Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1334/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdeh “X2” MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov metro stansiyasının yaxınlığında yerləşən Cavabdeh Dönərxanasında olarkən, ona dönər və bir stəkan ayran təqdim olunmuşdur. Orada xidmət göstərən xanım, iddiaçı oturan masaya yaxınlaşarkən öz başına, guya ki, masanın üzərində səliqə yaratmaq məqsədi ilə ayran dolu mayeni iddiaçının üzərinə açırtmışdır. İddiaçı əsəbləşərək bildirmişdir ki, siz nə etdiniz xanım, yeni alınmış İtaliya istehsalı olan “Lanifıco Compani” 160 nömrəli yun parçasından(yun parçasının sıxlığı) tikilmiş (yəni bütün dünyada qəbul edilmiş) ən bahalı pencəklərdən keyfiyyətinə görə pencəyinin ətəyini ləkələdiniz. İddiaçıya məlumdur ki, ayranın, südün və qatığın ləkələri parçanın üzərindən təmizləmək mümkün deyil. Lakin, dönərxanada xidmət göstərən xanım xadiməçi ona bildirib ki, guya ki, o yox iddiaçı özü ayranı öz üzərinə dağıtmışdır. Bu ağ yalandan, iddiaçı, Azərbaycan Respublikasının 1-ci X1 və 1-ci qrup əlili kimi dərin sarsıntı keçirtmiş və stresə düşmüş, halı pisləşmişdir, lakin az sonra sakitləşərək görüb ki, həmin məkanda müşahidə kameraları yerləşir və lazım olan halda həmin kameraların görüntülərinə baxış keçirtmək olar. Cavabdeh-yə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə Pretenziya məktubu ünvanlamış lakin Cavabdeh maddi ziyanı qaytarmamış iddiaçı isə ağır sarsıntı və iztirab keçirmişdir. Bu səbəbə görə də, iddiaçıya dəyən maddi ziyanın ödəməsi üçün cavabdehin real imkanlarını nəzərə alaraq vurduğu maddi ziyanı 1800 manat hesab edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh “X2” MMC-nin eyniləşdirməyə imkan verən məlumatlar (Hüquqi şəxsin ünvanı, VÖEN və s.) əlavə edilməmişdir. Həmçinin iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri Nərimanov rayonu, Nərimanov rayonu metro stansiyanın çıxışında yerləşməsi kimi qeyd edilmişdir və bu natamam məlumatdır. Belə ki, hüquqi şəxsin qeydiyyat ünvanı dəqiq və aydın göstərilməlidir. Eyni zamanda iddia ərizəsinə baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğunu təsdiq edən zəruri sənədlər əlavə edilmədiyindən iddiaçı tərəfindən ərazi aidiyyəti barədə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi haqqında elektron sistemdə hüquqi şəxsin adına əsasən axtarış verildiyi zaman, hüquqi şəxs barəsində “məlumat tapılmadı” bildirişi qeyd edilir. Beləliklə, iddiaçının “X2” MMC adı ilə qeyd etdiyi cavabdehin nəinki ünvanı, VÖEN-i və s. eyniləşdirmə məlumatları müəyyən edilmir, hətta mövcudluğu da öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, İddiaçı 27 noyabr 2023-cü il tarixdə eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmış, iddiaçıya nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin göründüyü kimi, iddiaçı tərəfindən nöqsan aradan qaldırılmadan yenidən eyni iddia ərizəsi ilə müraciət edilmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X2” MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1334/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1334/2024
30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver