Məhkəmə qərarları › İş №2(005)-1219/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1219/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1219/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X6 Mehdi qızının katibliyi İddiaçılar İddiaçı2 və X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X1 Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X2 Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və X1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin fhüquqi şəxs kimi reyestrdə qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh ASC kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmış, iddiaçılar İddiaçı2 (VÖEN: **********) və X2 (VÖEN: **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməklə müvafiq olaraq fərdi sahibkar kimi kommersiya fəaliyyəti ilə məşğuldurlar. Bundan başqa tərəflər arasında bağlanmış mübahisə predmeti olan xx.xx.2013-cü il tarixli “X3 Müqaviləsi”nin məqsədi, habelə xx.xx.2013-cü il tarixli Kredit Limitinin Ayrılması X4 Kredit Sazişinin E bəndində kreditin verilmə məqsədinin dövriyyə vəsaitlərinin artırılması qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən proses iştirakçısı mülki işin aidiyyəti üzrə göndərilməsinə etiraz edərək, hazırki mülki işin ümumi məhkəmədə baxılmalı olduğunu bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.(bənd 12) Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.(bənd 13) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi) Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür.(bənd 17) Həmin Məcəllənin 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir.(bənd 19) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatının verilməsinə dair elektron informasiya ehtiyatından əldə olunmuş çıxarışdan görünür ki, Cavabdeh ASC kommersiya qurumu kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçılar və cavabdehlər arasındakı münasibətlər tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Bundan başqa “Elektron Məhkəmə informasiya” sistemindən əldə edilmiş çıxarışlara əsasən, iddiaçılar fərdi sahibkar kimi qeydiyyata alınmışlar. Hazırki mübahisəli olan müqavilələr isə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır, yəni həmin müqavilələr üzrə ayrılmış kredit vəsaitinin istifadəsindən qazanc əldə etməklə, vergi ödəyicisi kimi qeydiyyatdan keçmişlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 (VÖEN: **********) və X2 (VÖEN: **********) fərdi sahibkar kimi, Cavabdeh ASC kommersiya qurumu kimi qeydiyyyatda olduqlarından, tərəflər arasında olan mübahisəyə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə məhkəmədə müəyyən edilir ki, hazırki mübahisənin aidiyyəti kommersiya məhkəmələirnə aiddir. Kommersiya məhkəmələri başlıca olaraq müxtəlif hüquqi şəxslər arasında yaranan mübahisələri araşdırır. Burada “hüquqi şəxs” dedikdə, həm müxtəlif dövlət orqanları, həm mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq kommersiya xarakterli qurumlar (şirkətlər, MMC-lər, səhmdar cəmiyyətləri, idarə, müəssisə və təşkilatlar), həm də qeyrikommersiya təşkilatları (ictimai birliklər, fondlar və s.) başa düşülür. Məhkəmə, şərh olunanlara əsasən, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X1 Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1219/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar