Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1352/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx xxxxxx 2003-cü il təvəllüdlü X1 üçün o,yetkinlik yaşına çatana qədər cvabdehin tutulan aylıq aliment məbləğinin ölkədə yetkinlik yaşına çatmamış uşaqlar üçün müvafiq qanunla müəyyən edilmiş yaşayış minimumu (2021-ci il üçün 175 AZN) həcmində sabit pul məbləği şəklində Cavabdeh tutlaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh - Cavabdeh (Gədəbəy rayonunda x xxxxx 1973-cü ildə anadan olmuş Azərbaycan vətəndaşı) arasındakı nikah pozulmuşdur. Cavabdeh Gədəbəydə qeydiyyatdadır, lakin dəqiq qeydiyyat ünvanı iddiaçıya məlum deyil. Tərəflərin birgə nikahından doğulmuş 2003-cü il təvəllüdlü X1 üçün iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdi. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, №2(005)- 1813/2008 saylı məhkəmə işi uzrə qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirinin) 1/4 (dörddə bir) hissəsi həcmində, həmçinin Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(005)-1673/2008 saylı iş üzrə x xxxx 2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxx 2008-ci il tarixindən başlayaraq 70 (yetmiş) manat sabit pul məbləğində də aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdi. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin x xxxxxx 2017-ci il tarixli, №2(005)-7540/2017 saylı məhkəmə işi üzrə qətnaməsi ilə aliment məbləği artırılaraq ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumuna uyğun 136,60 manat həcmində müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, №2(005)-1186/2018 saylı məhkəmə işi üzrə qətnaməsi ilə aliment məbləği artırılaraq ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumuna uyğun 154 manat həcmində müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin noyabr 2020-ci i! tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumuna uyğun 170 manat həcmində müəyyən edilmişdir. xx xxxxxx 2019-ci il tarixində X2 16 yaşı tamam olacaq. O, məktəbin 11 sinfini əla qiymətlərlə bitirmişdir. 2019-cu ildə o, Bakı şəhəri üzrə riyaziyyat olimpiadasının finalçısı olmuşdur. Fərmanın böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır. Zehni və fiziki inkişafı dövründə düzgün qidalandırılması və tədrisi üçün tələb olunan məsrəflərin həcmi ilbəil artır. Cari aliment məbləği uşağın gündəlik zəruri tələbatının ödənilməsinə, hərtərəfli inkişaf etdirilməsi, savadlı, mədəni və geniş dünya görüşlü vətəndaşa çevrilməsi üçün kifayət etmir. Uşaqda ata qayğısına olan tələbat ödənilmir. Nikahın pozulduğu gündən cavabdeh övladı ilə görüşməmiş, tərbiyəsi, yetişdirilməsi və tədrisi ilə məşğul olmamışdır, həyatı və qayğıları ilə maraqlanmamışdır. Uşağın bütün qayğısını tamamilə iddiaçı çəkir. Uşağın təlim-tərbiyəsi, tədrisi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna baxmayaraq, fiziki, mədəni və ümumi inkişafı yolunda Hacıyev Fərman 4 yaşından üzgüçülüklə, 6 yaşından (2 il ərzində) fortepiano dərsləri ilə, 8 yaşından futbol (Vətən futbol klubunda əsas qapıçı), basketbol (hücumçu) ilə məşğul olmuşdur; 2014-cü ildə İdman və Gənclər Nazirliyinin təşkil etdiyi X3 Yay Düşərgəsində və “Fəal Ailəm, Sağlam Aləm" ümumşəhər idman yarışında iştirak etmişdir. Fərman məktəbin zəka oyunlarırda və bütün ictimai tədbirlərində fəal iştirak etmiş, texniki sahələrə maraq göstərdiyinə görə aviamodelləşdirmə dərnəyində və kompüter proqramlaşdırması kursunda təlim keçmişdir. 9 yaşından Yasamal rayon mədəniyyət evinin “Şəms" yeniyetmə rəqs ansamblı tərkibində Türkiyə və Gürcüstanın beynəlxalq rəqs festivallarında Azərbaycanı təmsil etmişdir. Fərmanın asudə vaxtını faydalı fəaliyyətlə doldurmağın daha bir məqsədi - yeniyetməni bekarçılıqdan yaranan pis vərdişlərdən, psixoloji asılılıq növlərindən (kompüter oyunları, televizordan) qorumaqdır. Həm də ehtiyac duyduğu ünsiyyəti və maraqlı məşğuliyyəti Fərman məqsədyönlü seçilmiş dərnəklərlə, faydalı işlə məşğul olan həmyaşıdları arasında tapır. Fərmanla bağlı aylıq məsrəflərin iki valideyn arasında bölünməsi ədalətli olardı. Tələb olunan minimal aliment məbləğinə yalnız zəruri məsrəflər hesablanıb daxil edilmişdir. Alimentin təmin etmədiyi xərclər arasında isə istər təhsil (İT Step qrafika və proqramlaşdırma kompüter kursları, ilbəil müasirləşən kompüter avadanlıqları, internet bağlantısı), istərsə də idman cəhətindən fəal olan yeniyetmənin hər mövsümə və idman fəaliyyəti növünə aid geyim xərcləri, xronik və kəskin xəstəliklərə qarşı müalicə xərcləri, bayram hədiyyələri, tətil istirahəti və s. xərclər var. 9 yaşına qədər Fərman bronxial sstma və atipik allergiya simptomlarından əziyyət çəkib müalicə almış, lakin cavabdeh bunun üçün maddi kömək göstərməmişdir. 2017-ci ilin iyul ayında yaşadığı həyətdə mərmər bordürün üzərində sürüşüb yıxılan Fərmanın sağ pəncəsində 4 falanqa sümüyü qırılmış, açıq cərrahi əməliyyat olunmuş, ayağı uzun müddət dizə qədər gipsdə qalmışdır, və 2019-cu ilə qədər Fərman reabilitasiya müalicəsi almışdır. Cavabdeh uşağın xəstəlikləri və cərrahi əməliyyat olunması barədə xəbərdar olduğuna baxmayaraq, heç bir kömək göstərməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; ASAN 1 tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş AZE№ ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, ünvan 2 ünvanında qeydiyyatdadır. AA1273605 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4631/2019 saylı qətnaməsininin surətindən görünür ki, İddiaçı cavabadeh Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(005)-1186/2018 nömrəli qətnaməsi ilə tutulan alimetin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə, hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 175 manat məbləğində sabit pul miqdarında aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-4631/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1352/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1352/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver