Məhkəmə qərarları › İş №2(005)-13/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-13/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-13/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh (bundan sonra 1-ci cavabdeh) Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə, Birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh (bundan sonra 2-ci cavabdeh) Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən mənim əmlakıma vurulmuş 16250 manat (on altı min iki yüz əlli manat) məbləğində ziyan Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 himayəsində olan İ dərəcə əlliliyi olan anası ilə yuxarıda qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, mənzil Ə23-də yaşayır. Yaşadığı mənzil ikinci mərtəbədə yerləşir və bu mərtəbədə onunla qonşuluqda yerləşən 924 nömrəli mənzildə Cavabdeh1 yaşayır ki, onun tərəfindən edilən ehtiyatsız hərəkətlər (ehtiyatsız davranış, mənzildə kənar şəxslərin yaşaması, mənzilin kirayə verilməsi və s.) nəticəsində ötən dövr ərzində müxtəlif vaxtlarda iddiaçının mənzili qonşu tərəfdən dəfələrlə suya basılmışdır. İlk dəfə mənzilinin suya basılması baş verəndə Cavabdeh1 bu barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmiş, binaya xidmət göstərən “Klasskom 2011" MMC-nin rəhbərliyinə bu barədə iddiaçı tərəfindən məlumat verilmiş, mənzilinə baxış keçirilmiş və həqiqətən də mənzilinin yanaşı (bitişik) 924 nömrəli mənzildən suya basıldığı məlum olmuşdur. Bildirir ki, onun mənzili yüksək təmirli bir mənzildir ki, ümumilikdə yan 924 və üst 927 nömrəli mənzillərdən mənzili 15 dəfə suya basılmış və hər dəfə yan 924 nömrəli mənzildən suya basılarkən dəhliz və yataq otağının divarları, eləcə də döşəmə yararsız hala düşdüyü üçün onların və tavanın tam təmir edilməsinə ehtiyac yaranmışdır. Hətta bu səbəbdən mənzilinin tam təmir edilməsinə ehtiyac yaranmışdır. Bu səbəbdən də təmir xərcləri əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Cavabdehin ona vurduğu maddi ziyan hər dəfə əvvəlkindən daha yüksək olmuş, ona edilən xəbərdarlıqdan nəticə çıxarmamışdır. Bəzi hallarda təmir işləri tamamlanandan az sonra bu hallar baş vermiş, beləliklə iddiaçının öz mənzilində yaşamaq imkanları cavabdehin məsuliyyətsizliyi ucbatından məhdudlaşmış, himayəsində olan İ qrup əlliliyi olan anası ilə başqa yerdə yaşamaq məcburiyyətində olmuşdur. Anasının İ qrup əlilliyi olan şəxs olması və iddiaçının himayəsində olması barədə müvafiq arayış təqdim olunur (xx.xx.2021-ci il tarixli 107 №-li arayış). Hər dəfə mənzili suya basılanda 102 qaynar xəttə və Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar aidiyyəti qurumlardan gələn nümayəndələr mənzilinin suya basıldığının şahidi olmuş və bununla əlaqədar olaraq bir sıra hallarda binaya xidmət göstərən "xxxx" MMC tərəfindən xx.xx.2019-ci il tarixli № 116, xx.xx.2019-cu il tarixli № 133, xx.xx.2019-cu il tarixli № 137, xx.xx.2020-ci il tarixli № 32, xx.xx.2021-ci il tarixli № 99 aktlar tərtib edilmişdir (əlavə olunur). İddiaçı bildirir ki, abır- həyasını gözləyərək digər suya basılma halları ilə bağlı akt tərtib edilməsini tələb etməmişdir. “Klasskom 2011" MMC-nin və Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən mənzilinin suya basılması ilə bağlı cavabdehə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh mənzilinin suya basılması hallarının qarşısını alan tədbirləri görməmiş, bu hallara biganə yanaşmış, yalnız bir dəfə qardaşı Adil Məmmədova 1000 (min) manat pul vermiş, bundan sonra təkrar 2 dəfə dəhlizi və yataq otağını suya vermişdir. Yaşadığı mənzilin suya basılması, mənzilin nəm olması himayəsində olan İ qrup anasının xəstəliyini, ona çəkilən tibbi xərcləri artırmış, mənzili təmir edilən dövrdə anası ilə başqa yerdə yaşadığı üçün əlavə xərcləri yaranmış, təmirə çəkilən xərclər isə iddiaçını müflisləşdirərək borc içində yaşamaq səviyyəsinə çatdırmışdır. Təqdim edilən aktlara əsasən mənzilinin ən azı 5 dəfə suya basılması, hər dəfə ən azı 15 kv.m mənzil sahəsinin iddiaçı tərəfindən təmir edildiyi və 1 kv.m təmir sahəsinə çəkilən xərclərin orta bazar qiymətinin 230 manat olduğu nəzərə alınaraq, cavabdeh iddiaçının əmlakına üst-üstə 17250 manat (15 kv.m x 230 manat x 5 dəfə = 17250 manat) maddi ziyan vurmuşdur ki, cavabdeh tərəfindən könüllü olaraq 1000 manat qaytarıldığı üçün iddia tələbi 16250 manatdır. Daha sonra İddiaçı Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən iddiaçının əmlakına vurulmuş 17250 manat məbləğində ziyanın Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X4 himayəsində olan İ dərəcə əlliliyi olan anası ilə yuxarıda qeyd edilən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, mənzil 923-də yaşayır. Yaşadığı mənzil ikinci mərtəbədə yerləşir və bu mərtəbədən yuxarıda üçüncü mərtəbədə yerləşən 927 nömrəli mənzildə Cavabdeh2 yaşayır ki, onun tərəfindən edilən ehtiyatsız hərəkətlər (ehtiyatsız davranış, mənzildə kənar şəxslərin yaşaması, mənzilin kirayə verilməsi və s.) nəticəsində ötən dövr ərzində müxtəlif vaxtlarda mənzilinin dəhlizinin tavanı və hamam otağı yuxarı mərtəbədən dəfələrlə suya basılmışdır. İlk dəfə mənzilinin suya basılması baş verəndə Cavabdeh2 bu barədə tərəfimdən xəbərdarlıq edilmiş, binaya xidmət göstərən "xxxx" MMC-nin rəhbərliyinə bu barədə iddiaçı tərəfindən məlumat verilmiş, mənzilinə baxış keçirilmiş və həqiqətən də mənzilinin yuxarı mərtəbədə yerləşən 927 nömrəli mənzildən suya basıldığı məlum olmuşdur. Bildirir ki, iddiaçının mənzili yüksək təmirli bir mənzildir ki, hər dəfə mənzili suya basılarkən vanna otağının, dəhlizin tavanları və divarları, eləcə də dəhlizdə döşəmə yararsız hala düşdüyü üçün onların tam təmir edilməsinə ehtiyac yaranmışdır. Hətta bu səbəbdən mənzilinin tam təmir edilməsinə ehtiyac yaranmışdır. Bu səbəbdən də təmir xərcləri əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Cavabdeh iddiaçıya vurduğu maddi ziyanla bağlı könüllü olaraq heç bir xərc çəkməmişdir. Hər dəfə onun iddiaçıya vurduğu ziyan əvvəlkindən daha yüksək olmuş, ona edilən xəbərdarlıqdan nəticə çıxarmamışdır. Bəzi hallarda təmir işləri tamamlanandan az sonra bu hallar baş vermiş, beləliklə iddiaçının öz mənzilində yaşamaq imkanları cavabdehin məsuliyyətsizliyi ucbatından məhdudlaşmış, himayəsində olan İ qrup əlliliyi olan anası ilə başqa yerdə yaşamaq məcburiyyətində olmuşdur. Anasının İ qrup əlilliyi olan şəxs olması və iddiaçının himayəsində olması barədə müvafiq arayış təqdim olunur (xx.xx.2021-ci il tarixli 107 №- li arayış). Hər dəfə mənzili suya basılanda 102 qaynar xəttə və Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar aidiyyəti qurumlardan gələn nümayəndələr mənzilinin suya basıldığının şahidi olmuş və xidmət göstərən "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixli № 32a, xx.xx.2020-ci il tarixli № 33, xx.xx.2020-ci il tarixli № 54, xx.xx.2020-ci il tarixli № 213a, xx.xx.2021-ci il tarixli № 99 aktlar tərtib edilmişdir (əlavə olunur). Abır-həyasını gözləyərək digər suya basılma halları ilə bağlı akt tərtib edilməsini tələb etməmişdir. "xxxx" MMC-nin və Nərimanov rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən mənzilinin suya basılması ilə bağlı cavabdehə edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh mənzilinin suya basılması hallarının qarşısını alan tədbirləri görməmiş, bu hallara biganə yanaşmışdır. Yaşadığı mənzilin suya basılması, mənzilin nəm olması himayəmdə olan İ qrup anasının xəstəliyini, ona çəkilən tibbi xərcləri artırmış, mənzili təmir edilən dövrdə anası ilə başqa yerdə yaşadığı üçün əlavə xərcləri yaranmış, təmirə çəkilən xərclər isə iddiaçını müflisləşdirərək borc içində yaşamaq səviyyəsinə çatdırmışdır. Təqdim edilən aktlara əsasən mənzilinin ən azı 5 dəfə suya basılması, hər dəfə an azı 15 kv.m mənzil sahəsinin tərəfimdən təmir edildiyi və 1 kv.m təmir sahəsinə çəkilən xərclərin orta bazar qiymətinin 230 manat olduğu nəzərə alınaraq, cavabdeh iddiaçının əmlakına üst-üstə 17250 manat (15 kv.m x 230 manat x 5 dəfə = 17250 manat) maddi ziyan vurmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-115/2022 nömrəli qeydiyyat nömrəsində olan mülki iş həmin məhkəmənin icraatında olan 2(005)-114/2021 nömrəli qeydiyyat nömrəsində olan mülki işə birləşdirilməsi, birləşdirilmiş iş üzrə 2(005)-114/2021 qeydiyyat nömrəsi saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, bildirdi ki, iddia tələbi heç bir hüquqi əsası söykənmir. Maddi ziyanın mövudluğu, eləcə də həmin ziyanın cavabdehlərə aid olması faktı öz təsdiqini tapmamışdır. Ekspert rəylərində də maddi ziyanın cavabdehlərə hansı hissələrdə aid olması sübut olunmamışdır. Hesab edir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin, iddiaçı iddia ərizəsində hansı zərərin hansı cavabdeh tərəfindən vurulmasına istinad etməmişdir. İddiaçı ərizədə mənzilə suyun axıdılması faktına və təqdim edilən aktlara əsasən 50 sm dərinlikdə su axıdılması nəticəsinə istinad etsə də, bu mücərrəd haldır və texniki cəhətdən baş verməsi mümkün deyil. Eyni zamanda Cavabdeh1 yan qonşu olduğundan, su axıdılması yalnız trapesiya qaydasında mümkündür ki, iş materialları ilə bu hal da sübut olunmur. Digər tərəfdən binanın ana xəttindən su axıdılması ehtimalı olsa belə, bu hal üzrə məsuliyyəti mənzil sahibi deyil, tikinti şirkəti daşıyır. Bundan əlavə, ekspert rəylərinin heç biri həqiqəti əks etdirmədiyindən sübut növü kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyində istinad olunan aktlar da qarışdırılaraq, digər cavabdehə məxsus akta istinad edilməklə təmsil etdiyi şəxsə münasibətdə ziyan hesablanması müəyyən olunmuşdur. Həmçinin, təmsil etdiyi şəxsin aktına istinad edilməklə digər cavabdehə münasibətdə ziyan hesablanmışdır. İddiaçı mənzilinə dəfələrlə ziyan dəydiyini bildirsə də, bu ziyanın məbləği hər dəfə eyni məbləğdə ola bilməz. Halbuki ekspert rəyində bu fakt ehtimal nəzəriyyəsinə əsasən, eyni məbləğ hər ziyana münasibətdə vurulmaqla hesablanmışdır ki, bu da ağlabatan deyil. Başqa sözlə, hesablama mexanizmi də düzgün müəyyən edilməmişdir. Həmçinin, iş materiallarında hansı təmirə nə qədər xərc çəkilməsini göstərən sübutlar da mövcud deyil. Bundan başqa, saxta aktlar tərtib etmiş şəxslər barəsində məsuliyyətin müəyyən edilməsi üçün xüsusi qərardad qəbul edilməsini də məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, ekspert rəyində bir şəxsə aid olan aktdan digər şəxsə münasibətdə zərərin hesablanması zamanı istifadə edilmişdir ki, bu ekspert rəyinin düzgünlüyünü istisna edir. Həmçinin, rəyin nəticə hissəsində təmsil etdiyi şəxsə məxsus kanalizasiya borularında baş verən xəta nəticəsində 923 saylı mənzilə dəymiş ziyana görə həmin mənzilin sahibi tərəfindən "xxxx" MMC-nin aktına əsasən, təmir işlərinin aparıldığı müəyyən edilmişdir. Həmin aktda isə yalnız çıl-çıraqda sızma və hamamın islanması qeyd olunmuşdur ki, bunun əsasında bütün mənzilin təmir olunmasının cavabdehlərin üzərinə qoyulması ağlabatan və düzgün mövqe deyil. Həmçinin, müstəqil ekspertizanın təyin olunması mübahisənin obyektiv araşdırılmasına yönəlsə də, iddiaçının bu ekspertizanın həyata keçirilməsinə şərait yaratmaması da cavabdehin lehinə müəyyən olunan məsələdir. Çünki, ziyanın vurulması qəbul olunduğu təqdirdə belə, hansı ziyanın hansı cavabdeh tərəfindən vurulması aydın deyil. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbləri aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən tərtib edilmiş və mühəndis X6, nəzarətçi X5 və İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktdan görünür ki, aşağıda imza edənlər, mühəndis X6, 10 saylı binanın nəzarətçi X5, 28 04.2021 tarixdə 923 №-li mənzil sahibi İddiaçı iştiraki ilə mənzilə baxış keçirilmiş, əvvəllər qonşu mənzillərdən su sızıltısı zamanı yaranan ziyanın aradan götürülməsi və təmiri başa çatdırılması ev sahibi tərəfindən aparılmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş və nəzarətçi X5, santexnik X7 və İddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktdan görünür ki, aşağıda imza edənlər bina 10, mənzil 923-də yaşayan İddiaçı həmin binanın nəzarətçisi X5, santexnik X12 oälu təsdiq etmişlər ki, Cavabdeh1 məxsus olan 924-də mənzilin hamam hissəsində su xəttində baş verən xəta nəticəsində yan qonşusu 923-də mənzilin arakəsmə divarından su sızması baş vermişdir. Öncədən 924 N-li mənzildən sızma nəticəsində 923 mənzildə təmir işləri aparmışdır. Hal-hazırda ziyan dəymiş mənzilin təmirə ehtiyacı var. "xxxx" MMC tərəfindən tərtib edilmiş və nəzarətçi X5, santexnik X7 və İddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktdan görünür ki, aşağıda imza edənlər bina 10, mənzil 923-də yaşayan İddiaçı, həmin binanın nəzarətçisi X5, santexnik X7 təsdiq etmişlər ki, Cavabdeh1 məxsus olan 924-də mənzilin hamam hissəsində su xəttində baş verən xəta nəticəsində yan qonşusu 923-də mənzilin arakəsmə divarından ardıcıl su sızması baş vermişdir. Öncədən 924 N-li mənzildən sızma nəticəsində 923 mənzildə təmir işləri aparmışdır. Hal-hazırda ziyan dəymiş mənzilin təmiri ehtiyacı var. "xxxx" MMC tərəfindən tərtib edilmiş və nəzarətçi X5, santexnik X7 və İddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktdan görünür ki, aşağıda imza edənlər bina 10, 923-də yaşayan İddiaçı, həmin binanın nəzarətçisi X5, santexnik X7 təsdiq etmişlər ki, Cavabdeh1 məxsus olan 924-də mənzilin hamam hissəsində arakəsmədən 923 N-li mənzilə su axması davam edir. Bir-neçə dələ xəbərdarlıq edilməsinə baxmayaraq daxam edir. Bu gün ki tarixə kimi heç bir tədbir görməyib suyu tamamilə dayandırılmışdır. Halhazırda ziyan dəymiş mənzilin təmiri ehtiyacı var. "xxxx" MMC tərəfindən tərtib edilmiş və mühəndis X6, nəzarətçi X5 və İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli aktdan görünür ki, aşağıda imza edənlər direktor X3, mühəndis X6, nəzarətçi X5 xx.xx.2020 tarixində 10 saylı binanın, mənzil 923nin sakini İddiaçı şikayətinə baxılaraq evində baxış keçirilmişdir. Baxış zamanı yataq otağının arakəsmə divarında döşəmə səviyyəsindən 50-60 sm hündürlükdə nə vaxtsa 924 mənzilin mətbəxindən su sızıntısı olmuşdur. Sonra quruma baş vermişdir. Ev sahibi xx.xx.2019 tarixdən evdə olmamış, xx.xx.2020 tarixdə evinə gəlmişdir. Şikayəti əsasında xarab olan yerlərin şəkilləri də çəkilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 923 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/7055 nömrəli, 20 noyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 saylı evin 924 saylı mənzilinin hamam hissəsində su xəttində, eləcə də Cavabdeh2 məxsus mənzilin kanalizasiya borularında baş verən xəta nəticəsində 923 saylı mənzilə su axıdılaraq dəhliz tikilisinə, sanitar qovşağına və yataq otağına ziyan vurulduğu və 923 saylı mənzilin sahibi tərəfindən həmin mənzilə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı təmir işləri aparıldığı müəyyən olunmuşdur. Qeyd olunur ki, tədqiq olunan mənzildə su sızmanın ayrı-ayrı vaxtlarda baş verməsi “Klasskom-2011" MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla təsdiq edilmişdir. Lakin həmin mənzildə təmir işləri aparıldığından, ayrı-ayrı vaxtlarda su sızma nəticəsində dəymiş ziyanın dəqiq həcmini müəyyən etmək mümkün olmamışdır. Buna görə də 923 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar sonuncu dəfə aparılmış təmir işlərinin dəyərini müəyyən etmək üçün bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edilmişdir (bax: rəyə əlavə 1). Aparılan ekspertiza tədqiqatı nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, 923 mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar sonuncu dəfə aparılmış təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 6902,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunur ki, tədqiq olunan mənzildə su sızma ilə əlaqədar əvvəllər hansı təmir işlərinin aparıldığı və həmin işlərin həcmi barədə məlumat olmadığından, habelə görülən işlərə dair sənədlər təqdim edilmədiyindən, ayrı-ayrı vaxtlarda təkrarən baş vermiş su sızma halları ilə əlaqədar 5 dəfə (iş materiallarında olan aktlara əsasən) təmir işlərinin aparıldığı faktı məhkəmə tərəfindən təsdig edildiyi halda, ümumilikdə aparılmış təmir işlərinin dəyəri təqribən 34510,0 (6902 x 5) manat məbləğində ola bilər. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 923 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. ünvan 2 ünvanda yerləşən 924 saylı mənzil əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş, daha sonra özgəninkiləşdirilmişdir. Eyni zamanda ünvan 2 ünvanda yerləşən 927 saylı mənzili Cavabdeh2 məxsusdur. Qeyd olunanlarla bağlı məhkəməyə müvafiq sənədlər təqdim edilməsə də, bu hallar tərəflər arasında mübahisələndirilməmişdir. Cavabdeh1 məxsus olmuş 924 saylı mənzil iddiaçıya məxsus olan 923 saylı mənzillə yan tərəfdən qonşudur. Digər Cavabdeh2 məxsus olan 927 saylı mənzil isə iddiaçıya məxsus olan 923 saylı mənzilinin üstündə yerləşir. Hazırda cavabdeh hər iki qonşu mənzildən onun mənzilinə dəfələrlə su axıdıldığını, bu səbəbdən mənzilini 5 dəfə təmir etdiyini, cavabdehlərin təqsirli hərəkətlərinə görə məruz qaldığı maddi ziyanın əvəzinin ödənilməsini tələb edir. Belə olanda iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Məhkəmə iddianın əsaslarının təsdiqi kimi istinad edilən və sübut əhəmiyyətli hesab edilən hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan iddiaçının iddia tələbinin əsasını 1-ci cavabdehin və 2-ci cavabdehin mülki hüquq pozuntusu nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 saylı evin 924 saylı mənzilinin təmirinə xərclənmiş ümumilikdə 33500 manat pulun ödənilməsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırkı mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, 923 mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar sonuncu dəfə aparılmış təmir işlərinin dəyərini müəyyən etmək üçün bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib edildiyi, aparılan ekspertiza tədqiqatı nəticəsində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar sonuncu dəfə aparılmış təmir işlərinin ümumi dəyəri orta bazar qiymətlərinə uyğun olaraq təqribən 6902,0 manat məbləğində müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə araşdırması zamanı iddiaçıya məxsus mənzilə cavabdehlərin mənzilindən su axıdılması nəticəsində zərər dəyməsini habelə, zərərin 1-ci cavabdehin yaxud 2-ci cavabdehin hüquqazidd hərəkətləri nəticəsində olması faktını, ən əsası da cavabdehlərin məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün olmamışdır. Göründüyü kimi, iddiaçıya məxsus mənzilə iddia tələbində qeyd olunan məbləğlərdə ziyanın dəyməsini, həmçinin, dəymiş zərərin cavabdehlərin hər birinə münasibətdə həcmini sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Baxmayaraq ki, məhkəmə həmin halların müəyyən edilməsi və mübahisənin obyektiv həlli məqsədilə təkrar ekspertizanın aparılmasını “X2” MMC-yə həvalə etmiş, iddiaçı həmin ekspertizanın keçirilməsinə də qəti etiraz etmiş, bundan sonra sonuncu tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməyi davam etdirərək qeyd edir ki, iddiaçı hər iki iddia ərizəsində dəymiş zərərin həcminin 17250 manat həcmində olduğunu, zərərin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində mənzilinə 5 dəfə su axıdılmasına görə yarandığını, hər dəfə mənzilinin 15 kv/m hissəsinin təmir edildiyini, 1 kv/m sahənin təmir xərclərinin orta bazar qiymətinin 230 manat olduğunu qeyd edərək, mənzilinə axıdılmış su nəticəsində maddi zərərə məruz qaldığını, həmin zərərin özü tərəfindən aradan qaldırıldığını, mənzilini dəfələrlə təmir etdirdiyini, həmin təmirə görə çəkdiyi xərclərin ümumilikdə 34500 manat olduğunu mübahisələndirir. Göründüyü kimi, iddiaçı hər dəfə evinin 15 kv/m hissəsinin təmir edildiyini qeyd etsə də, istinad etdiyi aktlarda “giriş dəhlizdə nə vaxtsa lyustranın asıldığı yerdən su sızıntısı olduğu”, “923 saylı mənzilin hamam hissəsində su sızıltısının olduğu”, “əvvəllər qonşu mənzillərdən su sızıltısı”, “yan qonşudan arakəsmə divarından su sızması”, “döşəmə səviyyəsindən 50-60 sm hündürlükdə nə vaxtsa su sızıntısı” olduğu əks olunmuşdur. Belə olanda məhkəmə cavabdehlərin bu hissədə olan etirazlarının dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı qeyd olunan nöqsanların aradan qaldırılması üçün hər dəfə eyni həcmdə xərc çəkməsi barədə dəlili əsassızdır. Həmçinin də, iddiaçı cavabdehlərdən eyni həcmdə maddi ziyan tələb edərkən də haqlı olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı verilən suallara cavab olaraq qeyd etmişdir ki, təmirə dair hər hansı əlavə sübutu olmasa da binaya xidmət edən "xxxx" MMC-nin rəhbərliyi müvafiq akt tərtib etmiş, MMC-nin nümayəndələri onun mənzilini təmir etdirdiyinin şahidi olmuşlar. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçının sübut qismində istinad etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli aktlar özözlüyündə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmin aktlarda su axıdılması faktı təsdiq olunsa da, suyun axıdılmasında cavabdehlərin təqsirli hərəkətlərinin olması sübuta yetmir, həmçinin də aktlar tərtib olunarkən cavabdehlərin iştirakı təmin olunmamış, mənzillərə baxış keçirilməmiş, yalnız iddiaçının mənzilinə baxış keçirilməklə kifayətlənmişlər. Bunun üçün həmin aktlar iş üzrə digər sübutlarla yanaşı yoxlanılmaqla öz təsdiqini tapa bilərdi ki, məhz bu halla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatları mövcuddur. Deyilənlərdən əlavə məhkəmə, iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut hesab etmir. Məhkəmə qеyd еdir ki еkspеrt rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Еkspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vахt yüksək olаr ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yаlnız bu hаldа ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin dəlillərinin araşdırılması məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, tərəflər həmin ekspertiza rəylərinə etiraz edərək, müvafiq təkrar ekspertizaların təyin edilməsi barədə vəsatət vermişlər. Bu baxımdan iddiaçının iş materiallarında olan ekspertiza rəylərinə istinad etməsi qanuni hesab edilə bilməz, nə qədər ki məhkəmə tərəfindən təkrar ekspertiza təyin edilmişdir, bu o deməkdir ki, həmin ekspertiza rəyi ziddiyyətli olmuş və yaxud məhkəmə həmin rəyin əsassızlığına görə ekspertin rəyi ilə razılaşmamışdır. Bundan başqa məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, cavabdehlərə məxsus mənzillərdən 923 saylı mənzilə su axıdılaraq dəhliz tikilisinə, sanitar qovşağına və yataq otağına ziyan vurulmuş və 923 saylı mənzilin sahibi tərəfindən həmin mənzilə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı təmir işləri aparılmışdır. Daha sonra həmin rəydə qeyd edilir ki, tədqiq olunan mənzildə su sızmanın ayrı-ayrı vaxtlarda baş verməsi “Klasskom-2011" MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla təsdiq edilir. Məhkəmə ekspertin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirir ki, ekspert ziyanın vurulması barədə nəticəyə gələrkən yalnız yuxarıda qeyd olunan aktlara istinad etmişdir. Göründüyü kimi, ekspert cavabdehlərə məxsus mənzillərdən iddiaçının mənzilinə suyun axıdılması faktının müəyyən edilməsi zamanı tikinti sahəsində mövcud texniki qaydalara istinad etməmişdir. Belə olanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə mübahisələrin həll edilməsi zamanı müvafiq ekspertizalar məhz bu sahədə ekspertlərin xüsusi biliyinə zərurət yarandığına görə təyin edilir. Belə çıxır ki, məhkəmə özü də ekspertiza olmadan həmin aktlara istinad edərək, iddiaçının mənzilinə cavabdehlərin mənzilindən su axıdılması faktını müəyyən edə bilərdi. Digər tərəfdən rəyə nəzər yetirdikdə həmin rəyin başqa ziddiyyətli və natamam məqamları ortaya çıxır. Belə ki,ekspert nəticəyə gələrkən istinad etdiyi aktlar məhz 1-ci cavabdehin mənzilinə dair tərtib edilmiş aktlardır. Həmin aktlara istinad edərək 2-ci cavabdehə məxsus mənzildən də iddiaçının mənzilinə su axıdılması barədə nəticəyə gəlinməsi özü-özlüyündə əsassızdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1 və birləşdirilmiş iş üzrə Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar