Məhkəmə qərarları › İş №2(005)-1255/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1255/2024

09.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1255/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12750 manat məbləğində pulun və ödənilmiş 128 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun iş yoldaşı olmuşdur. İşlədikləri zaman cavab ona Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirərək icrarəyə verdiyini bildirmiş, ona da bu yolla pul qazanmağı təklif etmişdir. Ölkə ərazisində satış qiyməti 15000 manat olan avtomobili 12000 manata Gürcüstan Respublikasından onun üçün əldə edə biləcəyini bildirdikdən sonra o da razılaşmış, və 12000 manat pulu 2022-ci ilin mart ayında iş yerində cavabdehə vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh 20 gün ərzsində avtomobili onun üçün ölkəyə gətirməli idi. Lakin bu müddətdə avtomobili gətirməmişdir. İddiaçı 2022-ci ilin iyun ayında işdən çıxmışdır. Bu dövrdə cavabdeh ona avtomobilin gəldiyini və bu avtomobili sataraq 800 manat gəlir əldə etdiyini bildirmişdir. Bu məbləğin 300 manatını İddiaçı, 500 manatını isə Cavabdeh götürmüşdür. Bundan sonra da cavabdeh dəfərlərlə ona maşın gətirirərək satdığını bildirmiş və ona cəmi 2000 manat pul vermişdir. Bundan sonra Rəşidov X2 Rəşad Ağakişi oğlu ilə əlaqə saxlayaraq verdiyi 12000 manat pulu geri tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bu pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra cavabdeh ona yenə avtomobil gətirdiyini, lakin gömrük xərci olaraq 750 manat pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı onun səmimiyyətinə inanaraq 600 manat və 150 manat olmaqla iki ayrı ödənişlə bu pulu ona vermişdir. Lakin cavabdehin pulu qaytarmaq niyyəti olmadığını başa düşdükdən sonra Nizami rayon 23-cü Polis Bölməsinə müraciət etmiş və araşdırma zamanı cavabdeh iddiaçıya borcu olduğunu etiraf etmişdir. Eyni zamanda borcun olması cavabdehlə olan yazışmalarla da təsdiq olunur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3438/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Sonradan Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, işə mahiyyəti üzrə baxılarkən məhkəmə tərəfindən işin hərtərəfli araşdırılmadığı, təqdim edəcəkli sübutların olmasını qeyd edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 3438/2023 nömrəli qiyabi qətnamənin ləğv edilərək iş üzrə icraatın təzələnib mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1255/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3438/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahatında cavabdehə 12750 manat pul verdiyini, lakin cavabdehin bu pul məbləğini ona qaytarmadığını, yalnız həmin puldan istifadə edərək əldə etdiyi gəlirdən 4 dəfə 552 manat pul ödədiyini bildirdi və iddiasının təmin olunması xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddiaçıdan pul aldığını, sonradan ona 4 dəfə 552 manat ödəniş etdiyini, dayısının da iddiaçı ilə danışaraq qalıq pul məbləğini hissə-hissə qaytarmaq üçün razılığa gəlməyə çalışsalar da iddiaçının pulun birdəfəlik ödənməsini tələb etdiyini bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində çağırılmış X1 ifadəsində bildirdi ki, İddiaçı onun yaxın tanışıdır. Onunla birlikdə Cavabdeh yaşadığı ünvana getmiş, həmin ünvanın yaxınlığında olan kafedə görüşmüşlər və bu zaman Cavabdeh İddiaçı olan 13000 manat borcunu 2-3 günə qaytaracağını bildirmişdir. Bu görüşdən 3-4 gün sonra özünü Cavabdeh dayısı kimi tanıdan şəxs əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, bu görüşdə İddiaçı ilə birlikdə özü də iştirak etmişdir. Həmin şəxs də Cavabdeh borcunu qısa zamanda qaytaracaqlarını bildirmişdir. Lakin həmin görüşdən hazıradək keçən təxminən 8-9 aya yaxın müddətdə onlar tərəfindən heç bir hərəkət edilməmiş və əlaqə saxlamamışlar. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı və Cavabdeh yeni iş yerində işlədikləri müddətdə bir-birləri ilə tanış olmuş və Cavabdeh təklifi üçün İddiaçı tərəfindən Cavabdeh 12000 manat, daha sonra isə Cavabdeh istəyi ilə gömrük xərci adı altında 750 manat pul verilmişdir. Lakin Cavabdeh İddiaçı ilə olan razılığa uyğun hərəkət etməmiş və pul məbləğini İddiaçı tam məbləğdə geri qaytarmamışdır. Tərəfləri izahatları ilə müəyyən edilmişdir ki, cavabdehə verilmiş puldan ayrı-ayrı vaxtlarda 4 dəfə olmaqla 552 manat pul qaytarılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, İddiaçı aralarında olan razılığa əsasən əmlak əldə etmək üçün Cavabdeh pul məbləği vermiş, lakin bu pulun verilməsi üçün əsas həyata keçməmişdir, yəni əmlak İddiaçı tərəfindən əldə edilməmişdir. Buna baxmayaraq Cavabdeh bu pul məbləğini İddiaçı tam məbləğdə qaytarmamışdır, bununla da əsassız varlanmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 12750 manat pulun verilməsi işin mübahisəsiz halıdır. Bunu məhkəmə iclasında hər iki tərəf bildirmiş və mübahisələndirməmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdeh iddiaçıya 4 dəfə 552 manat pul verdiyini bildirmiş, iddiaçı da bu pul məbləğlərini aldığını qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı hesabına pul məbləği əldə etməklə əsassız varlandığı və iddiaçının tələbi ilə pulu ona geri qaytarmadığı iş materialları ilə müəyyən olunur. Məhkəmə cavabdehin əsassız varlanmasına səbəb olmuş pul məbləği ilə bağlı qeyd edir ki, cavabdehin 12750 manat pulu iddiaçıdan aldıqdan sonra ona 552 manat olmaqla 4 dəfə ödəniş etdiyi sübuta yetirilmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 2208 manat pul məbləği iddiaçı tərəfindən tələb olunan məbləğdən çıxılmalıdır. Çünki həmin məbləği geri qaytaran cavabdeh həmin məbləğ həcmində əsassız varlanmamışdır. Bu səbəbdən də Cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, İddiaçı tərəfindən tələb olunan pul məbləğindən 10542 manat pulu ona qaytarmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10542 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən iddanın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh 106,24 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10542 manat məbləğində pul, ödənilmiş dövlət rüsumuna görə 106,24 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar