Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-137/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X13 Mehdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun səhhətinə vurulmuş ziyana görə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-dan müştərək qaydada 108.000 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı bacısına məxsusdur. Bir ilə yaxındır ki, göstərilən ünvanda yaşayır. Musiqiçi olduğundan 2002-ci ildən sintizator ifaçısı kimi toylarda iştirak edərək pul qazanırdı. 23 oktyabr 2021-ci il tarixdə təxminən saat 20:00 radələrində müddətli həqiqi hərbi xidmətdə olduğu zaman komandiri olmuş Bəxtiyar ona zəng edərək çay içmək istədiyini bildirdi. Bundan sonra paltarını geyinərək yaşadığı binanın 11-ci mərtəbəsində liftin düyməsini basdı. Blokda həm yük və həm də sərnişin lifti vardır. Hər bir liftin yanında lifti çağırmaq üçün düymə vardır. Onlardan hansı bir düyməni basmaqdan asılı olmayaraq hansı bir lift boşdursa həmin lift gəlirdi. 11-ci mərtəbədə olan zaman liftin düyməsini basıb, lifti gözlədi. Lifti gözləyən zaman lift yuxarı mərtəbədə idi və aşağı hərəkət etdi. Lift yuxarı mərtəbədən onun olduğu 11 -ci mərtəbəyə çatdı və liftin qapısı açıldı. Liftdə 2 nəfər cavan oğlan var idi. O da liftə mindi və liftdə artıq 1-ci mərtəbənin düyməsi basıldığından, heç bir düyməni basmadı. Liftə mindikdən sonra lift aşağı mərtəbəyə doğru hərəkət etməyə başladı və lift 8-ci mərtəbədə dayandı. Sonra lift 7ci və 5-ci mərtəbədə dayandı və hər mərtəbədə əlavə olaraq 2 nəfər şəxs liftə daxil oldu. Beləliklə, liftdə cəmi 7 nəfər adam oldu. Liftin qapısı bağlandıqdan sonra lift 1-ci mərtəbəyə doğru hərəkət etdi və 1-ci mərtəbəyə çatdıqda liftin qapısı açılmadı. Təxminən bir dəqiqə dayandıqdan sonra lift öz-özünə yuxarı mərtəbələrə doğru hərəkət etməyə başladı. Lift 22-ci mərtəbəyə çatdıqdan sonra dayandı və liftin qapıları yenə açılmadı, lakin liftdə silkələnmə baş verdi. Lift 22-ci mərtəbədə təxminən 10 saniyə dayadıqdan sonra sürətlə aşağıya doğru hərəkət etməyə başladı və sürətlə 1-ci mərtəbəyə çırpıldı. Lift 1-ci mərtəbəyə çırpıldıqdan sonra liftin içərisində olan şəxslər qışqırmağa başladı və həmin vaxt oraya insanlar gələrək liftin qapısını aralayıb onları liftdən çıxardılar. Orada olan insanlar liftin qapısını araladıqdan sonra liftdən çıxmışlar. Blokdan çölə çıxdıqdan sonra ayaqüstə gəzə bilmədiyini və iki ayağının şişdiyini hiss etdi. Bundan sonra binanın həyətinə gələn TTYS-nın köməkliyi ilə liftə olan və xəsarət alan tanımadığı digər şəxslərlə birlikdə onu 1 saylı ŞKX-na aparmışlar. 1 saylı ŞKX-da olduğu zaman sol ayağının topuq nahiyyəsindən sındığını və sağ ayağının çatladığını öyrəndi. Bundan sonra orada ona ilkin tibbi yardım göstərildi və bildirildi ki, iki gündən sonra sol ayağı əməliyyat olunmalıdır. 1 saylı ŞKX-da ilkin tibbi yardım göstərildikdən sonra evə qayıtdı və iki gündən sonra yenidən həmin xəstəxanaya gedərək sol ayağından əməliyyat olundu. Hazırda da səhhəti yaxşı vəziyyətdə deyil, normal gəzməkdə belə çətinlik çəkir və işləyə bilmir. Göstərilən fakt üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış və araşdırma zamanı material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı almış olduğu xəsarətlər sol iç topuğun qapalı, qəlpəli, yerdəyişən, sağ iç topuğun qapalı yerdəyişməyən sınıqları, osteosintez əməliyyatından sonrakı vəziyyət küt əşyanın (əşyaların) təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə hündürmərtəbəli binanın liftinin nasazlıq səbəbindən yuxarı mərtəbədən sürətlə şaxtaya çırpılması nəticəsində əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Həmçinin material üzrə məhkəmə-təhlükəsizlik texnikası ekspertizası təyin edilmişdir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 15 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci mərtəbəsində quraşdırılmış sərnişin liftində sürət məhdudlaşdıran tutacaqlar quraşdırılmadığına, liftin daimi saz vəziyyətdə saxlanması üçün dövri olaraq texniki müayinə və yoxlamalar keçirilmədiyinə və liftdə yaranmış nasazlığın aradan qaldırılması üçün bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olmayan şəxs(lər) cəlb olunmaqla liftdə yaranmış qüsurların vaxtında və keyfiyyətli şəkildə aradan qaldırılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydalan»nın 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1 bəndlərinin və «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələbləri pozulmuşdur ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Taarifixtisas Sorğu Kitabçası»nda olan «Müəssisə direktorunun əmək funksiyası»nın tələblərinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci mərtəbəsində quraşdırılmış sərnişin liftinin surət məhdudlaşdıran tutacaqlar ilə təmin edilməsi və liftin daimi saz vəziyyətdə saxlanması üçün dövri olaraq texniki müayinə və yoxlamaların keçirilməsi təşkil edilmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»mn 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1 bəndlərinin tələbləri "xxxx" MTK-nın sədri tərəfindən pozulmuşdur. ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci mərtəbəsində quraşdırılmış sərnişin liftində yaranmış nasazlığın aradan qaldırılması üçün bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olmayan şəxs(lər) cəlb edildiyinə (bununla da liftdə yaranmış qüsurların vaxtında və keyfiyyətli şəkildə aradan qaldırılması təmin edilməmişdir) görə, «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələbləri "xxxx" M'l K-da iş icraçısı (komendant) vəzifəsində işləyən Cavabdeh1 tərəfindən pozulmuşdur. Beləliklə, 23 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci mərtəbəsində quraşdırılmış lift nasazlıq üzündən hadisə baş verməsi, hadisə nəticəsində mənə səbətimə az ağır zərər dəyməsi; liftin sürət məhdudlaşdırıcı tutacaqlar ilə təmin edilməsi və liftin daimi saz vəziyyətdə saxlanması üçün dövri olaraq texniki müayinə və yoxlamaların keçirilməsi təşkil edilmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydalan»nın 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.4.1 bəndlərinin tələblərinin "xxxx" MTK-nın sədri tərəfindən; «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələblərinin isə "xxxx" MTK-da iş icraçısı (komendant) vəzifəsində işləyən Cavabdeh1 İmaməddiıı oğlu tərəfindən pozulması sübuta yetirilmişdir. Hazırda 35 yaşı var. Səhhəti yaxşı vəziyyətdə deyil, normal gəzməkdə belə çətinlik çəkir, işləyə bilmir. Göstərilənlərə əsasən, 23 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 22 mərtəbəli binanın 2-ci korpusunun 2-ci mərtəbəsində quraşdırılmış liftdə nasazlıq üzündən hadisə baş verməsi, hadisə nəticəsində onun səhhətinə az ağır zərər dəyməsi; liftin sürət məhdudlaşdıran tutacaqlar ilə təmin edilməsi və liftin daimi saz vəziyyətdə saxlanması üçün dövri olaraq texniki müayinə və yoxlamaların keçirilməsi təşkil edilmədiyinə görə, «Liftlərin quraşdırılması və istismarında təhlükəsizlik qaydaları»nın 4.7.1, 7.3.1, 7.3.6, 7.3.7, 7.1 bəndlərinin tələblərinin "xxxx" MTK-nın sədri tərəfindən; «Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istifadənin ümumi qaydası və şərtləri»nin 11 bəndinin tələblərinin isə "xxxx" MTK-da iş icraçısı (komendant) vəzifəsində işləyən Cavabdeh1 tərəfindən pozulması sübuta yetirildiyindən, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizlikləri) nəticəsində onun səhhətinə vurulmuş zərər cavabdehlər tərəfindən ona ödənilməlidir. Ona zərərin vurulma anında onun hələ 35 yaşı tamam olmamışdır. Musiqiçi olduğundan 2002-ci ildən sintizator ifaçısı kimi toylarda iştirak edərək pul qazanırdı. Lakin, bu qaydada qazancı qeyri-rəsmi olmuşdur. Buna görə də ona ödənilməli olan zərər Azərbaycan Respublikası MM-nin 1119.4-cü maddəsinə müvafiq olaraq gündəlik altı manatdan az olmamalıdır. Yəni gündəlik ən azı on manat təyin edilməlidir. Gündəlik 10 manat isə aylıq 300 manat təşkil edir ki, bu da illik 3600 manat təşkil edir. Onun pensiya yaşınadək olan müddətə 30 il qalmışdır. Odur ki, onun səhhətinə dəymiş zərər ən azı hər ili 3600 manat olmaqla 30 il üçün 108.000 manat təşkil edir ki, bu məbləğdə cavabdehlərdən alınaraq ona ödəniliməlidir Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil1 Hüseyn qızı xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı, iddia ərizəsində qeyd edir ki, xəsarət alan tarixə (xx.xx.2021-ci il) kimi əmək fəaliyyəti ilə məşğul olmuş, toylarda sintezator çalaraq qazanc əldə etmişdir. Lakin iddiaçı, bu dəlillərini, yəni sintezator çalmaqla qazanc əldə etdiyini, daha dəqiq desək hansı yerlərdə və məkanlarda, tək və ya qrup tərkibində, həftədə (və ya ayda) neçə gün və ya neçə saat bu fəaliyyətlə məşğul olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən İddiaçı qanunla qadağan olunmayan iş fəaliyyəti ilə məşğul olurdusa, o işəgötürənlə müqavilə bağlamalı idi. İddiaçı vaxtında bu kimi müqavilə bağlasaydı, mövcud qanunvericiliyə görə, onun əmək qabiliyyətinin itirilməsi müddətində məcburi dövlət sosial sığorta haqqları hesabına müavinət almaq hüququ yaranardı. Lakin görünür ki, iddiaçı, Azərbaycan Respublikasının Qanunlarının ona verdiyi bu imtiyazlardan (hüquqlardan) könüllü olaraq istifadə etmək istəməmişdir. İddiaçının bu hərəkətsizliyinə görə məsuliyyətin hazırda cavabdehlərin üzərinə qoyulması isə ədalətsiz olardı. İddiaçının sintezator çalmaqla qazanc əldə etməsini qəbul etsək belə, yenə də hesab edirlər ki, iddiaçının iddiasının təmin edilməsi üçün əsaslar mövcud deyildir. Çünki, iddiaçının iddia ərizəsindən və iddia ərizəsinə əlavə olunmuş ambulator kartadan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçının aldığı xəsarətlər - sol və sağ ayağının sınığından ibarətdir. xx.xx.2021-ci il tarixdə iddiaçı Klinik Şəhər Xəstəxanasına daxil olmuş, 26.102021-ci il tarixdə sol iç topuğunun sınığına görə cərrahi əməliyyat olunmuş, xx.xx.2021-ci il tarixdə isə evə yazılmışdır. Evə yazılarkən ona 4 həftə müddətində ayağa yük verməmək tövsiyyə edilmişdir. Göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə xəsarət almış, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə ambulator müalicə almışdır. xx.xx.2021-ci il tarixdən sonra İddiaçı ambulator şəraitdə müalicəsinin davam etdirilməsi barədə xəstəlik vərəqəsi yoxdur. Bu baxımdan hesab edilməlidir ki, İddiaçı əmək qabiliyyətinin itirdiyi müddət 1 ay 5 gün təşkil edir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçının xəsarət almazdan əvvəl, hər hansı işdə işləməsi iş materialları ilə təsdiq olunmur. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı hər hansı qazancdan da məhrum olmamışdır. Beləliklə də müəyyən edilir ki, İddiaçı aldığı xəsarətlər, sintezator çalmaq üçün işlək (sağlam) vəziyyətdə olması tələb olunan əllər, görmə və eşitmə orqanları ilə bağlı olmamışdır. Xəsarət alınan vaxtdan bu günədək iddiaçım əlləri də, gözləri də, qulaqları da, başı da salamatdı. İddiaçı sintezator çalmasına mane olan xəsarətlər almamışdır, bununla bağlı müvafiq həkim məsləhət komissiyasının və ya müvafiq orqanın rəyi və ya qərarı yoxdur. Bunlardan başqa, bildiririk ki, sağlamlığa vurulmuş zərərin əvəzinin iddiaçıya pensiya yaşına çatanadək ödənilməsi barədə dəlillər də əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçının əmək qabiliyətinin uzun müddətə və ya ömürlük itirilməsi barədə sübut yoxdur. İddiaçıya bununla bağlı əlillik dərəcəsi də təyin olunmamışdır. İddiaçı hazırda da məhkəməyə sərbəst, kənar kömək olmadan gəlir, məhkəmə iclaslarında iştirak edir. Bütün bu faktlar təsdiq edir ki, iddiaçı tam əmək qabiliyyətli şəxsdir və əmək fəaliyyəti ilə məşğul olmasını məhdudlaşdıran hal mövcud deyil. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı, cavabdehlərə qarşı irəli sürdüyü “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Real-MTK" MTK-ya qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 102, M11, m3) X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 102, M11, m3) X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 28 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 20 radələrində “MTK-REAL" MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 21, 955ci məhəllədə inşa etdiyi 22 mərtəbəli binanın 2-ci korpusunun, 2-ci blokunda sərnişin-yük liftinin qəza nəticəsində yuxarı mərtəbədən sürətlə aşağı enməsi və 1-ci mərtəbədə yerləşən məhdudlaşdırıcıya dəyməsi nəticəsində həmin vaxt liftin içərisində 8 nəfər şəxsdən 5 nəfər, yəni X4, İddiaçı, X14, X9 Mansoor və X1 xəsarət almaları faktında "xxxx" MTK-nın sədri X2 və “MTK Real" MTK-da iş icraçısı "komendant" vəzifəsində işləyən Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı aldığı xəsarətlər - sol və sağ ayağının sınığından ibarətdir. xx.xx.2021-ci il tarixdə iddiaçı Klinik Şəhər Xəstəxanasına daxil olmuş, xx.xx.2021-ci il tarixdə sol iç topuğunun sınığına görə cərrahi əməliyyat olunmuş, xx.xx.2021-ci il tarixdə isə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan TQS 027 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə sol iç topuğun metal fiksatorlu bitişmiş sınığı diaqnozu qoyulmuşdur. Xəstəyə metal fiksatorun xaric edilməsi müalicəsi aparılmış və xx.xx.2022-ci il tarixdə isə evə yazılmışdır. İş materiallarında olan X12 X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 8281 nömrəli epikrizindən görünür ki, xx.xx.2022-ci il tarixdə xəstə İddiaçı sol ayağında olan metal fiksatorun çıxarılması üçün KTM-ə müraciət etmişdir. Xəstə tərəflərindən müayinə olunmuş sol iç topuğun metal fiksatorlu bitişmiş sınığı diaqnuzo qoyulmuşdur. Xəstəyə xx.xx.2022-ci il tarixdə “Metal fiksatorun xaric edilməsi” cərrahi əməliyyatı olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, ağırlaşma olmamışdır. Xəstə sonra ambulator müalicə üçün xx.xx.2022-ci il tarixdə evə yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 102/KEŞ nömrəli ekspert rəyindən görünür ki, “X12” PHŞ-də İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə liftin qırılması nəticəsində almış olduğu “Sol iç topuğun qapalı, qəlpəli yerdəyişmiş, sağ iç topuğun qapalı yerdəyişməmiş sınığı” xəsarətləri ilə xəstəxanaya daxil olmuşdur. Bununla əlaqədar onun üzərində “Metalloosteosintez” və “Metal fiksatorun xaric edilməsi” cərrahiyyə əməliyyatları icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda nisbi hərəkət məhdudluğunun olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar onun fizioterapiya müalicəsinə ehtiyacı vardır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. 23 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 21, 955-ci məhəllədə inşa etdiyi 22 mərtəbəli binanın 2-ci korpusunun, 2-ci blokunda sərnişin-yük liftinin qəza nəticəsində yuxarı mərtəbədən sürətlə aşağı enməsi və 1-ci mərtəbədə yerləşən məhdudlaşdırıcıya dəyməsi nəticəsində iddiaçı sol ayağının topuq nahiyyəsindən və sağ ayağından xəsarətlər almışdır. Göstərilən fakt üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, 28 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı ilə fakt üzrə "xxxx" MTK-nın sədri X2 və “MTK Real" MTK-da iş icraçısı "komendant" vəzifəsində işləyən Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, musiqiçi kimi 2002-ci ildən sintizator ifaçısı olmuş, lakin qazancı qeyri-rəsmi olmuşdur. Buna görə də ona ödənilməli olan zərər Azərbaycan Respublikası MM-nin 1119.4-cü maddəsinə müvafiq olaraq gündəlik altı manatdan az olmamalıdır. Yəni gündəlik ən azı on manat təyin edilməlidir. Gündəlik 10 manat isə aylıq 300 manat təşkil edir ki, bu da illik 3600 manat təşkil edir. Onun pensiya yaşınadək olan müddətə 30 il qalmışdır. Odur ki, onun səhhətinə dəymiş zərər ən azı hər ili 3600 manat olmaqla 30 il üçün 108.000 manat təşkil edir ki, bu məbləğdə cavabdehlərdən alınaraq ona ödənilməlidir. İddiaçının iddia tələbinin əsasını cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində onun sağlamlığına dəymiş zərərə görə itirilmiş qazancın kompensasiyası təşkil edir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1119.2-ci maddəsinə əsasən, Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Həmin Məcəllənin 1119.3-cü maddəsinə əsasən, zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Həmin Məcəllənin 1119.4-cü maddəsinə əsasən, zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia ərizəsində xəsarət alan tarixə (xx.xx.2021-ci il) kimi toylarda sintezator çalaraq qazanc əldə etdiyini qeyd etsə də, lakin iddiaçı, bu dəlillərini, bu fəaliyyətlə məşğul olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının xəsarət almazdan əvvəl, hər hansı işdə işləməsi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qərardadı ilə təyin edilmiş ekspert rəyindən görünür ki, iddiaçıya “Metalloosteosintez” və “Metal fiksatorun xaric edilməsi” cərrahiyyə əməliyyatları icra edilmiş, İddiaçı mütəxəssis müayinəsi zamanı onda nisbi hərəkət məhdudluğunun olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar onun sadəcə fizioterapiya müalicəsinə ehtiyacı olduğu qeyd edilmişdir. Göründüyü kimi, hazırda iddiaçının əmək qabiliyyətini itirməməsi mülki işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı tərəfindən əmək qabiliyyətini itirməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məlum olduğu kimi mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, müəyyən sübutetmə vasitələri ilə sübutedilməli hallar başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan iddiaçı tərəfindən məhkəməyə hər hansı təsdiqedici dəlillər təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sağlamlığına dəymiş ziyanın əvəzində pensiya yaşına 30 il qalmasına istinad edib birdəfəlik ödəniş şəklində 108.000 manat pul tələb edir. Göstərilən iddia tələbinə münasibətdə məhkəmə bildirir ki, qanunvericilikdəki müvafiq müddəaların təfsiri onu deməyə əsas verir ki, bu kateqoriya iddialarda iddiaçı müvafiq sübutlar və dəlillər əsas gətirməklə, sağlamlığına vurulmuş zərərin əvəzində vaxtaşırı aylıq ödəmə şəklində pul vəsaitinin ödənilməsini tələb edə bilər. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni iddiaçı cavabdehlər tərəfindən ona almış olduğu xəsarət nəticəsində 108.000 manat məbləğində gəlirini itirdiyini qeyd etsə də, bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" MTK-ya qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-137/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-137/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver