Məhkəmə qərarları › İş №2(005)-1308/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1308/2025

10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1308/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı X16 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı X16 Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi və məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İbragimov Samir Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-310/2023 saylı mülki iş üzrə 20 mart 2023-cü il tarixli qətnaməsi ilə X1 tutulan aylıq qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin artırılaraq, birgə nikahlarından olan 25 fevral 2013-cü il təvəllüdlü X17 və 14 fevral 2016-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X1 hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İbragımov Samir 29 fevral 2016-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahından 2 övladı var: 25 fevral 2013-cü il təvəllüdlü X18 və 14 fevral 2016-ci il təvəllüdlü X20. Bir müddət mehriban yaşasalar da. sonradan münasibətləri pisləşmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-104/2022 saylı mülki iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmiş, birgə nikahlarından olan 25 fevral 2013 cü il təvəllüdlü X18 və 14 fevral 2016-ci il təvəllüdlü X11 iddiaçının yanında qalması və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün X2 hər ay hər uşağa 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-310/2023 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-104/2022 saylı iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsinin alimentin müəyyən olunması hissəsində dəyişdirilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq. xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X5 aylıq qazancı və (və ya) başqa gəlirinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq Samir İbragımova verilməsi qət edilmişdir. Bazar qiymətlərinin artması, təhsil xərclərinin olması, digər tərəfədən də uşaqların böyüməsi ilə əlaqədar olaraq onların xərcləri də artmışdır. Uşaqlar məktəblidir, iddiaçı onun təhsili, xərclərini ödəməkdə çətinlik çəkir. Bazar qiymətlərinin artması, təhsil, hazırlıq xərclərinin olması, uşaqların böyüməsi ilə əlaqədar olaraq onların xərclərinin artması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin məbləği dəyişdirilməli, hər ay 235 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı İbragimov Samirin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, gözəllik mərkəzində işləyir, maaşı 400 manatdır, Aliment artırılarsa, onu ödəyə biləcək maddi imkanı yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X17 doğulmuşdur. X33, anası X7r; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X21 doğulmuşdur. X33, anası X7r; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İbragımov Samir ilə İbragımova (Məhərrəmova) Tünzalə Əkbər qızı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 594 nömrə ilə 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş yetkinlik yaşına qatmayan uşaqlar xx.xx.2013-cü il təvəllüdlü X19 və 14.02 2016-cı il təvəllüdlü X13 atası İbragımov Samirin yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İbragımov Samirin xeyrinə tutulması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X5 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-104/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsinin alimentin məbləğinin müəyyən olunması hissəsində dəyişdirilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanması üçün X6 aylıq qazancı və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq Samir İbragimova verilməsi qət edilmişdir. - ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixində keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar atanın himayəsində saxlanmış, cavabdehdən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cəmi 350 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, uşaqların saxlanması üçün cavabdehin aylıq qazancı və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı uşaqların xərclərinin artmasına istinad edərək alimentin tutulma qaydasının dəyişdirilməsini, yəni hissə şəklində deyil, sabit pul məbləğində, hər uşağa görə 235 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-3 və 8.13-cü bəndlərində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İlk öncə qeyd edilməlidir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, hazırki işlə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından, cavabdehin etirazı və mövcud maddi vəziyyəti nəzərə alınmaqla iddia haqlı hesab edilə bilməz. Belə ki, Elektron məhkəmə informasiya sistemindən görünür ki, cavabdeh 400 manat əmək haqqı alır. Bu isə onu deməyə əsas verir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən əsaslar hazırki iş üzrə öz əksini tapmadığından, həmin Məcəllənin alimentin əmək haqqının müəyyən hisssiə kimi tutulması qaydasını müəyyən edən 76-cı maddəsi tətbiq edilməlidir. Eyni mövqe Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsində də öz əksini tapmışdır. Qətnamənin qüvvəyə minməsindən 2 ildən çox müddət keçsə də, tərəflərin ailə və maddi vəziyyətində hər hansı bir dəyişiklik baş verməsi müəyyən edilmir, ən azından bu barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Uşaqların xərclərinin artması isə mövcud vəziyyətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi və məbləğinin artırılması üçün əsas təşkil edə bilməz. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələbinin təmin edilməsi üçün əsas kimi çıxış edə bilməz. Beləliklə, hazırki işdə iddiaçı cavabdehin qazancının artmasına, yaxud maddi vəziyyətinin müsbətə doğru dəyişməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Mövcud vəziyyətdə iddia tələbində göstərilən hal qətnamə ilə müəyyən edilmiş alimentin sabit pul məbləğində tutulması və məbləğinin artırılması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı İbragimov Samirin Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi və məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İbragimov Samirin Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi və məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar