Məhkəmə qərarları › İş №2(005)-1298/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1298/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1298/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 150 manat 48 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 320 manat 88 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx xxxxxx 2005-ci il tarixli, TR 057 saylı və xx xxxxxx 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar tərəfindən İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulma hallarına da rast gəlinir. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 82 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, mənzil 7 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2018ci il tarixinədək etmiş və müqavilə münasibətlərinə son qoyularaq həmin ünvan xx.xx.2018ci il tarixdə 11 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2019-cu il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini aktı İmzalamamış, bu barədə 7768 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 (doqquz) manat «xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixə qədər olan müddət 456 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaqla müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 150 manat 48 qəpik təşkil edir. Bundan əlavə İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçı MMC-nin (“K@TV1”) nümayəndəsi X7 xx.xx.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək işə iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC “K@TV1”-in əməkdaşı X5, “Ədalət-A” hüquq firmasının əməkdaşı X4 və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı X3 tərəfindən tərtib olunan İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 7768 N saylı, xx xxxxxx 2019-cu il tarixli aktın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 58, mənzil 7 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısının döyüldüyü, qapının açılmadığı və aktın surətinin mənzilin qapısına qoyulduğu qeyd edilmişdir; İddiaçı MMC-nin (“K@TV1”) xx xxxxxx 2020-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 58, mənzil 7 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx xxxx 2007-ci il tarixində bu ünvan “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx xxxx 2018-ci il tarixinədək isə son ödəməsini edib. xx xxxxxx 2018-ci il tarixində 11 manat borc ilə şəbəkədən ayrılıb; 82 saylı MKİS-nin xx xxxxxx 2019-cu il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 58, 7 saylı mənzildə qeydiyyatdadırlar; xx xxxxxxx 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 150 manat məbləğində pul ödənilmişdir; Mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehə məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 58 saylı evin, 7 saylı mənzilini “K@TV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulma ilə bağlı müqavilə bağlanmış, həmin mənzil üzrə xx xxxx 2018-ci il tarixində son ödəmə edilmiş və xx xxxxxx 2018-ci il tarixində 11 manat borc ilə abonent şəbəkədən ayrılmışdır. İddiaçı hazırki iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC “K@TV1”-in, “Ədalət-A” hüquq firmasının əməkdaşları və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı tərəfindən tərtib olunan xx xxxxxx 2019-cu il tarixli akta əsasən yuxarıda qeyd olunan ünvanda “K@TV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Buna görə də iddiaçı vurulmuş zərərin əvəzinin və digər xərclərin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 7768 N saylı, xx xxxxxx 2019-cu il tarixli akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. İddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar