Məhkəmə qərarları › İş №2(005)-1282/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1282/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1282/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31.537 manat, 5000 ABŞ dolları məbləğində pulun və tərəfindən ödənilmiş 210 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə tədqim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.300.000 rubl və 5000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 210 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə onun arasında yaxın münasibətlər olmuşdur. Müxtəlif vaxtlarda ondan vəziyyətlərinin ağır olması ilə əlaqədar borca pullar istəmişlər. Həmin pulları isə mart ayına kimi guya evlərinin satılacağı və bundan sonra pulu ödəyəcəkləri bildirilmişdir. Lakin dəfələrlə onu aldadaraq verdiyi pulları ödəməkdən imtina etmişlər. Cavabdehlərə verdiyi pulları sübut edən dəlillər “WhatsApp” mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazıları və ödədiyini təsdiq edən qəbzlərdir. Həmin qəbzlərin çox az bir hissəsi digər şəxslərin adınadır. Bunun səbəbi də onun kartında problemlərin olması olmuşdur. Özü bildirmişdir ki, o kartlara ödəniş etsin. Onlara ödədiyi məbləğ ümumilikdə 1 milyon üç yüz min rubl (31.624.660 AZN) və 5000 (8500 AZN) dollar təşkil edir. Bu pulları götürdüklərini təsdiq edən səs yazıları da var. Həmin səs yazılarının 1-ci hissəsində Cavabdeh1 pulu aldığını və bütün pulu qaytaracağını etiraf edir. 5000 dolllarla bağlı hissəni isə anası həmin səs yazılarının 1-ci hissəsində etiraf edir və ödəyəcəyini bildirir. Cavabdehlər tez bir zamanda götürdükləri borcu qaytaracaqlarına söz versələr də, bu günədək həmin məbləği qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətiriərək, pulu ödəməkdən yayınmışlar. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Sber Bank”-ın 15 noyabr 2021-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 60 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 14 fevral 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 50 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 08 may 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aida İ. adına olan hesaba 10 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 18 oktyabr 2021-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 15 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 18 oktyabr 2021-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 30 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 19 oktyabr 2021-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 20 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 18 oktyabr 2021-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 20 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 14 mart 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 20 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 05 mart 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 30 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 24 fevral 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aliyeva Yeyhuna adına olan hesaba 25 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 15 fevral 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Rauf İbrahimov adına olan hesaba 50 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 12 fevral 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Namiq Qəhraman oğlu Q. adına olan hesaba 150 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 08 fevral 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Rauf Fəraiz oğlu İ. adına olan hesaba 50 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 14 fevral 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 50 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 15 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Elsevən Əliyev adına olan hesaba 138 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 21 oktyabr 2021-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 51 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 02 noyabr 2021-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 49 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 03 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 25 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 06 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aydan Rauf qızı İ. adına olan hesaba 10 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 15 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Rauf Fəraiz oğlu İ. adına olan hesaba 12 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 10 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Elsevən Əliyev adına olan hesaba 150 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 26 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Farid Babayev adına olan hesaba 45 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 22 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aliyeva Yejhuna adına olan hesaba 10 000 rus rublu göndərilmişdir; “Sber Bank”-ın 21 yanvar 2022-ci il tarixli onlayn çekindən görünür ki, X1 tərəfindən Aliyeva Yejhuna adına olan hesaba 10 000 rus rublu göndərilmişdir; İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə olan səs yazılarından, cavabdehlərin çətin vəziyyətdə olduqlarını və ondan başqa kömək istəyəcək kimsələrinin olmadığını bildirməklə iddiaçıdan borc istədikləri, habelə borcun məbləğinə dair etiraflar etdikləri və iddiaçıdan möhlət istəməklə borclarını qaytaracaqlarına dair ona vədlər verdikləri müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halından göründüyü kimi, iddiaçı, məhz pul göndərişlərinə dair çeklərə və cavabdehlərə aid səs yazılarına istinad etməklə, vəziyyətlərinin ağır olması ilə əlaqədar ondan borc pul istəyən cavabdehlərə mart ayına kimi qaytarmaq şərti ilə ümumilikdə 1.300.000 rus rublu və 5000 manat verdiyini, 5000 manatın əvəzində isə 5000 ABŞ dolları qaytaracağını vəd etdiyini, pulları cavabdehlərin kartlarında problemlərin olması səbəbindən onların xahişi ilə digər şəxslərin adına olan kart hesablarına göndərdiyini, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdehlərin həmin borcun qaytarılmasından yayındıqlarını əsas gətirərərək hazırki iddia tələbini irəli sürmüşdür. Yuxarıda göstərildiyi kimi, mülki işin materiallarından iddiaçının bank vasitəsi ilə cavabdehlərin hesabına ayrı-ayrı vaxtlarda xarici valyutada olan pul vəsaitləri göndərdiyi müəyyən edilmişdir. Həmin vəsaitlərin bir qismi hazırkı mübahisəyə aid olmayan şəxslərin adına göndərilmişdir. İddiaçı bunun cavabdehlərin kartlarında problem olması səbəbindən onların göstərişi ilə edildiyini bildirmişdir. Qeyd edildiyi kimi, iddiaçının təqdim etdiyi CD-də olan səs yazılarından cavabdehlərin çətin vəziyyətdə olmaları səbəbindən iddiaçılar onlara borc verməyi xahiş etdikləri müəyyən edilir. Həmin CD-dəki “3333333” faylda olan “AUDİO-2022-11-21-09-21-33 (3)” adlı 148 kb ölçülü 11 saniyədən ibarət səs yazısında iddiaçının cavabdehlərdən Cavabdeh1 “deyəsən sənin kartın limitə düşüb” deməklə ondan başqa kart istədiyi, adı çəkilən cavabdehin isə həmin faylda olan “AUDİO-2022-11-21-09-21-32 (3)” adlı 224 kb ölçülü 21 saniyədən ibarət səs yazısında “kartının limitə düşdüyünü”, “AUDİO-2022-11-21-09-21-33 (2)” adlı 124 kb ölçülü 8 saniyədən ibarət səs yazısında isə “başqasına perevod (köçürmə) edərək etməyin mümkün olduğunu” bildirdiyi müəyyən edilir. Göstərilənləri ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə iddiaçının qeyd edilən dəlillərini əsaslı hesab edir. Bu səbəbdən hazırkı mübahisəyə aid olmayan şəxslərin adına göndərilən ödənişlərin də həqiqətdə Cavabdeh1 göndərilmiş olduğunun sübuta yetirildiyi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər borc (kredit) müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyərək iddiaçıdan aldıqları borc məbləğini ona geri qaytarmamışlar. Məhkəmə cavabdehlərdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar isə aşağıdakıları qeyd edir. İddiaçının təqdim etdiyi CD-dəki “1111111” faylda olan “AUDİO-2022-11-21-09-21- 47” adlı 626 kb ölçülü 1 dəqiqə 13 saniyədən ibarət səs yazısında cavabdehlərdən Cavabdeh1 iddaçıya “1 300 000 rus rublu borcunun olduğunu” etiraf etdiyi müəyyən edilir. Həmin CD-dəki “5555555” fayldakı “AUDİO-2022-11-21-09-21-55 (4)” adlı 648 kb ölçülü 1 dəqiqə 16 saniyədən ibarət səs yazısında iddiaçının cavabdehlərə “başqalarından pul alaraq onlara 5000 manat pul verdiyini”, “aldığı pulu vaxtında çatdıra bilməsə 5000 manatın 5000 ABŞ dolları olacağını” dediyi, “5555555” fayldakı “AUDİO- 2022-11-21-09-25-04 (4)” adlı 210 kb ölçülü 19 saniyədən ibarət səs yazısında Cavabdeh2 “pulu qəpiyinə qədər ödəyəcəklərini”, “5000 manatın 5000 dollar olmayıb?!, onu da mən ödəyəcəm” bildirdiyi aydın şəkildə görünür. İddiaçı cavabdehlərdən iddia ərizəsində qeyd edilən məbləğin tutulmasını xahiş etsə də məhkəmə hesab edir ki, iddia hər bir cavabdehə münasibətdə təqdim edilmiş sübutlara (səs yazılarına) müvafiq olaraq etiraf etdikləri məbləğə uyğun hissədə təmin edilməlidir və həmin məbləğin iddia ərizəsi ilə əhatə olunduğu nəzərə alınarsa bu hal iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya 1 300 000 rus rublu borcunun olduğunu etirafı nəzərə alınaraq Cavabdeh1 iddiaçı ilə aralarında olan borc müqaviləsi üzrə 1 300 000 rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 isə 5000 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Cavabdeh2 iddiaçıya 5000 ABŞ dollarını ona qaytaracağını bildirməsinə baxmayaraq, həqiqətdə iddiaçının ona pulu ABŞ dollarında deyil, Azərbaycan manatı ilə vermiş olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqdan sui-istifadə ilə bağlı hüquqi mövqeyinə görə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021-ci il tarixli Qərar). Həmçinin qeyd olunmalıdır ki, hazırki iş üzrə iddiaçı, Cavabdeh2 5000 manat pulu verməsinə görə başqa şəxsə faizlər ödəməli olduğunu, bununla da zərərə düşdüyünü, borcun faizlər ilə verilməsini şərtləşdirdiklərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də iddia ərizəsində zərərin əvəzinin ödənilməsini və ya gecikdirilmiş vaxt üçün faiz ödənilməsini tələb etməmişdir. İddiaçının təqdim etdiyi CD-də olan səs yazılarının sübut kimi qiymətləndirilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, səs yazısından sübut kimi istifadə edilməsinin mümkünlüyü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12 aprel 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında telefon danışıqları və yazışmalardan sübut kimi istifadə edilməsi ilə bağlı ifadə edilmiş hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi səs yazısının tərəfin şəxsiyyəti ilə bağlı olan dəyərləri ilə əlaqədar olduğu hallarda onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyini müəyyən edir. Həmçinin başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi yolveriləndir. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi CD diskdə olan səs yazıları iddiaçı ilə cavabdehlər arasında olan danışıqları əks etdirir və onlar arasında yaranmış borc münasibətləri ilə bağlıdır. Bu səbəbdən həmin sübuta istinad edilməsi qanunvericiliklə yolveriləndir. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1 300 000 rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 isə 5000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 210 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 1 300 000 (bir milyon üç yüz min) rus rublu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), digər Cavabdeh2 5000 (beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumuna görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar