Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1223/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: avtomobilə dəymiş ziyanın ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumi dəyəri 11,875 manat ziyanın və 126 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 08:00-da Cavabdeh idarə etdiyi Toyota Prius (hibrid) minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə S.Vurğun küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində istifadə hüququ İddiaçı məxsus Mercedes Benz V klass markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, qəza nəticəsində Mercedes Benz V klass markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi ziyan dəymişdir. Törədilən yol nəqliyyat hadisəsi zamanı ona məxsus avtomobil istismara yarasız hala düşmüşdür. Yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şənər X7 İdarəsi tərəfindən 08.12 2023-cü il tarixli, İXP5889643 nömrəli protokol əsasında tərtib olunan xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərara əsasən Cavabdeh barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə edilmə növündə tənbeh növü tətbiq edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz V klass” markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararsız hala düşməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli "X5” MMC tərəfindən “Qüsur aktı” tərtib olunmuşdur. Bu akta əsasən nəqliyyat vasitəsinin dəyən zərərin ümumi dəyəri 16,875 manat təşkil etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə avtomobilə dəyən zərərə görə xx.xx.2023-cü il tarixində siğorta şirkəti tərəfindən 5,000 manat məbləğində ödəniş edilmişdir. Dəymiş 16,875 manat zərərin 11,875 manat məbləği ödənilməmişdir. Vurulmuş zərərin ödənilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdehə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, hər hansı bir addım atılmamış, vurulmuş ziyan bu günə kimi ödənilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, hadisə baş verərəkən sürdüyü maşın da özünün olmamışdır, o avtomobili də təmir etdirmişdir. Əmək haqqından buna görə pul tutulur. Himayəsində azyaşlı uşağı vardır. Onun da ehtiyaclarını qarşılayır. Ekspert rəyi barədə məlumatlıdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - ƏN-Vİ seriyalı 237420 saylı xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, mülkiyyətçi X3 “Mercedes Benz V-klasse minik” markalı 99EN011 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olanda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və s. səlahiyyətlərini 1 il müddətinə - xx.xx.2024-cü il tarixinədək İddiaçı etibar etmişdir. - xx.xx.2023-cü il tarixli ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:00-da “Toyota Prius (Hibrid)” minik markalı 99XU384 qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Toyota Prius (Hibrid)” minik markalı 99XU384 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərara əsasən, Cavabdeh 80 manat cərimə olunmuşdur. - “X6” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mercedes” markalı 99EN011 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ehtiyat hissələri və iş nəzərə alınmaqla, cəmi 16875 manatdır. - "xxxx" Bank ASC İddiaçı bank hesabından çıxarışından görünür ki, İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 5000 manat sığorta ödənişi köçürülmüşdür. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 9/2679 saylı ekspert rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, təqdim edilmiş iş materialında olan “X5” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsür aktına əsasən 2014-cü il buraxılışlı “Mercedes Benz V klass” minik markalı, **-EN- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir, o cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16.775,00 manat edilir, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 14.295,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2.480,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 13.348,00 manat edilir, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 10.863,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2.480,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 №-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2014-cü il buraxılışlı “Mercedes Benz V klass" minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı mülki iş materiallarında olan qüsur aktı əsasında hesablanmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə tarixdə “Toyota Prius (Hibrid)” minik markalı 99XU384 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının sahibliyində olan “Mercedes Benz V klass" minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh Xəlilov X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin Cavabdeh tərəfindən ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməlidir. Məhkəmə araşdırması zaman avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 9/2679 saylı ekspert rəyindən görünür ki, 2014-cü il buraxılışlı “Mercedes Benz V klass" minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16775 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 13348 manat müəyyən edilir. Həmin rəydən görünür ki, metodika üzrə minik avtomobillərin 1 illik istismarına 2%- 6% dək aşınma nəzərdə tutulmuşdur. Bu hesaba 9 il (2014-2023) istismara təxminən 27% (9 il x 3%) amortizasiya aşınması müəyyən olunur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə rəyin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 9/2679 saylı rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, metodika üzrə minik avtomobillərin 1 illik istismarına 2%-6% dək aşınma nəzərdə tutulması, bu hesaba 2014-cü il buraxılışlı “Mercedes Benz V klass" minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomoilə 9 il (2014-2023) amortizasiya aşınması müəyyən olunması nəzərə alınmaqla, avtomobilə vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 13348 (on üç min üç yüz qırx səkkiz) manat həddində müəyyən edilməlidir. Bununla yanaşı, iş materialları ilə, habelə iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, avtomobilə dəymiş zərərə görə İddiaçı köçürülmə (ATB Bank ASC) yolu ilə 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, sığortaçı tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişi də nəzərə alınmalı, iddiaçının əmlakına vurulmuş ziyana görə 8348 (13348 – 5000 = 8348) manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 88 (səksən səkkiz) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri tərəflərə aid edilməli, Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 8348 (səkkiz min üç yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88 (səksən səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 8348 (səkkiz min üç yüz qırx səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 88 (səksən səkkiz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1223/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1223/2024
30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver