Məhkəmə qərarları › İş №2(005)-1280/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1280/2021

27.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1280/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı X1 Mərkəzinə ödədiyi 4612.36 manat və bu günə kimi “xxxx” ASC-yə ödədiyi kredit faizlərinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları iddiaçının işlədiyi məktəbə gələrək yoxlama aparmaq istədiklərini bildirdilər. Təhsil Nazirliyinin əməkdaşlarına xx.xx.2020-ci il tarixin ana dili günü olduğundan tədbir keçirldiyini və tədbirdə iştirak etməyə dəvət etdik. Təhsil Nazirliyinin işçiləri bir saat ərzində məktəbə baxıb getdilər, iddiaçı onlardan ezamiyə vərəqlərini tələb etmiş onlar onu da təqdim edə bilməmişlər. Nazirliyin əməkdaşları gedəndən bir həftə sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 saylı X2 Mərkəzindən iddiaçını çağıraraq bildirdilər ki, dərsdən kənar fakültativ və məşğələlər 2019cu ilin sentyabrdan 2020-ci ilin fevral ayına kimi keçirilmədiyindən həmin dərslərə görə müəllimlərə ödənilən pulun iddiaçının ödəməli olduğunu bildirdilər. İddiaçı buna etraz etsədə onunla razılaşmadılar və pulu ödəməli olduğunu bildirdilər. İddiaçı maliyyə hesablaşma mərkəzinin müdrinə etirazını bidirib ordan uzaqlaşıb. Bundan sonra dəfələrlə maliyyə hesablaşma mərkəzinin əməkdaşı iddiaçıya dəfələrlə zəng edərək pulu ödəməli olduğunu bildirdi, iddiaçı pulu olmadığını və pulları müəllimlər adından və aldığları əmək haqqına görə dərs keçdiklərinin dəfələrlə bildirsədə iddiaçıya bildirmişlər ki, ya pulu ödəməlisən yada prokurorluğa müraciət edəcəklər. İddiaçı da bir Azərbaycan xanımı və bir ana kimi adının başqa orqanlarda hallanmamasını istəmədiyi üçün “xxxx” ASC-dən 5000 manat kredit götürərək qanunsuz və əsasız olaraq iddiaçının üstünə yazdıqları pulu xx.xx.2020-ci il tarixdə ödəmişdir. Bununla da Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşları iddiaçıya qanunsuz və əsasız ziyan vurmuşlar. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Təhsil Nazirliyi inzibati orqan kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılması inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X3 15.4-cü bəndində qeyd olunur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1 -ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Bununla belə iddiaçı inzibati orqanın faktiki xarakterli hərəkət və ya hərkətsizliyindən yarananan mübahisə üzrə ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 153.2, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı "pul tələbi” barədə iddia ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar