Məhkəmə qərarları › İş №2(005)-1252/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1252/2025

03.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1252/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda himayəsində olan yetkinlik yaşına çatmayan 20 avqust 2008-ci il təvəllüdlü X6, 10 iyun 2012-ci il təvəllüdlü X9 və 25 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5329/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay sabit pul məbləğində hər uşaq üçün 246 manat olmaqla, cəmi 738 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada xx.xx.2010-cu il tarixdə nikahı rəsmiləşdirməklə ailə qurmuşdular. Birgə nikah dövründə 26 iyun 2006-cı il təvəllüdlü X10, 20 avqust 2008-ci il təvəllüdlü X6, 10 iyun 2012-ci il təvəllüdlü X9 və 25 oktyabr 2014-cü il təvəllüdlü X7 adında 4 uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar, mübahisələr başladı və anladılar ki, xasiyyətləri üst-üstə düşmür və xaraktercə başqa-başqa adamlardırlar. O, ailəsinin dağılmasını istəmirdi, amma birlikdə yaşamaqları da mümkün deyildi. Bu səbəbdən də nikah İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-2030/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan övladları 26 iyun 2006-cı il təvəllüdlü X10, 20 avqust 2008-ci il təvəllüdlü X6, 10 iyun 2012-ci il təvəllüdlü X9 və 25 oktyabr 2014-cü il təvəllüdlü X2 onun yanında qalması müəyyən olunmuşdur. Daha sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3008/2020 saylı qətnaməsi ilə 26 iyun 2006-cı il təvəllüdlü X10, 20 avqust 2008-ci il təvəllüdlü X6, 10 iyun 2012-ci il təvəllüdlü X9 və 25 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 100 manat olmaqla, cəmi 400 manat alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. Lakin bir müddət sonra İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 ondan alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi qət edilmişdir və hazırda da onun yanında qalır. 2022-ci il tarixdə alimentin artırılması ilə bağlı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi verdi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(005)-1570/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3008/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 579 manat pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin artırılmış miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması qət edilmişdir. Cavabdeh bundan şikayət vermişdir, şikayət qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5329/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1570/2022 saylı iş üzrə 18 may 2022-ci il tarixli qətnaməsi Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində tutulan alimentin məbləği dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin iddianı qismən təmin etməsinə səbəb isə hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, uşaqlardan birinin atanın yanında qalmasını, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alınmalı olduğunu qeyd etmişdir. Hazırda cavabdehdən çətinliklə də olsa hissə-hissə himayəsində olan 3 övladı 20 avqust 2008-ci il təvəllüdlü X6, 10 iyun 2012-ci il təvəllüdlü X9 və 25 oktyabr 2014-cü il təvəllüdlü X5 aliment ödəyir. İlk zamanlar tutulan aliment məbləği ilə çətinliklə də olsa saxlaya bildi, indi isə uşaqlar böyüdükcə həmin miqdarda olan pula uşaqlarını saxlamaq və onların artan təlabatını ödəmək çox çətindir. O, bir ana kimi uşaqlarının arzusunu həyata keçirə bilmir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Hətta bildirir ki, artıq cavabdehin himayəsində qalan xx.xx.2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, mülki iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir) (8.4-2-ci yarımbənd). Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPMin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (8.4-3-cü yarımbənd). Hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi “alimentin artırılması” tələbindən ibarət olmaqla, iddia tələbinin əsasını ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artması təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb yaşayış minimumu və əmək haqqı artımına bağlıdır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı işə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, qeyd edir ki, Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası üçün ərizə ilə həmin qətnaməni qəbul etmiş məhkəməyə icra icraatı qaydasında müraciət etmək hüququ vardır. Beləliklə, hazırkı tələbə müstəqil iddia ərizəsi əsasında məhkəmə qaydasında baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya icra icraatı qaydasında məhkəməyə ərizə vermək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 170.1 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı alimentin indeksasiyasının həyata keçirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə icra icraatı qaydasında ərizə ilə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar