Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1389/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda 2020-ci ilin sentyabrında inşa etdikləri tikinti nəticəsində iddiaçıya vurduqları 4921 manat maddi, 5000 manat mənəvi, cəmi 9921 manat məbləğində zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1-də yaşayır və qeydiyyatdadır. Ailə üzvləri çox olduğuna görə belə qərara gəlmişdir ki, yaşadığı mənzilinin 2-ci mərtəbəsini inşa edib, ailə üzvlərini həmin mənzildə yerləşdirsin. Tərəflər arasında mənzilin 2-ci mərtəbəsinin həm tikintisi və həm də dam örtüyünün şiferinin vurulması üzrə qiymətlə əlaqədar kv.m hesabı ilə danışıqlar olmuşdur. Qeyd etdiyi ünvandakı mənzilin 2-ci mərtəbəsinin tikintisi üçün ümumilikdə cavabdehlərə 6055 manat məbləğində pul vermişdir. Həmin puldan 2300 manatını cavabdehlər evin damının şiferinin vurulması ilə əlaqədar ondan xidmət haqqı almışdılar. Tikinti materialının alınmasına isə 1561 manat məbləğində pul vermişdir. 2020-ci ilin sentyabrında cavabdehlər mənzilin damının şiferini vurub qurtarmışdılar. Hazırda isə yağış yağandan sonra mənzilin damının hər yerindən otaqlara sular axır və otaqlarda yaşamaq mümkün olmur. Mənzilinə uzun müddət usta işləmiş ustaları dəvət etmiş, onlar gəlib mənzilin damına baxmış və bildirmişdilər ki, mənzilin damı bütövlükdə dəyişməli, yenidən şifer alınmalı və dam örtüyü yenidən vurulmalıdır. Cavabdehlərin təqsiri üzündən ona 3861 manat məbləğində, yəni 2300 manat məbləğində cavabdehlərə xidmət haqqı qismində verdiyi pul və tikinti materialının alınmasına verdiyi 1561 manat məbləğində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdehlərin onun yaşayış yerinin ikinci mərtəbəsinin tikintisi həm də dam örtüyünün yenidən vurulması nəticəsində onlar iddiaçıya iddia ərizəsində göstərdiyi pul məbləğindən daha artıq maddi ziyan, o cümlədən mənəvi zərər vurmuşlar. Cavabdehlərin yarıtmaz işlərinin nəticəsində tikdikləri ikinci mərtəbənin divar hissəsində təhlükəli çatlar yaranmış, eyni zamanda evin dam örtüyü yararsız quraşdırıldığına görə oradan yağıntı suları çirkaba bulaşmış formada evin içərisinə sızmış, çoxsaylı ləkələr və sair xəsarətlər yaranmışdır. Cavabdehlər tərəfindən quraşdırılmış evin damı get-gedə daha yararsız vəziyyətə düşə bilər və yaşamaq mümkünsüz hala çevrilə bilər. Həmin fəaliyyətin nəticəsində yaranmış qüsurlar həyat və sağlamlıqları üçün real təhlükə mənbəyinə çevrilmişdir deyə onların aradan qaldırılmasına, yəni evin damının sökülərək yenidən quraşdırılmasına böyük ehtiyac yaranmışdır. Bunun üçün çəkilmiş xərclərdən əlavə xeyli məbləğdə əlavə xərclərin çəkilməsi zərurəti yaranmışdır. Gələcəkdə ikinci mərtəbənin damının sökülməsi üçün 1000 manat xərc çəkilməlidir deyə ona iddia ərizəsində qeyd etdiyi 3921 manat xərcdən əlavə 1000 manat, cavabdehlər tərəfindən cəmi 4921 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclaslarında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.07.2021-ci il tarixli, 10/1936 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunan qüsurları nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, 301 saylı mənzilinin dam örtüyünün taxta konstruksiyalarının quraşdırılmasının, dam örtüyünün (profnastil təbəqələr) vurulmasının, dam örtüyünün kənarlarına novların quraşdırılmasının tikinti texnologiyası qaydalarına uyğun icra edilmədiyi müəyyən olunmuş və Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, 301 saylı mənzilinin dam örtüyündə mövcud olan qüsurların bərpa olunması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 3740 manat olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh1 və Cavabdeh2 üzərinə düşür. Belə ki, keyfiyyətsiz icra edilmiş dam örtüyünün vurulması nəticəsində İddiaçı əmlaka ziyan vurmuşdur. İddiaçı dəymiş ziyanı və həmin ziyanın aradan qaldırılması üçün 4921 manat tələb edir, lakin 26.07.2021-ci il tarixli, 10/1936 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küçəsi, ev 27, 301 saylı mənzilinin dam örtüyündə mövcud olan qüsurların bərpa olunması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 3740 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, 26.07.2021-ci il tarixli, 10/1936 nömrəli ekspert rəyini nəzərə alaraq, rəydə qeyd olunan 3740 manat hissədə iddia təmin edilməlidir. Məhkəmə iddianın 30 manat hüquqi xidmətə görə ödəniş” hissəsində qeyd edir ki, iddianın iddianın həmin hissədə təmin olunması üçün sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərərin tələb etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, 50 (əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus əmlaka dəymiş maddi zərərin əvəzi olaraq 3740 manat dəymiş ziyan və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 11,30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, 50 (əlli) manat məbləğində pul Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1389/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1389/2022
01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver