Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1263/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.310 manat əsas borcun, dövlət hesabına ödədiyi 131 manat, vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar ödədiyi 220 manat və 13.310 manat pulun iki il müddətində iddiaçıya qaytarmadığı üçün hər ilə 5% olmaqla, 532,40 manat pulun, cəmi 14.193,40 manatın cavabdehdən İddiaçı xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşı oğlu X2 vasitəsilə tanıdığı, onun sinif yoldaşı və ailəvi dost münasibətində olduğu, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Cavabdeh, atası Əhmədov Şahbazın müalicəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixində ona pul lazım olduğundan Fəridlə birlikdə İddiaçı evinə gəlmişlər. Cavabdeh iddiaçıdan borc pul istəmiş, lakin iddiaçı onda nağd pul olmadığından və onun pula ehtiyacı olduğundan razılaşıb İddiaçı ümumi məbləği 2795 manat dəyərində olan, o cümlədən 10,6 qram çəkidə, 585 əyarlı 1 ədəd komplekti (2 ədəd sırğa, 1 ədəd üzük), bir cüt sırğa 6,2 qram çəkidə, bir cüt sırğa 3,9 qram çəkidə qızıl əşyalarını almış və iddiaçıya 150 manat iİkin ödəniş etmişdir. Sonra 2019-cu ilin 3 ayı müddətində, yəni aprel, may, iyun ayları üçün hər ay eyni vaxtda 100 manat ödəmişdir. xx.xx.2019-cu ildə cavabdeh İddiaçı aralarında olan inam və etibara görə yenidən 1 ədəd 27,04 qram çəkidə paxlava formalı boyun bağı, 1 ədəd firuzə qaşlı, 6,1 qram çəkidə üzük almış və 200 manat ilkin ödəniş etmişdir. Cavabdehlə aralarında 6667 manat borc yaranmışdır. İddiaçı bildirir ki, Cavabdeh ona həmin ay 400 manat ödəmiş, daha sonra xx.xx.2019-cu ildə 230 manat oğlu Kənana vermişdir. xx.xx.2019-cu ildə 230 manat işlədiyi “Qış parkı”nın yanında “Bravo Market”ə gedərkən iddiaçının özünə vermişdir. xx.xx.2019-cu ildə 200 manat oğlu Kənana vermiş və səhərisi günü də 30 manat qardaşıoğlu Fəridə verib iddiaçıya göndərmişdir. Cavabdeh xx.xx.2019-cu ildə oğlu Kənana 200 manat verib İddiaçı göndərmişdir. xx.xx.2019-cu ildə 30 manat, xx.xx.2019-cu ildə 230 manat, xx.xx.2019-cu ildə 230 manat, xx.xx.2020-ci ildə 230 manat, xx.xx.2020-ci ildə 230 manat iddiaçının oğlu Kənanın kartına ödəniş etmişdir. Cavabdeh xx.xx.2020-ci ildə iddiaçının yenidən evinə gəlmiş, onlar ümumi borcu hesablamışlar və cavabdehin 4427 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2020-ci ildə cavabdeh əlavə olaraq satıb pul əldə etmək və yaranmış borcunu qaytarmaq üçün İddiaçı əlavə qızıl əşyaları istəmişdir. Həmin vaxt İddiaçı ona müxtəlif növlü qızıl əşyaları vermiş və aralarında 10.587 manat borc məbləği yaranmışdır. Cavabdeh 2020-ci ilin mart ayında mərhum atasının qara bayramı üçün 380 manat İddiaçı nağd pul almışdır. İddiaçı 2020-ci ilin aprel ayında cavabdehin verdiyi əmək haqqı kartından onun razılığı ilə 380 manat, 2020-ci ilin may ayının 5-də 330 manat, xx.xx.2020-ci ildə 390 manat pul götürmüşdür. Cavabdeh xx.xx.2020-ci ildə mərhum atası Şahbazın vəfatının ildönümü ilə əlaqədar mərasim məclisi keçirmək üçün ona pul lazım olduğundan, İddiaçı yenidən satıb pul əldə etmək üçün 30,3 qram İtaliya istehsalı olan, 750 əyarlı 1 ədəd boyun bağını klonu ilə birlikdə almışdır. İddiaçı bildirir ki, ona inandığı üçün 583, 585, 750 əyarlı (problu) müxtəlif brilyant qaşlı qızıl əşyalarını ona vermişdir ki, problemlərini həll etsin. İddiaçı qeyd edir ki, cavabdehlə aralarında qardaşıoğlu Fəridə görə inam yaranmışdır. Aralarında olan razılaşmaya əsasən cavabdehin iddiaçıdan yenidən aldığı qızıl əşyalarına görə 4.381 manat borcu yaranmışdır. xx.xx.2020-ci ildə cavabdeh özünə aid əmək haqqı kartını yeniləyib ümumi borcunu hesablamış və həmin tarixə cəmi 17.160 manat borcu olmasını bildirmiş və yazılı surətdə yazıb, imza edib iddiaçıya vermişdir. Cavabdeh öz razılığı ilə əmək haqqı kartını ödəniş etmək üçün könüllü olaraq İddiaçı vermişdir.Cavabdeh xx.xx.2020-ci ildə 445 manat, xx.xx.2020-ci ildə 445 manat, xx.xx.2020-ci ildə 445 manat kartından iddiaçıya pul ödəmişdir. Lakin xx.xx.2020-ci il tarixində cavabdeh anasına dərman almaq üçün iddiaçıdan pul istəmiş və iddiaçı da axırıncı aldığı 445 manat puldan cavabdehin plastik kartına 100 manat ödəmiş və 345 manatı isə yenidən özünə qaytarmışdır ki, anasını həkimə aparıb müalicə etdirsin.Cavabdeh 2020-ci ilin noyabr və dekabr avlarında, hər ay iddiaçıya 150 manat pul ödəmişdir. 2021-ci ilin yanvar ayı 175 manat, fevral ayı 445 manat, mart ayı 445 manat pul ödəmiş və ehtiyacı olduğu üçün iddiaçı onun kartına 100 manat pul qaytarmışdır. Cavabdeh 2021-ci ilin aprel, may, iyun, iyul, avqust aylarında kart vasitəsilə iddiaçıya hər ay mütəmadi olaraq 250 manat pul ödəmişdir. 2021-ci ilin sentyabr ayında cavabdeh İddiaçı zəng edib bildirmişdir ki, “bibi işdə münaqişəm olduğuna görə məni işdən çıxartdılar”. xx.xx.2021-ci ildə tərəflər yenidən görüşərək, ümumi borcu hesablamışlar və cavabdeh öz xətti və imzası ilə yazıb təsdiq etmişdir ki, onun iddiaçıya xx.xx.2021-ci il tarixə 13.310 manat borcu yaranmışdır. Cavabdeh 13.310 manat borcunu etiraf etmiş və iddiaçıya demişdir ki, “pulu verə bilmirəm, iş yerində dalaşıb çıxmışam. Bir az da səbr elə, “Veysəloğlu” şirkətinə işə düzəlmişəm, yaxın vaxta işimiz qaydasına düşəcək və qalan pullarını ödəyəcəm”. Cavabdeh eyni zamanda, xx.xx.2021-ci ildə iddiaçı ilə birlikdə “Kontakt Home” mağazasına getmişdir ki, iddiaçıya olan borcundan ödəniş etmək üçün 1 ədəd soyuducunu kreditlə götürüb, İddiaçı verəcək. Lakin iddiaçı orada bilmişdir ki, cavabdehin həmin mağazaya da kreditlə telefon aldığına görə borcu yaranıb. Ona görə də, ona kreditlə soyuducu verilməyib. Sonradan iddiaçı, qardaşı oğlu Fərid və həyat yoldaşı Abbasov Rusif cavabdehə zəng etsələr də, cavabdeh hər dəfə bir bəhanə gətirərək, iddiaçıya olan 13.310 manat borcunu qaytarmaqdan imtina etmiş və telefon nömrəsini dəyişdirmişdir. İddiaçı bildirir ki, hazırda Cavabdeh iddiaçıya olan borcu 13.310 manat təşkil edir. 2 ilə yaxındır ki, cavabdeh iddiaçıya olan 13.310 manat borcunu ödəməkdən yayınır. İddiaçı hesab edir ki, 13.310 manat pul Cavabdeh məhkəmə qaydasında onun xeyrinə tutulmalıdır. Eyni zamanda, dövlət hesabına ödədiyi 131 manat, vəkil xidmətindən istifadə etməyi ilə əlaqədar ödədiyi 220 manat və 13.310 manat pulu iki il müddətində iddiaçıya qaytarmadığı üçün hər ilə 5% olmaqla, 532,4 manat pul, cəmi 14.193,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı qeyd edir ki, Cavabdeh onunla əlaqə saxladığı telefon nömrələrini söndürmüş və onun zənglərinə cavab verməmişdir. Borcunu ödəmək üçün iddiaçıya verdiyi əmək haqqı kartını da bağlatmışlar. İddiaçı bildirir ki, cavabdehin iddiaçıya qarşı olan diqqətsizliyi, hörmətsiz münasibətləri nəticəsində, ona xeyli miqdarda zərər vurmuş və 13.310 manat məbləğində aldadıb aldığı qızıl-zinət əşyalarını və onun dəyərini bu günə kimi iddiaçıya qaytarmamışdır. Cavabdeh həmin puldan 2 ilə yaxındır ki, bəhrələnir, lakin müxtəlif bəhanələr gətirərək borcunu iddiaçıya qaytarmaq istəmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, İddiaçı borcu yoxdur və iş materiallarında olan iltizamlardakı imzalar ona məxsus deyil. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, o cümlədən AZEMİS elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS-bildiriş göndərilmiş cavabdeh məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı bibisidir, cavabdeh isə onun sinif yoldaşı olmuşdur və tərəflər onun vasitəsi ilə tanış olmuşlar. İfadəsində cavabdehin İddiaçı ona məxsus qızıl-zinət əşyalarını götürdüyünü və daha sonra əvəzində yaranan borcunu qaytarmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş dəftərdən görünür ki, Cavabdeh İddiaçı ilk dəfə 28 fevral 2019-cu ildə olmaqla, 05 iyun 2020-ci il tarixədək bir neçə dəfər müxtəlif əyarda və çəkidə qızıl zinət əşyaları götürmüş, onların dəyərini hissə-hissə ödəməyə, ödəyə bilməyəcəyi halda əşyaları iddiaçıya qaytaracağı barədə yazılı iltizam vermişdir. Həmin vaxt aralığında, həmçinin 04 avqust 2021-ci il tarixdək cavabdehin ödənişləri barədə qeydlər həmçinin öz əksini tapmışdır. Son qeyd olara 18 noyabr 2021-ci il tarixdə cavabdeh iddiaçıya 13310 manat məbləğində borcunun olduğu barədə qeyd yazmış və imzalamışdır. - 2(005)-1263/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli 4/821 №-li ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh adından olan iltizamlardakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 ədə flash kartda əks edilmiş videogörüntülərdən müəyyən edilir ki, Cavabdeh müxtəlif qızıl zinət əşyalarını təqdim edərək onlrı İddiaçı götürdüyünü, dəyərini hissə-hissə qaytaracağını bildirir. Məhkəmə tərəfindən müəyyən edilən işin halları ondan ibarətdir ki, İddiaçı qardaşı oğlu X3 vasitəsilə Cavabdeh ilə tanış olmuş, sonuncu iddiaçıdan 2019-cu ilin fevral ayından başlayaraq 05 iyun 2020-ci il tarixədək bir neçə dəfə müxtəlif qızıl-zinət əşyaları almış və onların dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda yazılı iltizamla cavabdehin nağd pul formasında da iddiaçıdan borc aldığı görünür. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər həyata keçirilib. Lakin daha sonra ödənişlər aparılmayıb və cavabdeh tərəfindən 18 noyabr 2021-ci il tarixdə iddiaçıya 13310 manat borcu olması barədə iltizam verilib. Məhkəmə iclasında cavabdeh borcun şişirdilmiş olduğu və artıq ödənildiyi, iltizamdakı imzaların ona məxsus olmadığı bildirilib. Mülki işin materiallarında olan ekspert rəyi ilə imzaların cavabdehə məxsus olduğu müəyyənləşdirilib. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının qarşısında 13.310 manat məbləğində pul öhdəliyi vardır. İddiaçı həmin öhdəliyin borc münaibətlərindən yaranan öhdəlik olduğunu bildirir. Öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının hazırkı tələbi kredit müqaviləsinə deyil, “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsaslanır. Həmin müqavilənin anlayışı Mülki Məcəllənin 882-ci maddəsində verilmişdir. Tərəflərin arasında18 noyabr 2021-ci il tarixdə bağlanmış müqavilə (yazılı iltizam) “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilədir. Buula bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqı-satqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırki iş üzrə xx.xx.2021-ci il tarixli borcun etirafı müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. İddiaçı öz bildirdiklərini məhkəməyə təqdim etdiyi yazılı iltizam, flaş-kartda əks edilmiş video görüntülərlə təsdiq edir. İddiaçının təqdim etdiyi flaş-kartda olan video yazıların sübut kimi qiymətləndirilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi flaş-kartda olan video yazıları cavabdehin məlumatı olaraq aparılmışdır, tərəflərin arasında ola münasibətləri əks etdirir və onlar arasında yaranmış borc münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir. Məhkəmə iddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahid ifadəsinə münasibət bildirərək qeyd edir ki, şahid iddiaçının qardaşı oğlu olduğunu, iddiaçı ilə cavabdehi onun tanış etdiyini bildirmişdir. Şahidin bildirdikləri bu hissədə tərəflərin izahatları ilə üst-üstə düşür. Eyni zamanda məhkəmə hesab edir ki, şahid iddiaçının qohumu olduğu üçün onun ifadəsi legitim sübut hesab edilə bilməz. Buna görə məhkəmə şahid ifadəsinə mötəbər sübut növü kimi deyil, iddiaçının iddia tələbinin əsaslandırdığı dəlil kimi qiymətləndirməyi məqbul hesab edir. Məhkəmə cavabdehin etirazı ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iltizamdakı imzaların ona məxsus olmadığını bildirsə də, mülki işin materiallarında olan ekspert rəyi ilə cavabdehin etirazı təkzib edilmişdir. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəyinin hər üçünün sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Məhkəmə iddia tələbinin “gecikməyə görə illik 5 faiz hesablanmaqla iki il üçün 532,40 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı aşağıdakılarıqeyd edir. AR MM-nin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Qərarına əsasən, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Mülki işin materialları ilə cavabdehin iddiaçıya 13310 manat məbləğində borcunun olduğu, 18 noyabr 2021-ci il tarixdən etibarən ödəmədiyi öz təsdiqini tapır. Cavabdeh tərəfindən icra edilmiş iltizamdan görünür ki, o iddiaçıdan son dəfə 2020-ci ilin iyun ayında qızıl-zinət əşyaları götürmüşdür. Əvvəlki borcları ilə birlikdə borcun məbləği xx.xx.2020-ci ildə cəmi 17.160 manat təşkil etmişdir. Həmin tarixdən 2021-ci ilin avqust ayına qədər borcdan ödənişlər edilmişdir. Mülki işin materialları ilə borca faiz hesablanması halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc 18 noyabr 2021-ci il tarixdə etiraf edildiyindən, öhdəliyin icrası vaxtı da həmin tarixdən hesablanmalıdır. Beləliklə, cavabdeh 2 il ərzində öhdəliyin icrasından yayınaraq iddiaçının pul vəsaitini özzündə saxladığı üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. İstinad edilən normalara və AR Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır bə təmin edilməlidir. İddiaçıya məxsus 13310 manat məbləğində pul 24 ay ərzində cavabdeh tərəfindən qaytarılmadığına görə, əldən çıxmış fayda aşağıdakı qaydada hesablanmalıdır: 13310 x 5% /360 gün x 720 gün = 1331 manat. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 532,40 manat məbləğində pul tələb etdiyinə görə iddia tələbi həmin həcmdə təmin edilməli, cavabdehdə 532,40 manat məbləğində pul tutulmalıdır. Məhkəmə “hüquqi yardıma görə ödənilmiş 220 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində də tələbi əsaslı hesab edir. Belə ki, mülki işin materialları ilə iddiaçı tərəfindən 3 saylı Vəkil Bürosuna həmin məbləğdə ödənişin edilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13310 manat əsas borc, 532,40 manat öhdəliyin 2 il ərzində icra edilməməsinə görə borc, hüquqi yardıma görə ödənilmiş 220 manat və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, cəmi 14.193,40 (on dörd min yüz doxsan üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, cavabdeh etirazında göstərilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, şahidlərin dindirilməsi, təkrar ekspertizanın keçirilməsi və s. məsələlərlə əlaqədar vəsatət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13310 manat əsas borc, 532,40 manat öhdəliyin 2 il ərzində icra edilməməsinə görə borc, hüquqi yardım üçün ödənilmiş 220 manat, dövlət rüsumunun əvəzi olaraq 131 manat, cəmi 14.193,40 (on dörd min yüz doxsan üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1263/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1263/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver