Məhkəmə qərarları › İş №2(005)-1195/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1195/2022

01.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1195/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1842/2018 saylı, 19.03.2018-ci il tarxli qətnaməsi ilə “azyaşlı uşağın saxlanılması üçün” 154 manat sabit pul məbləğində tutulan alimentin müəyyən edilən miqdarı dəyişdirilərək, 25.05.2014-cü il təvəllüdlü Amina adlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sabit pul məbləğində hər ay 193 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19.04.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 25.05.2014-cü il təvəllüdlü Amina adlı uşaq doğulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10.10.2016-cı il tarixli, 2(005)-8265/2016 saylı qətnaməsi ilə Cavabdeh arasında bağlanmış nikah qeydiyyatı pozulmuş, birgə nikahdan olan Amina adlı övladı onun yanında qalması müəyyən edilmiş və uşaq yetkinlik yaşına çatanadək onun saxlanılması üçün cavabdehdən hər ay 117 manat alimentin tutuması qərara alınmışdır. 2018-ci ildə mən alimentin artırılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və Nərimanov Rayonu Məhkəməsinin 2(005)-1842/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən hər ay 154 manat aliment tutulması qərara alınmışdır. Hazırda bütün mağazalarda qiymət artımı müşahidə olunur. Uşaq böyüdükcə onun xərcləri də, artır və sabit məbləğdə tutulan 154 manatla uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, iddia ərizəsində texniki səbəblərdən səhvlər olmuş, birgə nikahdan olan uşaq barədə, nikahın bağlanması və pozulması barədə məlumatlar yalnış yazılmışdır. Cavabdeh ilə birgə nikahdan olan uşağı 14.02.2010-cu il təvəllüdlü X3r. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə nikahı pozularkən məhkəmə tərəfindən 154 manat məbləğində aliment məbləği müəyyən olunmuşdur. Yanvar ayından etibarən könüllü olaraq aliment məbləğini 170 manat ödəmiş və hazırda da 170 manat məbləğini ödəməkdə davam edir. 2-ci dəfə evlidir və sonuncu evlilikdən 2 azyaşlı övladı var və əmək haqqı 780 manat təşkil edir. İddiaçı da ailə həyatı qurub və kifayət qədər gəlirləri vardır. Hazırki maddi gəlirlərində 2 azyaşlı övladını saxlamaq və iddiaçıya könüllü olaraq hər ay 170 manat məbləğində pul ödəmək kimi öhdəlikləri vardır. İddiaçının aliment artırılmasına dair müraciəti qadın qısqanclığı və onun normal həyat tərzini çətinləşdirmək, məhkəmə süründürməçiliyi kimi qiymətləndirir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 24.06.2011-ci il tarixdə ləğv edilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 14.02.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1842/2018 saylı, 19.03.2018-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 19.03.2018-ci il tarixdən başlayaraq, 14.02.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, Nərimanov Rayon Məhkəməsinin 10.10.2016-cı il tarixli, 2(005)-8265/2016 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahları 19.04.2012-ci il tarixdə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 25.05.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 06.09.2019-cu il təvəllüdlü X6 doğulmuşdur. EC-017-2022-21/02/2022 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində çalışır və əmək haqqısı əlavə ilə birlikdə, cəmi 784 manat təşkil edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 14.02.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 14.02.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək 193 (bir yüz doxsan üç) manat müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar