Məhkəmə qərarları › İş №2(005)-1249/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1249/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1249/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 74 (indiki ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən mənzilinin, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsini onun adından çıxarılıb oğlu X1 adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-2469/2024 saylı Qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 74 (indiki Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 123, mənzil, Zahid Xəlilov küçəsi, ev 123, mənzil 37) ünvanında yerləşən 3 otaqlı mənzi! "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli alqı- satqı müqaviləsi ilə onun adına rəsmiləşdirilmişdir Yuxarıda sözügedən mənzilin xx.xx.2012-ci tarixli, 126 saylı tikintisi haqqında fərdi müaviləyə əsasən "Podratçı" "xxxx" MTK olmuşdur. Lakin hal-hazırda həmin binaları "xxxx" MMC idarə etməkdədir. "xxxx" MMC-yə iddiaçının adına olan xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin, oğlu X1 adına keçirilməsi məqsədi ilə müraciət etdiyi zaman, ona məlum olmayan səbəbdən adına olan fərdi müqaviləni oğlunun adına keçirtməkdən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. - Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda Cavabdeh MMC tərəfindən tikilmiş “A” yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 132,66 m2 sahəsi olan 3 otaqlı, 37 mənzili “payçı”-ya təqdim etməyi öz öhdəsinə götürür. - İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda Cavabdeh MMC tərəfindən tikilmiş “A” yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 132,66 m2 sahəsi olan 3 otaqlı, 37 saylı mənzilin dəyəri tam ödənilmişdir. Qeyd edilən mənzil üzrə İddiaçı Cavabdeh MMC-yə borcu yoxdur. - İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2469/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 74 (hazırki Baki şəhəri, ünvan 3 ünvanında yerləşən 37 saylı mənzilə dair X2 ilə “Tərəqqi NK" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 74 (hazırki Baki şəhəri, ünvan 3 ünvanında yerləşən 37 saylı mənzilə dair İddiaçı ilə müqavilə bağlanması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 74 (indiki ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən mənzilinin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin dəyişdirilərək oğlu X1 adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda Cavabdeh MMC tərəfindən tikilmiş “A” yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 132,66 m2 sahəsi olan 3 otaqlı, 37 saylı mənzilin dəyəri olan 63676 manat pul məbləği X2 tərəfindən "xxxx" MTK-ya tam ödəmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2469/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 74 (hazırki Baki şəhəri, ünvan 3 ünvanında yerləşən 37 saylı mənzilə dair X2 ilə “Tərəqqi NK" MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 74 (hazırki Baki şəhəri, ünvan 3 ünvanında yerləşən 37 saylı mənzilə dair İddiaçı ilə müqavilə bağlanması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 ünvanda Cavabdeh MMC tərəfindən tikilmiş “A” yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 132,66 m2 sahəsi olan 3 otaqlı, 37 mənzili “payçı”-ya təqdim etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 7-ci bəndində qeyd edilir ki, “Payçı” tərəfindən mənzilin özgəninkiləşdiriməsi məsələsi həll edilərkən (ailə üzvləri istisna olmaqla) "xxxx"nın yazılı razılığı alınmalıdır. Göründüyü kimi, hazırda cavabdeh MMC-nin iddiaçının adına olan müqaviləni onun ailə üzvünün adına dəyişdirilməsi ilə bağlı hərəkətsizliyi tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin lazımi qaydada icra edilməməsi deməkdir. Belə olanda iddiaçı cavabdehdən qeyd olunan mənzilin alqı-satqı müqaviləsini ailə üzvünün (oğlu X1) adına rəsmiləşdirilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 35.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 112-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 117.1-ci maddəsinə əsasən, kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzilin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və iddiaçı tərəfindən mənzilin özgəninkilləşdirilməsi ilə bağlı yəni, mübahisəli müqavilənin onun ailə üzvünün adına dəyişdirilməsi ilə bağlı müqavilə şərtlərini yerinə yetirməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 (indiki ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən mənzilin xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin İddiaçı ailə üzvü X1 adına dəyişdirilməsi öhdəliyi həvalə edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.Zərdabi prospekti 74 (indiki ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən mənzilin xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin İddiaçı ailə üzvü X1 adına dəyişdirilməsi öhdəliyi həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar