Məhkəmə qərarları › İş №2(005)-1368/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1368/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1368/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 03.11.2010-cu il təvəllüdlü X2 və 31.08.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa aylıq 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.10.2010-cu il tarixdə Cavabdeh ilə rəsmi hüquqi nikaha girərək ailə qurmuş, birgə nikahlarından 03.11.2010-cu ildə X4, 31.08.2012-ci ildə isə X5 adında uşaqları doğulmuşdur. Cavabdeh Xaçmaz rayonunun, Qusarçay kəndində qeydiyyatda olmasına baxmayaraq 11 ildir ki, ailəvi anasına məxsus Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası (hazırkı adı Fərid Əhmədov) küçəsindəki 673 saylı evdə yaşayır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2021 saylı 03.03.2021 -ci il tarixli qətnaməsinə əsasən onun cavabdehə qarşı iddiası təmin edilmiş, 05.02.2021-ci il tarixdən başlayaraq 03.11.2010-cu il təvəllüdlü Aylin Rəcəb qızı və 31.08.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manatın tutulması qət edilmişdir. Uşaqlar üçün yaşayış minimumu Azərbaycan Respublikası Qanuna əsasən 2022-ci il üçün 193 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də uşaqlarının artan tələbatını ödəmək üçün 2022-ci ilin yanvar ayından cavabdeh uşaqların yetkinlilk yaşına çatanadək onların saxlanması üçün iddiaçıya hər ay onların hər birinə ayrı-ayrılıqda 193 manat olmaqla, cəmisi 386 manat sabit pul məbləğində aliment verilməsi zəruridir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi təmin edilmiş, 05.02.2021-ci il tarixdən başlayaraq, 03.11.2010-cu il təvəllüdlü X4 və 31.08.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir - Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 006378 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 03.11.2010-cu ildə X4 adlı uşaqları anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 04 fevral 2011-ci ildə 256 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.09.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 965335 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 31.08.2012-ci ildə X5 adlı uşaqları anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 29.09.2012-ci ildə 2145 nömrə ilə qeyd edilmişdir. - ASAN 1 tərəfindən 16.01.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflər arasında olan rəsmi nikahdan 03.11.2010-cu il təvəllüdlü X4 və 31.08.2012-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. Cavabdehin daimi iş yeri müəyyən edilməmişdir. Buna görə də, məhkəmə alimentin sabit pul məbləğində müəyyən edilərək həmin məbləğin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, iddiaçı tərəfindən cavabdehin hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin ödənilməsini tələb edir. Yetkinlik yaşına çatmayanlar üçün 2018-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunana maddi hüququn normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, 03.11.2010-cu il təvəllüdlü X2 və 31.08.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03.11.2010-cu il təvəllüdlü X2 və 31.08.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1567/2021 nömrəli, 03.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 03.11.2010-cu il təvəllüdlü X2 və 31.08.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar