Məhkəmə qərarları › İş №2(005)-1441/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1441/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1441/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat əsas borcun və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 5070 (beş min yetmiş) manat pulun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 20 noyabr 2019-cu il tarixində İddiaçı 5000 (beş min) manat borc pul alıb. Aralarında olan razılaşmaya əsasən cavabdeh göstərilən məbləği 1 (bir) ay müddətində qaytarmağı öhdəsinə götürüb və bu barədə ərizə yazıb. İddiaçı oğıu Cavabdeh dəfələrlə borc pulu tələb etməsinə baxmayaraq, sonuncu aldığı pulu geri qaytarmayıb. İddiaçı 10 noyabr 2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh aldığı borc pulu qaytarmaqdan imtina edib. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək, iddia tələbinin əsassız olduğunu və tələb edilən borcun ödədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilsin. Belə ki, İş materiallarına əlavə edilmiş cavabdehin borc pulun alınması barədə ərizəsindən görünür ki, Cavabdeh İddiaçı 1 (bir) ay müddətinə qaytarmaq öhdəliyi ilə 5000 (beş min) manat borc alıb. İş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tarixli pul tələbinə dair pretenziya məktubundan görünür ki, Cavabdeh dəfələrlə pulun qaytarılması barədə müraciət edilməsinə baxmayaraq verilən borc pul geri qaytarılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdehdən 5000 ( beş min) əsas borcun və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsmununun, cəmi 5070 (beş min yetmiş) manat pulun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi ilə razılaşmayan Cavabdeh xx.xx.2022-ci il tarixdə keçririlmiş məhkəmə hazırlıq iclasında, mütəmadi olaraq iddiaçıdan faizlə pul aldığını və dəfələrlə aldığı məbləği qaytardığını, sonuncu dəfə 5100 ( beş min yüz) manat məbləğini götürəndə ərizə yazdığını və həmin məbləği tam şəkildə qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-cu maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi qanunverici hazırda mübahisə predmeti olan məsələyə dair tərəflər bir neçə hərəkət imkanı tanımışdır. Hazırda iddiaçı ilə cavabdeh bu imkanlarda olan borc müqaviləsini razılıq əsasında şifahi qaydada bağlamışlar. Qeyd olunan hal işin mübahisəsiz halıdır. Hazırda cavabdeh aldığı iddia tələbi üzrə göstərilən borcu ödədiyini bildirsədə buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin iddia tələbi üzrə göstərilən borcu ödəməsinə münasibətdə qeyd edir ki, çəkişmə prinisipinə əsasən tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, cavabdeh tərəfindən iddia tələbi üzrə göstərilən borcu ödənilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı sübut aşkar edilməmişdir. Halbuki, cavabdehin etirazı bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Bundan başqa Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir Hazırda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri cavabdeh tərəfindən iddia etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan Cavabdeh 5000 (beş min) və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5070 (beş min yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar