Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1446/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-cü il tarixli, 891/M №-li kredit müqaviləsinin ləğv edilməsi və kreditin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyin tabeliyində göstərən “Radioquraşdırma zavodu" MMC-nin öhdəliyi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 891/M №-li kredit müqaviləsinin etibarsız hesab edilərək, həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı məqsədilə ipoteka ilə yüklü hesab edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 34,2 kv.m olan, 1 otaqlı, 76 nömrəli mənzilin ipoteka yüklülüyünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi müddətdə Cavabdeh1 ASC ilə illik 4 % hesablanmaq şərti ilə, 48 ay müddətinə, 631 000 manat kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixli, 891/M №-li kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə X4 məxsus ünvan 1 ünvanında, ümumi sahəsi 34,2 kv.m olan, 1 otaqlı, 76 nömrəli mənzil ipoteka saxlayanın (“Muğanbank" ASC-nin) xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2023-cü il 1418-187731/2022-5-6 №-li məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8703 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı cəmi 652453,96 manat məbləğində vəsait və icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 45 manat pul tutularaq tələbkar Cavabdeh1 ASC-nin xeyrinə yönəldilsin və bu tutma X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Topçubaşov küçəsi, 21 saylı evin 76 nömrəli mənzilinə yönəldilsin, dəyəri 60000 manat olmaqla mənzil açıq hərracda satılsın. xx.xx.2021-cü il tarixli, 891/M nömrəli kredit müqaviləsinin 2.1-ci maddəsində ayrılmış kreditin borc alanın şəxsi məqsədləri üçün nəzərdə tutulduğu qeyd edilir, lakin ona ayrılmış krediti nağd formada və ya şəxsi hesabına köçürmə yolu ilə əldə etməmişdir. Cavabdeh1 ASC-nin köçürülmə ilə bağlı icra qeydindən də görünür ki, 631 000 min manat benefisiar (alan) müştəri qismində çıxış edən Radioquraşdırma zavodunun hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “X6” MMC-nin Cavabdeh1 ASC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 21/193 №-li məktubunda qeyd edilir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, fiziki şəxs olan İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 891/M nömrəli kredit müqaviləsinə əsasən 631 000 manat məbləğində kredit verilmiş, həmin kredit “Radioquraşdırma” zavodunun Cavabdeh1 ASC qarşısında olan kredit borcunun ödənilməsinə yönəldilmişdir. Kredit verilən məbləğ onun tərəfindən nağd şəkildə əldə edilməmiş və ya hesabına köçürülməmişdir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi “X6” MMC həmin məktubda İddiaçı kreditini "xxxx" MMC-nin borcu kimi qəbul etmiş və kredit borcunun "xxxx" MMC-nin öhdəliyi kimi qəbul edilməsini Cavabdeh1 ASC-dən xahiş etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 037/23 №-li Hərrac bildirişində bildirilir ki, Nəsimi rayon icra şöbəsinin 1418- 187731/2022-5-6 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən, borclu X4 məxsus olan əmlak "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 21 saylı evin, 76 nömrəli mənzilinin ilkin satış qiyməti 60000 min manat müəyyən edilmişdir. İddiaçı daha sonra “iddianın baxılmamış saxlanılması barədə” ərizə təqdim edərək, iddia ərizəsinin “xx.xx.2021-ci il tarixli, 891/M nömrəli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üsulu kimi X4 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklülüyünün ləğv edilməsi” hissəsində baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(005)- 1446/2023 saylı qərardadı ilə iddianın “xx.xx.2021-ci il tarixli, 891/M №-li kredit müqaviləsi üzrə öhdəliyin təminatı məqsədilə ipoteka ilə yüklü hesab edilmiş X3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 34,2 kv.m olan, 1 otaqlı, 76 nömrəli mənzilin ipoteka yüklülüyünün ləğv edilməsi” hissəsində baxılmamış saxlanılması qərara alınmışdır. Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, işə bankın iştirakı olmadan baxılmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsi görünüş üçün bağlanmış, həqiqətdə isə həmin kredit onun rəhbəri olduğu müəssisəyə aid olmuşdur. Belə olan halda, görünüş üçün bağlanmış və üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaradan kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, kredit müqaviləsinin iddiaçı ilə bağlanması təklifini Cavabdeh1 ASC özü vermiş və bu səbəbdən də müqavilə məhz onunla bağlanmışdır. Bununla belə həmin kredit zavodun bank qarşısında olan kredit borcunun ödənilməsinə yönəldilmişdir. Buna görə də krediti zavodun borcu kimi qəbul edir və həmin pul öhdəliyinin ödənilməsini öz üzərlərinə götürürlər. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 891/M saylı kredit müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borc verən Cavabdeh1 ASC borc alan İddiaçı 48 ay müddətinə, illik 4% hesablanmaqla, 631 000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, ayrılmış kredit məbləği borc alanın “şəxsi” məqsədləri üçün nəzərdə tutulmuşdur. Borc alan müqavilə ilə ona ayrılmış krediti bu müqavilənin 2.1-ci bəndində göstərilmiş təyinat üzrə xərclənmədikdə və yaxud həmin kredit məbləğinin bir hissəsini təyinat üzrə xərcləmədikdə ona ayrılmış krediti vaxtından qabaq borc verənə qaytarmalıdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, kredit borcunun qaytarılması, X4 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34,2 kv.m. olan, 1 otaqlı, 76 nömrəli mənzil ilə təmin olunur. Müqavilənin 5.1-ci bəndində isə, kredit məbləğinin müqavilə bağlandıqdan sonra borc verən tərəfindən borc alanın hesabına köçürülməsi nəzərdə tutulmuşdur; - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “X6” MMC-nin Cavabdeh1 ASC-yə və İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 21/193 saylı məktubuna əsasən MMC bildirmişdir ki, “Radioquraşdırma” zavodunun direktoru vəzifəsində işləmiş, fiziki şəxs olaraq İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanan xx.xx.2021-ci il tarixli 891/M №-li kredit müqaviləsinə əsasən 631 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit “Radioquraşdırma” zavodunun Cavabdeh1 ASC qarşısında olan kredit borcunun ödənilməsinə yönəldilmişdir. Buna görə yuxarıda qeyd olunan İddiaçı kreditini “Radioquraşdırma” zavodunun borcu kimi qəbul edərək xahiş edirlər ki, İddiaçı yuxarıda qeyd olunan kredit borcu “Radioquraşdırma’” zavodunun öhdəliyi kimi qəbul edilsin; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 037/23 saylı “Hərrac bildirişi”nin surətindən görünür ki, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaçov küçəsi, ev 21, 76 saylı mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Həmin bildirişdə həmçinin hərracın keçirilməsi barədə elanın hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də dərc edildiyi qeyd edilmişdir; - Vəsait köçürülməsi barədə bank çıxarışından görünür ki, 631 000 manat məbləğində pul vəsaiti Cavabdeh1 ASC-nin hesab nömrəsi **********00005AZM00 olan “X11” adlı hesabından "xxxx" MMC-nin həmin bankda olan **********00008AZM00 nömrəli hesabına köçürülmüşdür. Ödənişin təyinatı və məqsədi “Maliyyə yardımı” olaraq qeyd edilmişdir; - Cavabdeh1 ASC-nin xx.xx.2021-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, 631 000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən alınmışdır; - Cavabdeh1 ASC-nin xx.xx.2021-ci il tarixli digər xəzinə məxaric orderindən görünür ki, 631 000 manat məbləğində pul vəsaiti X8 tərəfindən “Maliyyə yardımı” təyinatı adı altında "xxxx" MMC-nin həmin bankda olan hesabına verilmişdir; - Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı qeyd edilən kredit müqaviləsinin sırf görünüş üçün bağlandığını, əslində müqavilənin tərəfinin həmin vaxt rəhbəri olduğu "xxxx" MMC olduğunu, bu səbəbdən də pul vəsaitinin həmin cəmiyyətin hesabına köçürüldüyünü iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş, tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 340.2 və 337-ci maddələrinə istinad etmişdir. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 891/M saylı kredit müqaviləsinə əsasən ona “şəxsi” məqsədlər üçün 631 000 manat məbləğində kredit verilməsi nəzərdə tutulsa da, Cavabdeh1 ASC-nin hesab nömrəsi **********00005AZM00 olan “X11” adlı hesabından "xxxx" MMC-nin həmin bankda olan **********00008AZM00 nömrəli hesabına köçürülmüşdür. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh MMC-nin nümayəndəsi də kredit müqaviləsinin bankın təklifi ilə iddiaçı ilə bağlandığını, əslində isə kreditin MMC-yə verildiyini etiraf etmişdir. Həmçinin bu hal "xxxx" ASC-nin Nərminanov rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Dəfələrlə dəvət olunmasına baxmayaraq Cavabdeh1 ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddia tələbinin əsassızlığına dəlalət edən mövqe ortaya qoymamış və mübahisələndirilən müqavilə üzrə şəxsi məqsədlər üçün iddiaçıya verilməsi nəzərdə tutulan kredit məbləğinin hansı səbəbdən "xxxx" MMC-nin hesabına köçürüldüyünün, bunun həmin müqavilənin 2.1-ci bəndinin pozulmasına dəlalət etdiyi halda, hansı səbəbdən iddiaçıya bu barədə xəbərdarlıq etmədiklərinin və ötən müddət ərzində həmin kreditin vaxtından qabaq qaytarmasını tələb etmədiklərinin (müqavilənin 2.2-ci bəndinə əsasən) məntiqli şəkildə izahını verməmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hər hansı əqdin (o cümlədən müqaviləsinin) etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). İşin hallarına əsasən, kredit müqaviləsi bağlamalarına baxmayaraq cavabdeh bank tərəfindən iddiaçıya kredit müqaviləsində göstərildiyi kimi şəxsi məqsədlər üçün kredit verilməmiş, əksinə kredit məbləği digər subyektin – "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə hesab edir ki, işin qeyd olunan halları iddiaçının irəli sürdüyü dəlillərin əsaslı olduğunu göstərməklə iddiaçı ilə bank arasında müvafiq hüquq münasibətinin yaranmadığı, müqavilə imzalanarkən onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcud olmadığı, beləliklə də qanunvericinin müqavilənin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərtin reallaşmadığı qənaətinə gəlməyə əsas verir. Məhkəmənin qənaətinə görə, qeyd edilənlər mülki qanunvericiliyin yalan əqd ilə bağlı müddəalarının dispozisiya əlamətlərinə uyğun gəlir. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında vurğulamışdır ki, ...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin qeyd etmişdir ki, ...məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə bank arasında 631 000 manat pulun borc verilməsinə dair xx.xx.2021-ci il tarixli, 891/M №-li kredit müqaviləsi iddiaçıya münasibətdə etibarsız olmaqla heç bir hüquqi nəticə doğura bilməz. Məhkəmə həmçinin hesab edir ki, həmin kredit müqaviləsinin həqiqi tərəfi kimi "xxxx" MMC olmuşdur. Bu mənada məhkəmənin qənaətinə görə, belə bir tələbin olubolmamasından asılı olmayaraq, hər bir halda həmin kredit müqaviləsi "xxxx" MMC ilə bağlanmış hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Xüsusilə onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, ...hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 891/M saylı kredit müqaviləsi İddiaçı münasibətdə etibarsız hesab edilməli, xx.xx.2021-ci il tarixli, 891/M saylı kredit müqaviləsi "xxxx" MMC ilə bağlanmış hesab edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 891/M saylı kredit müqaviləsi İddiaçı münasibətdə etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixli, 891/M saylı kredit müqaviləsi "xxxx" MMC ilə bağlanmış hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1446/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1446/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver