Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1481/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sabunçu qəsəbəsində aptek işlədir. Orada işlədiyi müddətdə Cavabdeh ilə tanış olmuşdur. Çox vaxt özünü ona tərifləyib deyirdi ki, o, İrandan kübrə, taxıl gətirir, böyük biznesi vardır. 2017-ci ilin noyabr ayının axırında Hidayət aptekə gəlib dedi ki, onun işi böyüyübdür, özünə işçi axtarır, 30-40 nəfər vakansiyası vardır, 3500-4000 manat əmək haqqı verəcək. Ona görə də, iddiaçı bir neçə tanışı onun şirkətinə işə düzəltmək istədi. O da, iddiaçıdan oğlunu, tanışları Vidadi və Faiqi işə düzəltmək üçün 21.500 manat pul aldı. Lakin heç bir iş görmədi və nə də pulunu qaytarmadı. Bununla o, iddiaçının etibarından sui-istifadə edib aldadaraq 21.500 manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bununla bağlı Sabunçu RPİ-nə müraciət etmiş, Sabunçu RPİ-nin müstəntiqi, polis mayoru Sərdar Alıbəyli onun şikayətində göstərilən xüsusatın mülki xarakterli olması qənaətinə gəlib Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd edir ki, Cavabdeh araşdırma müddəti ərzində 13.000 manatı qaytarmışdır. Bu da onu göstərir ki, Cavabdeh ondan 21.500 manat pul almasını etiraf edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin baş müstəntiqi S.Alıbəylinin qərarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ərizəsi ilə əlaqədar toplanmış material üzrə Cavabdeh təqsirliliyi sübuta yetirmək mümkün olmadığına görə əməlində cinayət tərkibi olmadığından İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon İcra şöbəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh tərəfindən tələbkarın xeyrinə 3066 manat pul vəsaiti ödənilmiş və 5434 manat ödənilməmiş borc öhdəliyi qalmışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 21.500 manat pul məbləği verilmişdir. Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin baş müstəntiqi S.Alıbəylinin xx.xx.2019-cu il tarixli qərarına əsasən müəyyən olunur ki, cavabdeh tərəf verdiyi izahatında həmin pul məbləğini aldığını etiraf etmiş, eyni zamanda 13.000 manat məbləği geri ödədiyini bildirmişdir. İddiaçının ərizəsi əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 491/2020 saylı qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8500 manat məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən görülmüş icra tədbirləri nəticəsində Cavabdeh borclu olduğu məbləğdən 3066 manat pul vəsaiti ödənilmiş və 5434 manat ödənilməmiş borc öhdəliyi qalmışdır. Habelə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh qiyabi qətnamənin ləğvi haqqında ərizəsi təmin olunaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-491/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. 1) Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), 2) ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), 3) ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası olmadan 8500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini iddiaçıdan əldə etmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin iddiaçıya qeyd edilən məbləğdə borcunun olmadığı barədə etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin iddiaçıya geri qaytarılması sübuta yetirilməmişdir. Göründüyü kimi, hazırda iddia tələbinin dəlilləri əsassız varlanma ilə bağlı qanunvericilik müddəalarının dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən də məhkəmə bildirir ki, cavabdehin etirazının dəlilləri öz təsdiqini tapmamışdır. Həmçinin də cavabdehin “icra icraatı çərçivəsində ona məxsus avtomobilin hərracda satılması zamanı qanun pozuntusuna yol verilməsi və s.” ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunanlar hazırki icraatın araşdırılması predmetinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 8500 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddia tələbinin dəlilləri nəzərə alınmaqla, qeyd olunmalıdır ki, iddiaçının mübahisəli pul vəsaitini cavabdehə verməsi üçün əsas olmuş halın etibarlı əqdə söykənməməsi (yaxınlarının işə düzəldilməsi vədi) ilə cavabdehin iddiaçıdan pul vəsaiti əldə etməsinə səbəb olmuş hüquqi əsas aradan qalxmışdır. Bu baxımdan Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə əsasən varlanmış şəxs kimi cavabdehin əldə etdiklərini məhrum olan iddiaçının tələbi ilə ona qaytarmaq vəzifəsi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh verilmiş 8500 manat pul məbləğinin qalıq hissəsi yəni 5434 manat məbləğində vəsait iddiaçıya geri qaytarılmalıdır. Belə ki, cavabdeh tərəfindən İddiaçı xeyrinə icra icraatı çərçivəsində 3066 manat pul vəsaitinin ödənilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi borc məbləğinin miqdarı hissəsində qismən əsaslıdır və qismən təmin olunmalı, cavabdehdən qalan 5434 manat ödənilməmiş borc məbləği iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5434 (beş min dörd yüz otuz dörd) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1481/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1481/2024
02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver