Məhkəmə qərarları › İş №2(005)-1402/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1402/2023

17.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1402/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı Cavabdeh qarşı «pul məbləğinin indeksasiyası» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 49 min manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tutulmuş 140 min manat pul məbləğinin indeksasiyasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, mübahisədə tələbkarın İndeksləşdirmə tələbi məhkəmə qərarının icrasında baş verən gecikmələrdə qaynaqlanır. İddiaçının hazırkı tələbi də iddia icratı qaydasında deyil, qətnamənin icrası qaydasında verilməli idi. Birinci instansiya məhkəmələrinin iddia icraatı qaydasında bu tip işlərə baxması mümkün deyil. Belə ki, Mülki-Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə, qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddənin məzmunundan göründüyü kimi bu institutla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərini əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərərəti yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə qeyd edir ki, hazırda iddia ərizəsində qeyd olunan hökm icra mərhələsindədir və Azərbaycan Respublikası «İcra haqqında» Qanununun tələbinə uyğun olaraq iddiaçının iddia tələbində göstərdiyi hallarla bağlı hökmün icrası qaydasında müraciət etmək hüququ mövcuddur. «İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İddiaçı Cavabdeh qarşı «pul məbləğinin indeksasiyası» tələbinə dair iddia ərizəsi məhkəmədə iddia icraatı qaydasında mübahisələndirilə bilməz. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı «pul məbləğinin indeksasiyası» tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar