Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1358/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2024cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 8359,07 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinə görə 3600 manat, qiymətləndirmənin aparılması üçün tərəfindən ödənilmiş 300 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 127 manat olmaqla, cəmi 12.386,07 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyun 2024-cü il tarixdə, saat 01:19-da mülkiyyətində olan “Hyundai Grandeur” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Seyidzadə küçəsində hərəkətdə olarkən, Cavabdeh özünün idarə etdiyi “Hyundai İ40” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevetmə qaydalarını pozaraq onun avtomobilini vurmuş və yol-nəqliyyat hadisəsi törətmişdir. Nəsimi rayon X6 Şöbəsinin polis mayoru X1 tərəfindən çıxarılmış olan xx.xx.2024-cü il tarixli, İXP6328426 nömrəli “inzibati xəta haqqında” protokol və xx.xx.2024-cü il tarixli, TP6549433 nömrəli “inzibati tənbeh vermə haqqında" qərara əsasən Cavabdeh qeyd edilən hadisədə təqsirli bilinərək, AR İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla cinayət işinin başlanması rədd edilməsi, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə Nəsimi RPİ-nin DYPŞ-nin YNH inspektoru polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP6328426 nömrəli “inzibati xəta haqqında” protokol və xx.xx.2024-cü il tarixli, TP6549433 nömrəli “inzibati tənbeh vermə haqqında" qərarın qüvvədə saxlanılması qərara alınmışdır. Baş vermiş hadisə nəticəsində avtomobilinə külli miqdarda ziyan dəymişdir. "xxxx" ASC tərəfindən ona 3724,93 manat sığorta ödənişi ödənilmişdir. Lakin X4 (rəsmi servis) tərəfindən tərtib edilmiş qüsur aktında avtomobilinə dəymiş ziyanın aradan qaldırılması üçün yekun xərcin 12084 manat təşkil etdiyi göstərilmişdir. Həmin qiymətləndirmənin aparılması üçün 300 manat da tərəfindən servisə ödənilmişdir. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehdən vurduğu zərərin ödənilməsini tələb etsə də o, vurduğu zərəri ödəməkdən boyun qaçırmaqdadır. Qeyd edilənlərlə yanaşı, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan avtomobilin əmtəə dəyəri də itirilmişdir. Belə ki, qəzadan əvvəl nəqliyyat vasitəsinin dəyəri təxmini 18000-19000 manat aralığında olmuşdur. Lakin hazırki qəzadan sonra avtomobilinin ön və sağ hissələri tamamilə zədələndiyindən onun əmtəə dəyəri ən azı 15-20 faiz aşağı düşmüşdür. Belə olan halda da cavabdeh tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinə görə ona 18000 x 20%=3600 manat zərər də vurulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ekspert rəyi ilə razı olduğunu, 2009-cu il istehsalı olan “Hyundai Grandeur” markalı avtomobilin 2.4 həcmində mühərrik ilə təchiz edilmiş versiyasının bazarda mövcud olmadığını bildirmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Grandeur” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı mülkiyyətindədir; - İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və TP ******* saylı qərarın surətlərindən görünür ki, Cavabdeh AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; - Cinayət işinin başlanılmasının rədd edilməsi barədə Nəsimi RPİ-nin İstintaq şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2024-cù il tarixdə saat 01:19 radələrində İddiaçı ona məxsus “Hyundai” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu H.Seyidzadə küçəsində hərəkətdə olan zaman onunla əks istiqamətdə hərəkətdə olan “Hyundai” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb onun avtomobilinin ön sağ hissəsinə çırpılmışdır. Zərbənin təsirindən “Hyundai” markalı avtomobilin arxa sol hissəsi yolun sağ kənarında hərəkətsiz dayanmış “Renault” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsinə çırpılaraq dayanmışdır. Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə Nəsimi RPl-nin DYPŞnin YNH inspektoru polis mayoru X1 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ТР ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması qərara alınmışdır; -“X4” ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, **-EJ-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Grandeur” minik markalı nəqliyyat vasitəsinə 12.084 manat dəyərində zərər vurulmuşdur; - xx.xx.2024-cü il tarixli, 001XOH********** saylı qəbzdən görünür ki, Paşa Sığorta” ASC tərəfindən 3724,93 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində "Hyundai Grandeur" minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) 10.090 manat müəyyən olunmuşdur. 2009-cu il istehsalı olan "Hyundai Grandeur" avtomobilinin 2.4 litr mühərrikli modeli üzrə hazırda Azərbaycan bazarında aktiv satış elanları mövcud deyil. Nəticə etibarilə, həmin modelin cari bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Qiymətləndirmənin peşəkar və hüquqi əsaslarla aparılması üçün bazarda aktiv satışda olan, real və etibarlı qiymət məlumatları mövcud olan nümunələrin olması vacibdir. Bu şərtin təmin olunmaması qiymətləndirmənin bazar prinsiplərinə uyğun aparılmasına və obyektiv nəticənin əldə edilməsinə maneə törədir. Beləliklə, 2.4 litr mühərrikli "Hyundai Grandeur" modelinin bazarda aktiv elanlarının mövcud olmaması qiymətləndirmənin aparılmasına əngəl olmuş və qərardadın 2-ci sualına cavab verilməsini mümkün etməmişdir. Qiymətləndirmə prosesində bazar mövcudluğu və etibarlı məlumatların əldə olunması əsas şərt olmaqla, bu model üzrə qiymət təyini hüquqi və peşəkar baxımdan məqsədəuyğun hesab edilmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh idarə etdiyi “Hyundai İ40” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi "Hyundai Grandeur" markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə İddiaçı məxsus "Hyundai Grandeur" markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə, eləcə də digər üçüncü şəxsin avtomiobilinə zərər dəymişdir. Cavabdeh barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İcbari qaydada sığortalanmış “Hyundai İ40” minik markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən tərəfindən iddiaçıya 3724,93 manat sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı sığorta ödənişi çıxıldıqdan sonra yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin qalan hissəsinin, həmçinin dəymiş zərərin nəticəsində maşının əmtəə dəyərinin itirilməsinə görə vurulmuş ziyanın cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: törədilmiş əməlin hüquqa zidd olması; əməlin təqsirli olaraq törədilməsi; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Cavabdeh səbəb olduğu zərərə görə Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyır. Belə ki, hazırki işdə onun məsuliyyətini istisna edən və Mülki Məcəllənin 1108.2-ci maddəsində sadalanan hallar aşkar edilməmişdir. Bu baxımdan İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 10090 (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) manat olaraq müəyyən edilmişdir. Qeyd olunan məbləğə ƏDV əlavə edildikdə (18 %) ümumi zərər 11906 manat təşkil edir. İcbari sığorta ödənişi kimi isə 3724,93 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Odur ki, qeyd edilən məbləğ avtomobilə dəymiş zərərə görə ödənilməli olan 11906 manatdan çıxılmaqla (11906-3724,93) cəmi 8181,27 manat zərər ödənilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, vurulmuş zərərə görə məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə rəyinə uyğun olaraq 8181,27 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsinə görə 3600 manat pulun cavabdehdən tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, qiymətləndirmə hesabatında göstərilənlərdən göründüyü kimi eyni avtomobil və eyni mühərriklə təchiz olunmuş avtomobil növü üzrə aktiv satış elanları mövcud deyildir. Bu halı iddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir. Belə olan halda isə avtomobilin bazar qiymətinin obyektivlik çərçivəsindən kənara çıxmadan müəyyən edilməsi mümkün deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, avtomobilin əmtəə dəyərinin itirilib-itirilməməsi, itirilmişdirsə bunun nəticəsində dəymiş maddi ziyanın hesablanması mümkün olmadığından və iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının hazırki tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının “X4” MMC-yə qiymətləndirmə xərci olaraq ödənilmiş 300 manat pul vəsaitinin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qüsur aktında göstərilən zərərin vurulması ilə bağlı zəruri mötəbər sübutlar təqdim edildiyindən və həmin xərc çəkilməsi zəruri olan xərc hesab edildiyindən, eləcə də 300 manat məbləğində pulun ödənilməsi ilə bağlı qəbz təqdim edildiyindən həmin xərcin cavabdehdən tutulması məqsədəmüvafiqdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 127 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 8171,27 manat, qiymətləndirmə xərcinə görə 300 manat olmaqla, cəmi 8471,27 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 127 manat pulun 86 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 8171,27 manat, qiymətləndirmə xərcinə görə 300 manat olmaqla, cəmi 8471,27 (səkkiz min dörd yüz yetmiş bir manat, iyirmi yeddi qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 127 manat pulun 86 (səksən altı) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1358/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1358/2025
17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver