Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-135/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; hasarın sökülməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irsəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş zərərin ödənilməsi və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi və tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu ziyana görə, 1060 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 31 manat cəmi 1091 manat alınaraq ona ödənilməsi və cavabdeh tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş hasarların (həm ön divara, həm də arxa divara bitişik hasarların) sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdırlar ki, cavabdeh xx.xx.2022-ci il tarixdə ona məxsus qeyri-yaşayış sahəsinin su sayğacını balta ilə vurub sındırmışdır. Bununla bağlı cavabdehin barəsində 17-ci Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə AR-sı İXM-nin 232-1 -ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında cavabdeh törətdiyi inzibati xətanı etiraf etmişdir. Nərimanov rayon məhkəməsinin 3(005)-508/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh AR İXMnin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vurulmuş ziyanın bir misli, yəni 1060 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Bu səbəbdən vurulmuş maddi ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində "xxxx" ASC-nin X3 İdarəsinin SF-244/23 nömrəli müqaviləsinə əsasən 247,23 manat, tikinti materialları mağazasından aldığı materiala çeklərə əsasən 103 və 460 manat, usta kimi təmir işləri aparmış X1 250 manat pul vermişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 1060 manat maddi zərər dəymişdir. Bundan əlavə cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin sayğac quraşdırılan hissəsində torpaq sahəsini qanunsuz zəbt edərək qeyri-yaşayış sahəsinin divar hissəsinə bitişik (divar hissəsinin həm qabaq, həm də arxa hissəsində hasar inşa etmişdir. Dəfələrlə həmin hasarın sökülməsini cavabdehə təklif etsə də, cavabeh imtina etmişdir. Ona görə də qeyri-yaşayış sahəsinin həm qabaq, həm də arxa hissəsində cavabdehin inşa etdiyi qanunsuz hasar sökülməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, öz mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik qanunsuz divarların ön tərəfdən 1 m 40 sm, arxa divardan 1 metr sökülməsini və ona sübutlar əsasında dəymiş maddi ziyan (1060 AZN) – min altmış manat məbləğin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irsəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qeyd olunan torpaq sahəsinə mülkiyyət sənədi yoxdur. Bu sahə babadan qalma sahədir. Verdiyi ziyanla bağlı məhkəmə qərarı vardır. Həmin qərar özü tərəfindən icra olunmuşdur. İddiaçının obyekti 24 saat işləyir və bununla bağlı heç yerə şikayət etməmişdirlər. Sahənin açarını qardaşına, o isə Zaur adlı şəxsə verə bilər. O nə lazımdırsa edər. Bundan sonra iddiaçı həmin əraziyə daxil olaraq öz işini görə bilər. Zərərə görə qeyd olunan 1060 manat məbləği də ödəməyə razıdır. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iddiada qeyd olunan 1060 manat məbləğini qəbul etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qanuni olaraq öz mülkiyyətindədir. Bununla bağlı sənədlər, çıxarış, icazə və s. iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd olunduğu kimi cavabdeh AR İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib. Cavabdehin hərəkətləri nəticəsində ona 1060 manat dəymiş ziyandır. Cavabdeh ona məxsus sayğacı balta ilə sındırmışdır. Cavabdehə məxsus sahə zəbt olunmuş torpaqdır, ona görə də onun ünvanı yoxdur. Həmin sahəni hasara aldığı üçün oraya keçib sayğac və s. digər xətlərdən rahat istifadə edə bilmir. Öz qeyri-yaşayış sahəsi su içindədir. Divardan qarşı tərəfə keçə bilmədiyi üçün təmir etdirə bilmir. Cavabdehin zəbt etdiyi ərazidə divarı özü sökməyə hazırdır. İddiaçı xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan ona məxsus qeyri yaşayış sahəsinə bitişik inşa edilmiş hasarın ön tərəfdən 1 metr 40 sm, arxa tərəfdən 1 metr 40 sm sökülmə xərcini öz boynuna götürür. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 bildirmişdir ki, qeyd olunan torpaq sahəsi ümumi istifadədədir. Tərəflərin heç birinin torpağa mülkiyyətə dair çıxarışı yoxdur. Torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və hər hansı şəxsə məxsus deyildir. Mübahisəli torpaq sahəsinə sərəncam vermək səlahiyyəti ancaq dövlətə məxsusdur. Hər iki şəxs tərəfindən aparılan tikililər qeyri-qanunidir. Qeyd olunan torpaq sahələri kiməsə icarəyə verilməmişdir. Hazırki məhkəmə prosesinin barışıqla tamamlanması tərəfdarıdır. İddianın təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının və müstəqul tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamına əsasən, Ağa Neymətulla küçəsi 52 saylı evin qarşısında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə vətəndaş İddiaçı adına sənədləşdirilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına qeydiyyata alınmışdır. Torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsinə hüququn növü isə istifadədir. - Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı Nurlan Ağazadə tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2022-ci il tarixli qərardan görünür ki. toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-cı maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. - "xxxx" ASC-nin X3 İdarəsinin SF-244/23 nömrəli Müqaviləsinə əsasən smart kart tipli su sayğacı və onun texniki şərtə uyğun quraşdırılması məbləği ƏDV ilə birlikdə cəmi 247,23 manatdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh 18.11,2022-ci il tarixdə vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin su sayğacını sındırmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vurulmuş ziyanın bir misli, yəni 1060 (bir min altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən 1060 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-508/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli 10/4919 №-li rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri xidmətinin mütəxəssis rəyi təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. İddiaçı ilə cavabdehin istifadələrində olan torpaq sahələrinin dəqiq sərhədləri müəyyən olunmamışdır. Həmçinin "Şəhərsalma və Tikinti Məcəlləsində hasarın qonşu tikiliyə münasibətdə yerləşməsinə dair tələb deyil, yalnız hasarın hündürlüyü ilə bağlı tələb mövcuddur. Odur ki, hasarın hündürlüyünün bir tərəfdən 2 metr, digər tərəfdən isə 2,4 metr olduğunu nəzərə alaraq, hasarın 2,4 metr hissəsinin "Şəhərsalma və Tikinti Məcəlləsi"nin 73-cü maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təmir olunduğundan iddiaçıya məxsus tikiliyə ziyan dəyib-dəyməməsinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayonu Nərimanov Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 noyabr 2023-cü il tarixli 03/480 №-li məktubdan görünür ki, Nərimanov Bələdiyyəsi tərəfindən 24 №-li xx.xx.2018-ci il tarixli tədiyyə bildirişi Cavabdeh yox, atası Hüseynov Adilə yaşadığı Nərimanov rayonu Ağa Neymatulla küçəsi bina 50,24 saylı mənzilin əmlak vergisini ödəməsi üçün verilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 8-ci, 198.1.1-ci maddəsinə görə fiziki şəxslər binadakı payına görə əmlak vergi ödəyiciləridir. Həmin ünvanda yerləşən mənzildən başqa, əlavə tikintiyə və ya torpaq sahəsinə görə vergi hesablanmayıb. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2024-cü il tarixli 3-16-16/2-10/9166 №-li rəyindən görünür ki, baxış zamanı müəyyən edilmişdirki, iddiaçıya məxsus, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bitişik vəziyyətdə mişar daşından hasar inşa olunmuşdur. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi faktiki olaraq iki mərtəbəli tikili olduğu müəyyən edilmişdir. Qərardadın biringi sualı ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri xidmətinin mütəxəssis rəyi təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın ikinci sualı ilə bağlı qeyd olunur ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bitişik hasar (hündürlüyü 2,0 metr olan) iddiaçııya məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa olunduğunlan iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aid su və kanalizasiya xətlərinə nəzarət etməsinə maneə yaratdığı müəyyən edilir. Qərardadın üçüncü sualı ilə bağlı qeyd olunur ki, sualda qoyulan məsələ tikinti texniki ekspertizanın həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Beləliklə, aparılmış tədiqatla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri xidmətinin mütəxəssis rəyi təqdim olunmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bitişik hasar (hündürlüyü 2,0 metr olan) iddiaçııya məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa olunduğundan, həmin hasarın iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə aid su və kanalizasiya xətlərinə nəzarət etməsinə maneə yaratdığı müəyyən edilir. Sualda qoyulan məsələ tikinti texniki eksprtizanın həll etdiyi məsələr dairəsinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından və iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Qeyd olunan sahənin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir, İddiaçı həmin torpaq sahəsindən istifadə hüququna malikdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə sağ tərəfdən bitişik olan sahə ön, sağ və arxa tərəfdən Cavabdeh tərəfindən hasara alınmış və ön hissədən qapı qoyulmuşdur. Həmin sahəyə giriş yalnız bu qapı ilə mümkündür. İddiaçı məxsus su sayğacı və kanalizasiya xətləri qeyri-yaşayış sahəsinin sag divarına bitişik - cavabdeh tərəfindən hasara alınmış sahənin daxilində yerləşir. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinə bitişik divarların ön tərəfdən 1 m 40 sm, arxa divardan 1 metr sökülməsini və ona dəymiş maddi ziyanın – 1060 manat məbləğin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İddiaçı iddia tələbi iki hissədən ibarətdir: 1) cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi və 2) iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə bitişik olan divarların sökülməsi. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır:
1. zərərin mövcud olması;
2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması;
3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Hazırki iş üzrə İddiaçı, Cavabdeh tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinə bitişik su sayğacının balta ilə sındırıldığını bildirərək, vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün yuxarıda qeyd edilən hüquqi əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi (su sayğacının yararsız vəziyyətə salınması), bunun Cavabdeh qanunsuz hərəkətinin (su sayğacını küt alətlə bilərəkdən sındırması) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh təqsiri müəyyən edilmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 221 m2 olan qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin su sayğacı bu sahənin sağ divarına çöl hissədən bitişikdir. Həmin su sayğacı Cavabdeh tərəfindən sındırılmış, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Qeyd olunanlar iş materialları, cavabdehin izahatı, habelə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 noyabr 2022-ci il tarixli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq olunur. Həmin Qərardan görünür ki, təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh 18.11,2022-ci il tarixdə vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin su sayğacını sındırdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində vurulmuş ziyanın bir misli, yəni 1060 (bir min altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iddiada qeyd olunan 1060 manat məbləğini qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissədə hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia maddi ziyanın ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə iddiaçıya dəymiş zərərin məbləğini müəyyən edərkən iş materiallarını, Cavabdeh iddia tələbini bu hissədə etiraf etməsi barədə ərizəsini, habelə onun tərəfindən İddiaçı vurulmuş maddi zərərin qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən olunmuş məbləğini nəzərə alaraq hesab edir ki, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi kimi 1060 (min altmış) manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, iş materialların əlavə olunmuş sənədlərlə (foto-şəkillər), habelə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən keçirilmiş yerli baxışlar zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus 2 mərtəbəli ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına ön və arxa hissədən bitişik olaraq iki hasar inşa edilmişdir. Həmin qeyri-yaşayış binasının su sayğacı, kanalizasiya xətləri və s. qeyriyaşayış sahəsinin ön tərəfdən sağ divarında (həmin divara çöl tərəfdən bitişik), habelə cavabdeh tərəfindən qeyri-yaşayış hissəsinin arxa divarına bitişik olaraq hörülmüş divarda (divarın arxa hissəsinə ona bitişik) yerləşir. İddiaçı qeyri-yaşayış sahəsinə dair sayğac və xətlərdən cavabdeh tərəfindən hasara alınmış sahədən keçmədən istifadə edə bilmir. Belə ki, həmin sahə cavabdeh tərəfindən üç tərəfdən mişarlanmış əhəng daşları ilə hasara alınmış, ön tərəfdən isə iki tərəfli dəmir qapı - darvaza ilə bağlanmışdır. İddiaçıya məxsus əmlakın sayğac və xətlərinə baxış yalnız hasarlanmış həmin sahəyə ön tərəfdən qoyulmuş qapıdan daxil olmaqla mümkündür (qapı cavabdeh tərəfindən qoyulmuşdur, onun açarı isə cavabdehdədir). Qeyd olunmalıdır ki, əhəng daşları ilə hasarlanmış torpaq sahəsi iş üzrə iddiaçının və ya cavabdehin mülkiyyətində deyildir. Tərəflərin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının olmasını təsdiq edən sənəd iş materiallarına mövcud deyildir. Bu hal həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 izahatı ilə də təsdiq olunur. Belə ki, nümayəndə bildirmişdir ki, qeyd olunan torpaq sahəsi ümumi istifadədədir. Tərəflərin heç birinin torpağa mülkiyyətə dair çıxarışı yoxdur. Torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və hər hansı şəxsə məxsus deyildir. Mübahisəli torpaq sahəsinə sərəncam vermək səlahiyyəti ancaq dövlətə məxsusdur. Bununla belə, iddiaçı həmin torpaq sahəsində yerləşən mülkiyyət hüququ ilə ona məxsus qeyri-yaşayış binasının sayğac və kanalizasiya xətlərindən istifadə və onlara nəzarət (onun təmiri, baxış keçirilməsi və s.) məqsədilə hasarlanmış bitişik sahəyə maneəsiz daxil ola bilmir. Mübahisəli hasarların əhatəyə aldığı torpaq sahəsi cavabdehin mülkiyyətində olmasa da, onun faktiki istifadəsindədir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına ön və arxa hissədən bitişik olaraq inşa edilmiş hasarlar iddiaçının ona məxsus qeyri-yaşayış sahəsinin sayğac və kanalizasiya xətlərindən rahat istifadəyə maneələr yaratdığı üçün İddiaçı mənafeyinə birbaşa toxunur. Bu səbəbdən iddiaçıya məhsus qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş hasarların (ona sayğac və xətlərdən minimum istifadəyə şərait yaradacağı həddə) sökülməsi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı İddiaçı yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan ona məxsus qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş hasarın ön tərəfdən 1 metr 40 sm, arxa tərəfdən 1 metr 40 sm sökülmə xərcini öz üzərinə götürmüşdür. Məhkəmə iddia tələbinin həcmini, iddiaçının hasarları öz hesabına sökməyi öhdəsinə götürməsi barədə iradə ifadəsini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli. İddiaçı tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə bitişik inşa edilmiş hasarlar (ön divara bitişik hasar – eni 1.40 metr, arxa divara bitişik hasar – eni 1 metr olmaqla) sökülməlidir. Həmçinin İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 31 (otuz bir) manat cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1060 (min altmış manat) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat alınaraq İddiaçı tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik olaraq inşa edilmiş hasarlar (ön divara sağ tərəfdən bitişik hasar – eni 1.40 metr, arxa divara sağ tərəfdən bitişik hasar – eni 1 metr olmaqla) sökülməlidir.
V. Nəticə:
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 1060 (min altmış manat) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. İddiaçı tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik olaraq inşa edilmiş hasarlar (ön divara sağ tərəfdən bitişik hasar – eni 1.40 metr, arxa divara sağ tərəfdən bitişik hasar – eni 1 metr olmaqla) sökülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Səbinə Nuriyeva