Məhkəmə qərarları › İş №2(005)-1468/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1468/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1468/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 11861,10 manat məbləğində sağlamlığa vurulmuş ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı AR MPM-nin 36.6-cı maddəsini əsas kimi göstərərk, sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələblə öz yaşadığı yer üzrə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.6-cı maddəsinə əsasən, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Göründüyü kimi, hazırki tələb xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə vurulan ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliklə müəyyən olunmuş ərazi aidiyyəti qaydalarına əsasən, iddiaçı ümumi qaydada cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, habelə hazırki iddia tələbinə əsasən öz seçməsinə görə ziyan vuranın, yəni cavabdehin yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə məhkəməyə müraciət edə bilər. “Elektron Məhkəmə” İnformasiya Sistemində verilmiş müvafiq sorğular nəticəsində məlum olmuşdur ki, cavabdeh qismində göstərilmiş Cavabdeh rəsmi qeydə alındığı ünvan Cəbrayıl rayonu, Xələfli Ə/D, Qərər kəndidir. Digər tərəfdən iddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-445/2024 saylı xx.xx.2024-cü il tarixli Hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2286/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, cavabdeh Cəfərov X1 rayonu, Xələfli Ə/D, Qərər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksi, ev 25, mənzil 50-də yaşayır. Bununla yanaşı qeyd olunan məhkəmə aktları ilə müəyyən olunur ki, zərər Bakı şəhəri Yasamal rayonu ərazisində baş vermişdir. Belə ki, Cavabdeh 05 oktyabr 2023-cü il tarixdə saat 17:35 radələrində BB214610 nömrəli «B1,B,C1,C» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Vaz 2101» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi ilə saatda 30 km/saat sürətlə hərəkətdə olan zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetafor tərəfindən nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, nəqliyyat vasitəsinin dayandırmalı və piyadaya yol verməli olduğu halda və bunlara riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bunlara riayət etməyib, hərəkəti dayandırmadan davam etdirərək ünvan 2 ünvanda hərəkətdə olan zaman “Pullman" hotelin qarşısında piyada keçidi ilə hərəkət edən İddiaçı avtomobilin sağ ön hissəsi ilə vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya sol qalça sümüyünün sirkə kasasını, oturaq sümüyünü keçən sınığı qismində dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə-bir hissəsindən az olmaqla (25%) əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə hesab edir ki, göstərilən ünvanların yerləşdiyi ərazi (cavabdehin rəsmi qeydiyyat ünvanı - Cəbrayıl rayonu; zərər vuranın yaşadığı yer – Bakı şəhəri Qaradağ rayonu; zərərin vurulduğu yer - Bakı şəhəri, Yasamal rayonu) Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyət qaydaları pozulmaqla məhkəməyə təqdim edildiyindən geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə öz seçməsinə görə səlahiyyətli məhkəməyə (Cəbrayıl Rayon Məhkəməsi; Yasamal Rayon Məhkəməsi; Qaradağ Rayon Məhkəməsi) müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.3, 152.2, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar iddia ərizəsi ilə öz seçməsinə görə səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar