Məhkəmə qərarları › İş №2(005)-1205/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1205/2022

08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1205/2022 08.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 (on bir min) manat torpağın dəyəri kimi ödənilmiş pulun, 30000 (otuz min) manat pulun vurulmuş zərər və əldən çıxmış zərər kimi, 30 manat ödənilmiş rüsumun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 04 avqust 2009-cu ildə Cavabdeh1 onun Bakı şəhəri, Sabunçu rayon Maştağa qəsəbəsi Xanlar massivində yerləşən 1000 kv.m (10 sot) torpaq sahəsini 11000 (on bir min) manat ödəməklə satın almışdır. Cavabdeh1 ilə bu barədə aralarında yazılı razılaşma bağlanmış və həmin torpaq sahəsinin onun idarəçiliyinə verilməsi barədə 30 il müddətinə etibarnamə verilmişdir. Torpaq sahəsini həmin vaxt sənədləşdirmək mümkün deyildi və Cavabdeh1 sənədləşdirmə başa çatdıran kimi onunla rəsmi alqı-satqı bağlayacağını vəd edirdi. Həmin torpaq sahəsini Cavabdeh1 ona satarkən onun əri Cavabdeh2 da orada iştirak etmiş və 27 avqust 2009-cu ildə alqı-satqıya notarial qaydada təsdiqlənmiş razılıq ərizəsini vermişdir. Həmin torpaq sahəsini cavabdehlər Bələdiyyədən satın aldıqlarından onların birgə mülkiyyəti sayılırdı. Cavabdeh1 torpaq sahəsinin sahibliyinə dair iddiaçıya etibarnamə ilə bərabər həmin torpaq sahəsinin ona ayrılması barədə Bakı şəhər Sabunçu rayon Maştağa Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 707 saylı Sərəncamından çıxarışı, torpaq sahəsinin yerləşmə sxemini təqdim etmişdir. 2020-ci ilə qədər torpaq vergisini o ödəmişdir.Torpaq sahəsini iddiaçı satın alarkən sahənin ətrafı daş hasara alınmadığından bu niyyətlə 2000 ədəddən artıq daş alıb həmin sahəyə yerləşdirmişdir. Ancaq sonradan atası ağır xəstəliyə düçar olduğundan həmin hörgü işlərini apara bilməmişdir. Ancaq 18 avqust 2020-ci il tarixədək hesab etmişdir ki, həmin torpaq sahəsinin dəyərini ödədiyindən ona məxsusdur və vaxtı çatanda sənədləşdirəcək. Ancaq həmin tarixdə ona məlum olmuşdur ki, həmin 10 sot torpaq sahəsinin 0.06 ha sahəsi başqa şəxs tərəfindən zəbt edilmişdir. Xəzər rayon Polis İdarəsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə ərizə əsasında aparılmış araşdırma yekunlaşmış və mübahisənin məhkəməyə aid olması barədə ona qərar göndərilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 və onun əri Cavabdeh2 müraciət etmişdir ki, bununla bağlı məhkəməyə müraciət etsinlər və yaxud ona məhkəməyə müraciət etməyə köməklik göstərsinlər, vəkilə etibarnamə versinlər ki, həmin mübahisə məhkəmədə qaldırılsın. 2021-ci ilin may ayının sonuna qədər pandemiyanı əsas gətirməklə məni yubatmışlar ki, məsələni həll edəcəklər. Ancaq sonradan ona məlum olmuşdur ki, Cavabdeh1 və onun əri torpaq sahəsinin onlara məxsus olmadığını bildikləri halda onu aldadaraq 11000 manat vəsaitini faktiki ələ keçirmişlər. Cavabdehlər həmin torpaq sahəsinin özlərinə məxsus olmadığını bildikləri halda onunla yalançı razılaşma bağlayaraq 11000 manat pulumu əldə etdikdən sonra faktiki vəd etdiklərini ona verməmişdirlər. Həmin vaxt orada torpağın sotu 1200-1500 manat arasında dəyişirdi və hazırda orada torpağın sotu 4000-4500 manat arasında dəyişir. Torpaq sahəsinin ona aid olmasını hesab edərkən hesab edirdi ki, torpağının da dəyəri artır. Halbuki, həmin vəsaitlə o xeyli qazanc əldə edə bilərdi. 10 sot torpaq sahəsini Cavabdeh1 aşağı qiymətə satması ilə bağlı onu şirnikləndirdiyindən o da onun vədinə inanıb həmin 11000 manat vəsaiti torpağın dəyəri kimi cavabdehlərə ödəmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 ( on bir min) manat torpağın dəyəri kimi ödənilmiş pulun, 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddiaçının tələbinin tam əsassız olduğunu, torpağa dair lazımi sənədlərin təqdim edildiyini, onlar tərəfindən rəsmiləşdirmə ilə əlaqədar hər hansı pozuntuya yol verilmədiyini bildirmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 isə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazısı şəklində tərtib edilmiş razılaşmanın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsini ünvan 1 ünvanda yaşayan 1979-cu il təvəllüdlü Cavabdeh1 Tarıyel qızından 04 avqust 2009-cu il tarixdə almış və bunun müqabilində 11000 manat pul ödəmişdir. Razılaşmanı İddiaçı və Cavabdeh1 öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X3 28 avqust 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, mübahisə mülki xarakter daşıdığından mülki qaydada məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 27.12.2005-ci il tarixli 707 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. İş materiallarında olan A-İ № 08359 saylı 04 avqust 2009-cu il tarixli etibrnamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsinin üzərində ev tikməyi, torpağın və evin özəlləşdirilməsi ilə əlaqədar onun səlahiyyətli nümayəndəsi olmağı və digər bu kimi səlahiyyətləri 04 avqust 2039-cu ilədək etibar etmişdir. İş materiallarında olan 27 avqust 2007-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsinin satılmasına, bağışlanmasına razılıq vermişdir. İş materiallarında olan AZ-İ № ******* saylı nikah haqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 16.06.2005-ci il tarixdə nikahları bağlanmışdır. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsini ünvan 1 ünvanda yaşayan 1979-cu il təvəllüdlü Cavabdeh1 Tarıyel qızından 04 avqust 2009-cu il tarixdə almış və bunun müqabilində 11000 manat pul ödəmişdir. Razılaşmanı İddiaçı və Cavabdeh1 öz imzası ilə təsdiqləmişdir. A-İ № 08359 saylı 04 avqust 2009-cu il tarixli etibrnamənin surətindən görünür ki, Cavabdeh1 İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsinin üzərində ev tikməyi, torpağın və evin özəlləşdirilməsi ilə əlaqədar onun səlahiyyətli nümayəndəsi olmağı və digər bu kimi səlahiyyətləri 04 avqust 2039-cu ilədək etibar etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 27.12.2005-ci il tarixli 707 saylı sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Cavabdeh2 Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində yerləşən 1000 kv.m torpaq sahəsinin satılmasına, bağışlanmasına razılıq vermişdir. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdehlər sənədləşdirməni başa çatdıran kimi iddiaçı ilə rəsmi alqı-satqı bağlayacağını vəd etmişlər, daha sonra iddiaçı 10 sot torpaq sahəsinin 0.06 ha sahəsi başqa şəxs tərəfindən zəbt edildiyini müəyyən etdikdən sonra cavabdehlərə müraciət etsə də, onlar tərəfindən həmin məsələnin həlli ilə bağlı hər hansı hərəkət edilməmişdir. Bu səbəbdən də iddiaçı torpağı alarkən ödədiyi 11000 (on bir min) manat pulunun geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, həmin maddi ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sübutlardan da göründüyü kimi fərdi yaşayış evinin tikintisi üçün mübahisəli torpaq sahəsi Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi 27 dekabr 2005-ci il tarixli 707 nömrəli Sərəncamı ilə Cavabdeh1 ayrılmış, həmin torpaq sahəsinin satılmasına Cavabdeh2 tərəfindən razılıq verilmiş, bundan başqa mübahisəli torpaq sahəsinin torpaq vergisi İddiaçı tərəfindən ödənilməklə, torpağın alınması üçün Cavabdeh1 11000 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı vurulmuş 11000 manat məbləğində maddi ziyan ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 manat pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar