Məhkəmə qərarları › İş №2(005)-1346/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1346/2020

25.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1346/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçıCavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçıCavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2 (005)-4916/2015 saylı. xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrimə tutulması qət olunmuşdur. Cavabdeh alimenti ödəməkdən boyun qayırtmasada halhazırda uşaqların saxlanılmasında ciddi maddi çətinlik çəkir. Onun digər hər hansı bir qazancı yoxdur, heç yerdən hər hansı növ-pensiya və ya təqaüd, sosial müavinət almır. Uşaqların tərbiyəsi ilə təkbaşına məşğul olur. Yaşayışı getdikcə çətinləşir. Maddi tərəfdən çox çətinlik çəkir. Uşaqların ehtiyaclarını 108 manat vəsaitlə ödəyə bilmir. Ona görə də məcbur qalıb aliment tələbinin artırılması ilə bağlı məhkəməyə müraciət edir. Bu baxımdan hazırki iddia ərizəni ilə məhkəməyə müraciət edərək, məhkəmə qaydasında, Cavabdeh ilə birgə nikahdan doğulmuş azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çalanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrimə ödənilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş edir. Qeyd edilənləri nəzərə alaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4916/2015 saylı. xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə birgə nikahdan doğulmuş azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin onun xeyrinə ödənilməsi hissəsində dəyişdirilməsi və 170 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında hər uşağa 170 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı 759089 nömrəli doğum haqqında şəhadətnəmənin surətindən görünür ki, X2 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ № 185499 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikahın pozulması xx.xx.2011-ci il tarixdə 224 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-4916/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuş, aliment məbləği xx.xx.2015-ci il tarixdən tutulmuş, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ciil tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ciil tarixdən başlayaraq, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 170 (yüz yetmiş) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar