Məhkəmə qərarları › İş №2(005)-1309/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1309/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1309/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 17000 manat, vurduğu maddi ziyana görə 5440 manat və 158 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 22595 manat məbləğində pulun ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğlunu ali məktəbə qəbul etdirmək adı ilə 2020-ci ildən başlayaraq, ümumilikdə 17000 manat məbləğində pul almışdır. Lakin cavabdeh onu aldadaraq pulunu mənimsəmişdir. O bununla əlaqədar AR DİN-nin 102 qaynar xəttinə şikayət etmişdir. Şikayət ilə əlaqədar Səbail rayon Polis İdarəsində müvafiq araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı cavabdehin atası X1 xx.xx.2022ci il tarixində ona 500 manat ödəmiş, qalan məbləği qısa müddət ərzində qaytaracağını bildirmişdir. Lakin xeyli müddət keçməsinə baxmayaraq, pul qaytarılmamışdır. Bunun nəticəsində ona xeyli maddi ziyan dəymişdir. Həmin 17000 manat məbləğində pulu minimum illik 12%-lə banka depozitə qoysaydı, onda xeyli miqdarda gəlir əldə edəcəyini bildirmişdir. O, cavabdehin pul vəsaitini qanunsuz olaraq saxlaması və qaytarmaması ilə əlaqədar ona əlavə olaraq faizlər də ödəməli olduğunu bildirmişdir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh əsas borca görə 16500 manat pulun; maddi ziyana görə 3300 manat pulun və ödənilmiş 158 manat dövlət rüsumunun, ümumilikdə 19958 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Bağırov “Cinayət təqibi üzrə icraata başlanmasının rədd edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə araşdırma müddətində Cavabdeh oğlunu tapmaq və fakt üzrə izahatını almaq mümkün olmamışdır. Cinayət işinin başlanması üçün toplanmış sübutlar kifayət etmədiyindən, cinayət təqibi üzrə icraata başlanması rədd edilmişdir. Səbail RPİ-nin İŞ-də İddiaçı Novruz qızı tərəfindən verilən yazılı izahatın surətindən görünür ki, Cavabdeh 2020-ci ilin mart ayından etibarən vaxtlarda uşaqları universitetə daxil olması üçün köməklik göstərəcəyinə söz verərək ondan müəyyən vaxtlarda 8000 manat, 5000 manat, 1100 manat, 2021-ci ilin iyul ayından qeydiyyatda olduğu ünvanda 3000 manat, ümumilikdə 17100 manat pul almışdır. Ona verilən pulun bir hissəsini faizlə götürdüyü üçün indiyədək 2400 manat faiz ödəmişdir. O, Cavabdeh, oğlunun və oğlunun dostunun iştirakı ilə pulu vermişdir. Onun atasının obyektinə vurulmuş maddi ziyanın alınmasında, digər obyekti satacağına da köməklik göstərəcəyini bildirərək, onlardan pul istəmişdir. İddiaçı həmin pulu kredit götürərək, Dadaşın vasitəsi ilə Elşənin iş yerində vermişdir. Daha sonra Elşən Naxçıvanda olan evlərini Heydər Əliyev fondunun hesabına keçirəcəyinə və əvəzində onlara külli miqdarda pul verəcəyinə də söz vermişdir. Bu işlərə görə ümumilikdə 31600 manat pul almışdır. 14500 manatı qaytarılsa da, 17100 manat manatı bugünədək qaytarılmamışdır. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2020-ci il taixli kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, İddiaçı illik 18 faizlə 48 ay müddətinə 4900 manat kredit götürmüşdür. Cavabdeh atası X1 tərəfindən Səbail RPİ-nin İŞ-də verilən yazılı izahatın surətindən görünür ki, O, əvvəllər Sevinc xanımı, onun həyat yoldaşı Elxanı tanımamış və onlarla heç bir əlaqəsi olmamışdır. Elşən musiqi məktəbindən tar müəllimidir və şagird yetişdirməklə yanaşı xarici qastrollara da gedirdi və Təbriz şəhərində olarkən orada kimsə Elşəni Təbrizdə tar məktəbi açmaq və orada müəllim kimi fəaliyyət göstərmək adı ilə aldatmışdır. Bu məqsədlə Təbrizdə məktəb açmaq üçün Elşəndən pul istəyiblər və Elşən də tanışlardan borc götürmüşdür. İranlılar Elşəni aldatmışlar, ona görə də, Elşən borc aldığı pulları qaytarmalı oldu və həmin borc verənlərdən biri də İddiaçı həyat yoldaşı Elxan olmuşdur. O, evini satıb 14500 manat pulu Elşənə vermişdir ki, aparıb Elxana qaytarsın, o da həmin pulu aparıb Elxana qaytarmışdır. Lakin Elşənin başqa borclarından məlumatsız olmuşdur. Daha sonra Elxan ona bildirmişdir ki, Elşən ondan 11000 manat borc götürüb, həmin pulu bankdan faizlə götürdüyündən pulun məbləği faizlə birlikdə 19000 manata çatmışdır. Elşəndən soruşarkən, etiraf etdi ki, həmin deyilən pulu Elxandan borca götürmüşdür. Elşən onlardan pulu nə vaxt, hansı məqsədlə almasından məlumatı olmamışdır. Elşənin xarici ölkələrdən hansına getməsindən məlumatı yoxdur, lakin arada anasına naməlum nömrələrdən zəng edib hal-əhval tutur və işləyib Sevinc xanımın pullarını qaytaracağını deyir. Səbail RPİ-nin İŞ-də X3 tərəfindən verilən yazılı izahatın surətindən görünür ki, o, Elşəni musiqi məktəbindən tanımış və söz vermişdir ki, onu Konservatoriyaya qəbul etdirəcək. Bununla bağlı ona 2400 manat pul vermişdir. Həmin pulu qəbula düşmədiyini biləndən sonra geri almışdır. Daha sonra o, İkrama da məsləhət görmüşdür ki, qəbul imtahanında ona köməklik edə bilər. Telefonla danışıb vaxt təyin edəndən sonra onlar - o, İkram və Sevinc xanım birlikdə Elşənin iş yerinə getmişlər. Orada söz verdi ki, İkramın da qəbul balını artdıracaq və universitetə daxil olmasına köməklik göstərəcək. Bundan sonra o, İkramla birlikdə iki dəfə Elşənə pul vermişlər. Lakin məbləği yadında qalmamışdır. Daha sonra Sevinc xanım onun da İdman Universitetinə qəbul etməsi üçün Elşəndən kömək etməsi üçün xahiş etmiş və bunun üçün ona 1000 manat pul vermişdir. Lakin Elşən verdiyi heç bir sözə əməl etməmiş və pulu qaytarmamışdır. Səbail RPİ-nin İŞ-də X2 tərəfindən verilən yazılı izahatın surətindən görünür ki, anası ilə Elşənin danışıqları zamanı o da orda olmuş və onun Bakı Dövlət Universitetinə qəbul olunması üçün 8000 manat pul istəmişdir. 2020-ci ilin fevral ayında onlar həmin musiqi məktəbinə gedib pulu Elşənə vermişlər. Daha sonra məlum oldu ki, o qəbul olunanlar siyahısında yoxdur. Bu barədə Elşənə məlumat verdikdə onu həmin universitetin Quba filialına qəbul etdirdiyini bildirmişdir. Dadaş üçün də İdman Universitetinə qəbul edilməsi üçün 1000 manat pul vermişlər. Elşən, anasından ümumilikdə 17100 manat pul almış və faizlə birlikdə 22900 manat maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X1 tərəfindən İddiaçı Novruz qızına 500 manat pul ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı və həyat yoldaşı Elxan Cavabdeh ilə tanışlıq münasibətləri çərçivəsində 2020-ci ilin mart ayından etibarən müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 17100 manat məbləğində pul vermişlər. Cavabdeh bu məbləği onların övladlarını ali məktəbə qəbul etdirmək və digər məsələlərdə köməklik göstərəcəyi adı ilə almışdır. Pulun verilməsi ilə bağlı hadisələrin şahidləri X3 və X2 izahatlarında da eyni məzmunlu məlumatlar verilmişdir. İddiaçı cavabdehə pulu birbaşa özü, bəzən isə vasitəçi şəxslər ilə cavabdehin iş yerində təqdim etmişdir. Pulun verilməsinin bəzi hissələri kredit və borc vasitəsi ilə əldə olunmuş, o cümlədən Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4900 manatlıq kredit müqaviləsi üzrə faizlər də daxil olmaqla ümumi maddi ziyanın miqdarı 22900 manat səviyyəsində müəyyən olunmuşdur. Cavabdehin atası X1 tərəfindən təqdim edilmiş izahata əsasən, o, əvvəllər iddiaçı ilə şəxsi münasibətdə olmamış, yalnız sonradan oğlunun borcları ilə bağlı məlumatlı olmuşdur. Onun sözlərinə görə, Elşən Təbriz şəhərində aldadılmış və bu səbəbdən müxtəlif şəxslərdən, o cümlədən Elxan bəyin ailəsindən borc almağa məcbur olmuşdur. Həmin borclardan 14500 manat cavabdehin atası tərəfindən geri qaytarılmışdır. Eyni zamanda o, İddiaçı 500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh digər borcları ilə bağlı xəbəri olmamışdır. Cavabdehin iddiaçıdan xeyli miqdarda pul aldığı, bu vəsaiti vəd etdiyi şəkildə istifadə etmədiyi və tam geri qaytarmadığı sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə bu faktı pul vəsaitinin əsassız əldə olunması və zərərin əvəzinin ödənilməsi üçün əsas hesab edir. Məhkəmə tərəfindən qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1091.1 və 1092.1-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda “ali məktəbə qəbul etdirmək” və “bal artırmaq” kimi vədlərlə ümumilikdə 17000 manat məbləğində pul almış, lakin bu vədlərin heç birini yerinə yetirməmiş, aldığı məbləğin yalnız bir qismi qaytarılmış, qalan hissəsini isə qanunsuz şəkildə özündə saxlamışdır. Çünki cavabdeh bu məbləği nə hüquqi qüvvəyə malik yazılı müqavilə əsasında, nə də faktiki olaraq göstərilən xidməti təqdim etməklə əldə etmişdir. Əksinə, o, aldadıcı vədlərlə iddiaçının etibarından sui-istifadə edərək həmin məbləği əldə etmiş, lakin həmin məbləğ qarşılığında hər hansı bir hərəkət olunmamışdır. Belə olan halda cavabdehin əldə etdiyi vəsait hüquqi əsas olmadan əldə olunmuş və əsassız varlanma kimi qiymətləndirilməlidir. Bu səbəbdən cavabdehin həmin pul vəsaitini və onun nəticəsində vurulmuş maddi ziyanı iddiaçıya qaytarması qanunvericiliyin tələbinə tam uyğundur. Digər tərəfdən, cavabdeh tərəfindən ödənilməsi gecikdirilmiş 16500 manat məbləğə görə, iddiaçının illik 5% miqdarında gecikmə faizinin ödənilməsini tələb etmək hüququ yaranır. Bu məbləğin qanunvericiliyə istinadən iddiaçının xeyrinə tutulması tam əsaslıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, maddi zərərə görə 3300 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, qanunvericiliyə görə, zərər dedikdə təkcə faktiki ziyan deyil, həm də zərərçəkənin əldə edə biləcəyi, lakin əldə etmədiyi gəlir (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının 16500 manat məbləğində vəsaitdən bank depoziti şəklində qazanc əldə etmək hüququ pozulmuşdur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 16500 manat məbləğində pul vəsaitinin alınması faktı iş materialları ilə təsdiq olunur. Həmin vəsait cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan, yəni nə borc müqaviləsi bağlanmadan, nə də göstəriləcək konkret hüquqi xidmət olmadan, sadəcə vəd olunan nəticələrin əldə edilməməsi fonunda alınıb və qaytarılmamışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 16500 manat, maddi zərərə görə 3300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16500 manat, maddi zərərə görə 3300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 158 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar