Məhkəmə qərarları › İş №2(005)-1372/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1372/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1372/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatmalarına qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşaq üçün 250 manat, cəmi 500 manat olmaqla, sabit pul məbləği formasında alinmentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh V.İskəndorov ilə aramızda olan nikah pozulmuş və xx.xx.2023-cü ildə nikahın pozulması qeydiyyata alınaraq şəhadətnamə verilmişdir. Birgə yaşayış dövrü ərzində, yəni xx.xx.2015-ci ildə Altun və xx.xx.2018-ci ildə Tahirə adlı uşaqları anadan olmuşdur və yuxarıda adı çəkilən məhkəmənin qətnaməsi ilə uşaqlar onun himayəsində saxlanılmışdır. Qeyd etmək istəyir ki, cavabdeh V.İskəndorov DİN-nin Mühafizə Baş İdarəsinin əməkdaşıdır, dövlət tərəfindən kifayət qədər maddi təminatı olan şəxsdir, ailəsində olan anası əmək haqqı alır. Məhkəmənin qərarı ilə uşaqla görüşmək üçün vaxt müəyyən olunsa da, cavabdeh heç zaman uşaqlar ilə maraqlanmamış, qətnamə ilə müəyyən olunmuş vaxtda və yaxud digər zamanlarda uşaqlarla görüşməyə belə cəhd etməmiş, onların sağlamlığına, normal böyüməsinə əhəmiyyət verməmişdir. Böyük övladım olan Altun bronxit astma xəstəliyindən əziyyət çəkir, ayaqlarında sümük deformasiya əlamətləri ilə bağlı əyriliyi vardır. Mütəmadi müalicə kursları qəbul edir və bu müalicə kursları uzun müddət davam etdirilməsi məsləhət görülmüşdür. Bu barədə cavabdehə dəfələrlə müraciət etsəm də, nəticəsi olmamış, valideynlik borcunu, ata qayğısını yaddan çıxarmışdır. Uşaqlara qarşı biganəlik, soyuqluq o həddə olmuşdur ki, cavabdeh könüllü alimenti ödəməkdən həmişə boyun qaçırmış, məhkəmə qətnaməsi ilə qət olunmuş alimentin həcmini müxtəlif bəhanələrlə azaltmağa çalışmışdır. Bu onun dolayısı ilə qərəzli olaraq uşaqlara köməklik etmək, alimenti ödəməkdən boyun qaçırması deməkdir. Yalnız öz valideynlərimin köməkliyi ilə uşaqları saxlayıram və göstərmək istəyirəm ki, özüm də işləmirəm. Altun 3-cü sinfə, Tahirə isə məktəbəqədər tədrisdə oxuyur. Uşaqlar böyüdükcə qayğıları və xərcləri də artır. Ailədə başqa gəlir və qazanc yeri yoxdur. Maddi cəhətdən çətinlik çəkir. Hazırda zəruri müalicə kursu aparılmalı olduğu halda, maddi vəsait kifayət etmədiyi üçün xəstə uşağın müalicəsi yarımçıq qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, alimentin hansı zərurətidən dəyişdirilməsini iddiaçı əsaslandıra bilməmiş, əmək haqqının artması barədə sübut təqdim etməmiş və sırf formal əsaslarla məhkəməyə müraciət etmişdir. Əksinə cavabdehin təqdim etdiyi müvqfiq arayışdan görünür ki, maddi vəziyyətində hər hansı yaxşılaşma olmamış və əmək haqqı artmamışdır. Məhkəməyə təqdim etdiyi nikah şəhadətnaməsindən göründüyü kimi 09 sentyabr 2022-ci ildə rəsmi nikaha daxil olmuş və ailə xərcləri artmışdır. Digər tərəfdən uşaqların saxlanılması bir valideynin deyil hər iki valideynin vəzifəsidir. Cavabdeh eyni zamanda izahatında əlavə gəlirinin olmadığını, idarə tərəfindən əlavə yerdə işləməyə icazə verilmədiyini, uşaqlarla icra məmurunun təkidi ilə görüşdüyünü, uşağın xəstəliyini bilmədiyini, iddiaçı uşağını ona göstərsə özünün uşağı müalicə üçün həkimə aparacağını, hazırda həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, cavabdehin maddi vəziyyətinin dəyişmədiyini, iddiaçının xəstəlik ilə bağlı cavabdehə məlumat vermədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh iddiaçı X3 xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək , hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat müəyyən edilməsi qət edilmişdir. - AR DİN Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə Polis İdarəsinin arayışından görünür ki, Cavabdeh polis idarəsində manqa komandiri vəzifəsində xidmət edir və ayda hesablanan 775,90 manat əmək haqqından 14% gəlir vergisi (41,72 manat), 3% DSMF-na (23,28 manat), 1% ianə fonduna (3,81 manat), 2% tibbi sığortaya (14,24 manat) alimentə görə (300 manat) tutulduqdan sonra 392,85 manat əmək haqqı ödənilir. - AZ-İ 443089 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah xx.xx.2021-ci il tarixində pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə İskəndərov, qadına Quliyeva soyadı verilmişdir. - AZ-T 066507 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X6 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-T 080653 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - 3 nömrəli Poliklinika Şöbəsinin 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X7 xx.xx.2023-cü ildən yastıpəncə, döş qəfəsinin deformasiya və qamət əyriliyi ilə cərrahın qeydiyyatındadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynin daimi gəliri yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 №-li Qərarının: 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində mövcud olan “istehlak qiymətləri indeksinin hesablamasına dair” kalkulyatoru vasitəsilə hazırki iş üzrə alimentin məbləğinin son dəfə artırıldığı dövr (2022-ci ilin may ayı) ilə 2024cü ilin mart ayının istehlak qiymətləri indeksini müqayisə etdikdə aydın olur ki, bu zaman kəsiyi ərzində respublika üzrə qiymətlərin səviyyəsi 112 faiz artmışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin və tutulma qaydasının dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə İddiaçı iddia tələbini alimentin artırılması hissəsində qismən əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün 193 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə aliment məbləğinin artırılaraq hər ay 250 manat olmaqla cəmi 500 manat məbləğində müəyyən edilməsi hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin həmin məbləğdə aliment ödəmək imkanı olduğunu təsdiq edən sübut təqdim edə bilmədiyindən, uşağın saxlanılması hər iki valideynin öhdəliyi olduğundan aliment məbləğinin 205 manat müəyyən edilməsi daha ədalətlidir. Eyni zamanda məhkəmə cavabdehin etirazı ilə bağlı qeyd edir ki, uşaqları saxlamaq cavabdehin valideynlik vəzifəsidir. AR Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarından da görünür ki, alimentin təyin edildiyi vaxtdan indiyə qədər cavabdehin qazancında hər hansı dəyişikliyin olmaması, yenidən ailə həyatı qurması, kredit borclarının olması onu aliment öhdəliyindən azad etmir. Bu səbəbdən də cavabdehin etirazı əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, alimentin müəyyən hissə şəklində tutulmasının artıq mümkün olmadığını, ödəmələrin miqdarını müəyyənləşdirən halların dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu, uşaqlardan birinin xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün həruşaq üçün hər ay 205 manat olmaqla, cəmi 410 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.20-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasını, hazırki mülki iş üzrə alimentin iddiaçının xeyrinə tutulmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 4920 manat təşkil etdiyindən, 69,20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1846/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün hər ay 205 manat olmaqla, cəmi 410 (dörd yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X5 69,20 (altmış doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar