaraja görə MTK-ya 18.072 ABŞ dolları (30.000 manat) pay haqqı ödəmişdir, lakin iddiaçının tərəfindən məhkəməyə təqdim olunmuş qəbzin surətindən görünür ki,həmin qəbz "İV" Şirkətlər Qrupunun kassa mədaxil qəbzidir və Vergilər Orqanları tərəfindən müəyyən edilmiş ciddi hesabat blankında icra olunmamışdır. Eyni zamanda, müqavilədə və digər sənədlərdə icra olunmuş möhür əksi "xxxx" MTK-nın möhürü ilə eynilik təşkil etmir. Bundan əlavə, Bakı şəhər prokurorluğundan alınmış xx xxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 179.4 və 320.1-ci maddələri ilə istintaq olunmuş ********* saylı cinayət işi üzrə araşdırma aparılmış və nəticədə X5 öldüyündən Azərbaycan Respublikası CPMnin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş, eləcə də İddiaçı Dadaşov Eyvaz tərəfindən qarajın satılması xüsusatı ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Başqa sözlə, X2 edərək guya "xxxx" MTK-ya məxsus möhürdən istifadə etmiş və "xxxx" MTK-ya aidiyyəti olmayan qarajı sataraq pulunu mənimsəmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən yarımçıq qalmış tikili "xxxx" MTK-ya verilmiş və onun yerində iki bloklu yüksəkmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Daha sonra, həmin iki girişli 14 mərtəbəli yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən yaradılmış komissiya tərəfindən istismara qəbul edilməsi barədə akt tərtib edilmişdir. Bütün bu qeyd olunanlar ona dəlalət edir ki, İddiaçı iddia etdiyi Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən yaşayış evi başqa kooperativə, "xxxx" MTK-ya məxsusdur. Başqa sözlə, "xxxx" MTK əsl cavabdeh deyil. "xxxx" MTK isə özünə məxsus qaraj sahəsini başqa şəxsin istifadəsinə verərək onunla müvafiq müqavilə bağlamışdır. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək, bildirmişdir ki, qeyd edilən binada 2018-ci ildən mühafizəçidir. Əmək müqaviləsi “Rahat Yaşam MMC” ilə bağlanmışdır. İddiaçıı tanıyır. Binanın qarajında maşınını saxlayırdı. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 24№-li müqavilədən görünür ki, «Kooperativ» Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917- ci məhəllədə tikilən «xxxx» MTK-ya məxsus 1 №-li evin 5 №-li qarajını, ümumi sahəsi 26 m2 olmaqla «Payçı»ya verməyi öz üzərinə götürür. «Payçı» qarajın pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyivə son nəticədə qarajı qəbul etməyi öz üzərinə götürür. Qarajın ümumi sahəsi 26m2 təşkil edir. İş materiallarında olan “PZ” Şirkətlər Qrupunun ED 0095№-li kassa mədaxil qəbzindən görünür ki, İddiaçı 30000 manat məbləğində pulu "xxxx" MTK-ya təhvil vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən "xxxx" MTK-ya qarajı və ya 30000 manat məbləğində pulu 5 gün ərzində qeri qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2020-ci il tarixli **********722700 №-li məktubdan görünür ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə daxil olmuş "xxxx" Mənzil- Tikinti Kooperativinin (VÖEN **********) ad dəyişikliyinin olub-olmaması və qanuni təmsilçi kimi fəaliyyət göstərmiş şəxslərinə dair məlumatın verilməsi barədə müraciətə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli təsis yığıncağının protokoluna əsasən X1 sədri seçilmiş və hal-hazırda da sədrdir. Eyni zamanda bildirılmişdir ki, İdarədə olan reyestrdə Kooperativin adının dəyişdirilməsi ilə əlaqədar hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əlizadə Məsud istifadədə olan 0.11732 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində yerləşən 77.48 kv.m ümumi, 61.08 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 70 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 84 nörtırəli reyestr kitabının 7242 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakın ona cavabdeh tərəfindən satıldığını sübut edə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən əsas sübut kimi məhkəməyə təqdim edilmiş "xxxx" MTK-ya 30000 manat məbləğində pulun ödənilməsini təsdiq edən “PZ” Şirkətlər Qrupunun ED 0095№-li kassa mədaxil qəbzi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qəbzdən göründüyü kimi, qəbzin blankında "xxxx" MTK-nın deyil, “PZ” Şirkətlər Qrupunun adı qeyd edilmiş, həmçinin qəbz "xxxx" MTK-ya məxsus möhür ilə təsdiqlənməmişdir. Həmçinin xx.xx.2016-cı il tarixli 24№-li müqaviləni və qəbzi MTK-nın adından D.T.Eyvazov adlı şəxs imzalamış, qəbzdə pulun axırıncıya təhvil verilməsi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məktubu ilə sübut edilir ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli təsis yığıncağının protokoluna əsasən kooperativin sədri X3r. Qeyd edilən 30000 manat vəsaitin "xxxx" Mənzil-Tikinti Kooperativinin xəzinəsinə mədaxil edilməsi də mülki iş üzrə tədqiqi edilmiş sübutlarla təsdiq edilmədi. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas yaradır ki, müqavilə "xxxx" MTK tərəfdən imtiyazlı şəxs tərəfindən imzalanmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, alqı-satqı müqaviləsinin bağlanması nəticəsində satıcı kimi cavabdehin üzərində əşyanı təhvil vermə öhdəliyi yaranmadığından, iddiaçının həmin əmlakı cavabdehdən tələb etmək hüququ da yaranmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı maneənin aradan qaldırılması və qarajın təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı maneənin aradan qaldırılması və qarajın təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar