Məhkəmə qərarları › İş №2(005)-1383/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1383/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1383/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılması, birgə nikahdan doğulan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cəmi 660 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2016-cı il tarixdə ailə qurmuşdur. Nikahın bağlanması barədə Sumqayıt şəhər Nikah evi tərəfindən 954 saylı qeydlə xx.xx.2007-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. Birgə nikah dövründə xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2014-ci il təvəllüdlü X5 adlı 3 övladları dünyaya gəlmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən birgə nikahdan doğulan xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 27 iyul 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Cavabdeh aliment öhdəliklərini vaxtlı-vaxtında icra etmir. Uşağın bütün maddi qayğısı hazırda onun üzərindədir. Cavabdeh məhkəməyə dəftərxana vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının tələbi uşağların maddi qayğısına deyil, əlavə gəlir əldə edilməsinə hesablanmışdır. Belə ki, iddiaçı hazırda yüksək miqdarda əmək haqqı almaqla, şəhərin mərkəzində 4 otaqlı yüksək şəraitli evə sahibdir. Hazırda tərəfindən ödənilən aliment ödənişini təyinatı üzrə istifadə etmir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən təyin edilən alimenti ödəməkdə çətinlik çəkir. Maddi durumu aşağı olduğundan müvafiq aliment öhdəliklərini də qarşılamaq iqtidarında deyil. İddiaçı iddia tələbində uşağların maddi tələbatlarını öhdəsindən tək gəldiyini, eləcə də təlimtərbiyəsi ilə maraqlandığını bildirsə də, hətta birgə nikah dövründə də öz valideyn öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçının himayəsində olan 3 uşaq hazırda öz təhsillərinə vaxt ayırmalı olduğları halda sosial şəbəkələrdə qeyri-etik videolar çəkərək paylaşmaqdadırlar. İddiaçı hətta özü də bu hərəkətləri öz hesabından paylaşaraq stimullaşdırır. İddiaçı birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X7 ölkəni nüfuzlu təhsil müəssisələrindən birində təhsil almasına baxmayaraq, buradan uzaqlaşdırmış, eləcə də xx.xx.2014-cü il təvəllüdlü oğulları X5 dünyaya gəldikdən sonra iddiaçı Naxçıvanda onu öz ata-anasının yanına qoyaraq getmiş, dəfələrlə buna etirazına baxmayaraq, uşağa bir ana kimi heç bir qayğı göstərməmişdir. İddiaçı həmin uşağı yalnız nikah pozulduqdan 1 il sonra öz yanına gətirmişdir. Həmçinin qeyd etmişdir ki, nikah pozulduqdan bir müddət sonra ailə həyatı qurmuş və həmin nikahdan bir övladları olmuşdur. Hazırda yeganə gəlir mənbəyi yoldaşının əmək haqqısıdır. İddiaçı ilə aralarında əvvəllər əmlak bölgüsü tələbinə dair məhkəmə mübahisəsi olmuş və həmin məhkəmə çəkişməsi iddiaçının xeyrinə yekunlaşdığından hazırda kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin mahiyyətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1143/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin 12 aprel 2023-cü il tarixli arayışının məzmunundan görünür ki, Cavabdeh AR ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən işaxtaran kimi qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. 3 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş, AZ-İİ seriyalı, xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X12 xx.xx.2020-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə dünyaya gəlmişdir. Atası Cavabdeh, anası X8r. Sumqayıt Şəhər İcra İdarəsinin xx.xx.2023-cü il tarixli borclunun aliment borcunun olmaması barədə qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1143/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən borclu Cavabdeh 2023-cü ilin yanvar ayının 10-da daxil olmaqla aliment borcu ödənildi, onun hal-hazırda aliment borcu yoxdur. xx.xx.2020-ci il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mətbuat 48 və 34 (1 otaq) ünvanında yerləşən mənzildə hər ay 600 manat ödəniş həyata keçirməklə kirayə qalmaqdadır. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3415/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1143/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə iddia tələbi rədd olunmalıdır. İşin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. İddiaçı alimentin miqdarının artırılmasına əsas olan cavabdehin gəlirləri və ya başqa qazanclarına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin dəyişdirilməsi imkanlarını nəzərdə tutmuşdur. Belə ki, aliment ödəyən şəxsin, eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa bu hal alimentin miqdarının dəyişdirilməsi üçün əsasdır. Bu barədə məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı iddia tələblərində göstərilən hallar qətnamə ilə müəyyən edilmiş alimentin artırılması üçün əsas hesab edilə bilməz. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarda qeyd olunmuşdurki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbi əsassızdır, buna görə də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi rədd olunsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar