Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1406/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı xeyrinə vurduğu ziyana görə 2449,67 manat, ödənilmiş dövlət rüsumuna görə 45 manat, cəmi 2495 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 8 Noyabr prospektində Cavabdeh1 məxsus “Peugeot Xazar” markalı, dövlət nömrə nişanı **-PL-*** olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, ara məsafəsi saxlamadan iddiaçının idarə etdiyi və ona məxsus olan **-VJ-*** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşınının yanından keçərkən onun avtomobilinin sol tərəfinə ziyan vurmuş, avtomobilin sol qanadına, ayaq yerinə, sol qapısına ziyan vuraraq onların təmir edilməsi və rənglənməsi işlərinin aparılmasına ehtiyac yaratmışdır. Hadisə baş verdikdən sonra Cavabdeh1 günahını boynuna alsa da, hadisə yerindən qaçıb getmişdir. Həm yol hərəkəti qaydalarının pozuntusu, həm iddiaçının maşınına dəyən zədələr, həm də cavabdehin hadisədən yayınması faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, DYPİ Müşayiət-Eskort bölüyü YPX əməkdaşları tərəfindən qeydə alınmış, bu barədə İXP ******* saylı Protokol və həmin Protokol əsasında “inzibati tənbeh vermə haqqında” TP ******* saylı xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati tənbeh tətbiq edilərək 100 manat miqdarında cərimə tətbiq edilmişdir və bu qərar artıq qanuni qüvvəsini almışdır. İddiaçının avtomobilinin zədələnməsi faktı Azərbaycan Respublikası DİN Bakı şəhəri, DYPİ Müşayiət-Eskort bölüyü YPX əməkdaşları və "xxxx" MMC tərəfindən təsdiq edilmiş Mİ-136280 saylı, xx.xx.2023-cü il tarixli “Qüsur aktı” ilə də təsdiq olunur. Həmin “Qüsur aktı”na görə cavabdeh tərəfindən iddiaçıya 2449, 67 manat ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, avtomobil onun yoldaşının adına qeydiyyatdadır və rəsmi nikahdadırlar. Qəza zamanı “Peugeot Xazar” markalı, dövlət nömrə nişanı **-PL-*** olan avtomobili Cavabdeh2 idarə edirdi. O bildirib ki, maşının sığortası və onun etibarnaməsi yoxdur, dəyən ziyanı özü ödəyəcək. O, iddiaçıya köhnə şəxsiyyət vəsiqəsini verərək, onun telefon nömrəsini almış və maşını təmir etmək üçün gələcəyini bildirmiş, lakin gəlməmişdir. Nəqliyyat vasitəsinin nömrəsini görüb 102 qaynar xəttinə zəng edərək şikayət etmişdir. O, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün onu servisə aparıb, müvafiq qüsur aktını əldə edib. Beləliklə o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, avtomobil bankın adına qeydiyyatdadır, o isə lizinqə götürüb. Həmin avtomobili satmaq istəmiş və satmaq üçün onu Cavabdeh2 2-3 saatlıq vermiş, o, isə qəza törətmişdir. Bu barədə ona heç bir məlumat verməmişdir. Etibarnamə onun adına olduğu üçün yol nəqliyyat hadisəsinə görə onu cərimə etmişlər. İddiaçının təqdim etdiyi qüsur aktı ilə razı deyildir. Dəymiş zərərin yarısını ödəməyə hazırdır. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero” minik markalı, **-VJ-*** dölvlət qeydiyyat nişanlı avotomobil X3 məxsusdur; - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 11 iyul 1980cı il tarixində nikaha daxil olmuş və arvada “Barxalova” soyadı verilmişdir; - xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokolun və TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Khazar Peugeot minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə müəyyən edilmiş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir; - Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Khazar Peugeot” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019cu il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **-XR-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X1 adına rəsmiləşdirilmişdir. “Khazar Peugeot” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir; - "xxxx" MMC tərəfindən tərtib edilmiş Mİ-136280 saylı, 3.02.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mitsubishi Pajero” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 2449,67 manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4380 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Mitsubishi Pajero” minik markalı, **-VJ- *** dölvlət qeydiyyat nişanlı avotomobilin təmir-bərpa xərci təxminən 1442 manat müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə “Peugeot Xazar” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus **-VJ-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero” markalı avtomobilə zərər yetirmişdir. “Peugeot Xazar” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil digər Cavabdeh1 məxsus olmuşdur. İnzibati təənbeh tədbiri Cavabdeh1 barəsində tətbiq edilsə də, hər iki tərəfin izahatına əsasən yol nəqliyyat vasitəsi baş verərkən avtomobili Cavabdeh2 etibarnaməsiz idarə etmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin cavabdehlər tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 hadisənin baş verdiyi vaxt Cavabdeh1 məxsus “Khazar Peugeot minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edərək 8 noyabr prospekti ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati tənbeh vermə haqqında qərarla avtomobilin qanuni sahibi Cavabdeh1 İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Belə ki, inzibati tənbeh qanuni sahib Cavabdeh1 barəsində tətbiq edilsə də, hər iki tərəfin izahatına əsasən avtomobil hadisə baş verən vaxt Cavabdeh2 tərəfindən idarə edilmiş və sonuncu iddiaçıya şəxsiyyət vəsiqəsini təqdim edərək zərəri ödəyəcəyini bildirmişdir. Digər tərəfdən nəqliyyat vasitəsi Cavabdeh1 qanuni sahibliyində olduğundan və o, etibarnamə olmadan avtomobilin Cavabdeh2 tərəfindən idarə edilməsinə imkan yaratdığından, o da dəymiş zərərlə bağlı müvafiq məsuliyyət daşımalıdır. Belə ki, İXM-in 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi özlüyündə hüquq pozuntusudur. Konstitusiya Məhkəməsi Plenumunun təqsirsiz məsuliyyətlə bağlı hüquqi mövqeyinə görə, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə uyğun olaraq, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən qanuni sahibə, yaxud zərər vurana və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh2 səbəb olduğu zərərə görə avtomobilin qanuni sahibi olan Cavabdeh1 da Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyır. Belə ki, hazırki işdə avtomobilin qanuni sahibinin məsuliyyətini istisna edən və Mülki Məcəllənin 1108.2-ci maddəsində sadalanan hallar aşkar edilməmişdir. Həmçinin qanuni sahib olan Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında müvafiq hüquq pozuntusunun mövcudluğunu qəbul edərək, zərərin məbləğinin yarısını ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Tələb edilən ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia ərizəsində dəymiş ziyanın ümumi məbləği 2449,67 manat olaraq göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4380 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ziyanın məbləği 1442 manat olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş iddiaçının ümumi birgə mülkiyyəti hesab olunan “Mitsubishi Pajero” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpasının ümumi və real xərci ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalı və 1442 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 1442 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 45 manat pulun 26 manatı, cəmi 1468 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərə görə 1442 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 45 manat pulun 26 manatı, cəmi 1468 (min dörd yüz altmış səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1406/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1406/2023
01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver