Məhkəmə qərarları › İş №2(005)-150/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-150/2024

01.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-150/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-nin ona vurduğu 13000 (on üç min) manat dəymiş zərərin pulunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh dəfələrlə onun yaşadığı binanın həyətinə və damına boya və sement tökmüşdür. xx.xx.2022-ci il tarixdə o həyətdə olan zaman şirkət tərəfindən binanın fasadı rənglənən zaman həyətinə boya tökmüşdülər. Bu hadisə barədə o DİN-nin 102 xidmətinə məlumat vermişdi. O dəfələrlə şirkət rəhbərliyinə müraciət etsə də, heç bir nəticə olmamışdır. Həmin şirkət rəhbəri bir neçə dəfə nümayəndə göndərərək baxış keçirmişdilər. Lakin bu günə qədər heç bir tədbir görülməmişdir. Yəni şirkət tərəfindən indiyədək onun həyətinə və evin damına sement və boya tökmüşdülər. Hadisə yerinə baxış keçirilməsi zamanı Nizami rayonu Şirin Mirzəyev küçəsi 97/1 ünvanda yaşadığı fərdi yaşayış evinin həyətinə döşəmənin metlaxın üzərində köhnədən qalan xırda bir neçə emulsiya izləri olması müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Bununla da aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, onun yaşadığı binanın fasadının rənglənməsi zamanı onun həyətinə və evinin damına boya tökülməsi nəticəsində dəymiş ziyanla bağlı göstərdiyi xüsusat yaşadığı binaya külli miqdarda ziyan vurmuşdur. O bir neçə dəfə şirkətdə oldu, şirkət tərəfindən heç bir müsbət cavab ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, İddiaçı iddia tələbində tələb etdiyi 13000 (on üç min) manat maddi ziyan məbləği tələbini qəbul etmirlər. Cavabdeh MMC tərəfindən İddiaçı iddia tələbində qeyd edilən 13000 (on üç min) manat məbləğində maddi ziyan dəyməyib, yalnız iddiaçının həyətinə sıçrayan palçıq izlərinin və mənzilin həyətyanı sahəsinin hasarının boyasına düşən ləkələrin tərflərindən öz hesablarına aradan qaldırılmasına dair iddiaçıya zəmanət məktubu verilibdir. Belə ki, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev 95 ünvanında aparılan bina tikinti və təmir işləri hələ davam etməkdədir, tikinti işləri yekunlaşmayıb. Apardıqları tikinti təmir işləri nəticəsində qonşuluqda yerləşən İddiaçı mənzilinin həyətinə sıçrayan palçıq izləri və mənzilin həyətyani sahəsinin hasarının boyasına düşən ləkələr tikinti işləri yekunlaşdıqdan sonra tərəfimizdən aradan qaldırılacaqdır. İddia tələbinin rədd edilməsini xahiş edirlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh MMC-nin 25 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev 95 ünvanında aparılan bina tikinti və təmir işləri hələ davam etməkdədir, tikinti işləri yekunlaşmayıb. Apardığımız t i k i n t i təmir işləri nəticəsində qonşuluqda yerləşən sizin mənzilin həyətinə sıçrayan palçıq izləri və mənzilin həyətyani sahəsinin hasarının boyasına düşən ləkələr tikinti işləri yekunlaşdıqdan sonra tərəflərindən aradan qaldırılacaqdır. Hal-hazırda tikdiyi binanın birində yaşayış olsa da 2-ci binada tikinti-təmir işləri hələ də davam etdirilir. Bu səbəbdən binanın fasadına boya vurulması və üzləmə işləri görülməsi zamanı sizin mənzilin fasadının yenə də çirklənmə ehtimalı vardır. Odur ki, zəmanət verilir ki, inşa etdiyi binada qısa müddət ərzində təmir işlərini yekunlaşdıraraq tərəflərindən mənzilin həyətyani sahəsində yerə döşənən tamet daşlan, hasarın fasadının korlanan hissələri, həyətin çardağının örtüyünün korlanan hissəsində yaranan qüsurlar aradan qaldırılacaqdır. - Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Bakir Aslanovun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X2 dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatının 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 97/1 nömrəli binanın yaxınlığında inteks" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasında ara məsafəsi gözlənilmədən aparılan tikinti işlərindən yaranmış narazılıq barədə İddiaçı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və oradan da müvafiq məktubla ünvanımıza daxil olmuş ərizəsinə Nizami Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildirilir ki, Nizami rayonu, Ə.Hacıyev, M.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsindəki 2458-ci məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyriyaşayış və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin torpaq sahəsi icarə əsasında Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 47 №-li Sərəncamı ilə inteks" MMC-nin istifadəsinə verilmişdir. İnteks MMC tərəfindən təqdim olunmuş Ş.Mirzəyev küçəsindəki 2458-ci məhəllənin planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı ıl tarixi. 02/05-800 №-li məktubu ilə razılaşdırılmışdır və həmin sənədə uyğun sözügedən binada ara məsafəsi razılaşdırılmış Şəhərsalma Əsaslandırılması layihəsində öz əksini tapmışdır. - 18 iyul 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və həmin fərdi yaşayış evinə ziyan vurulduğu müəyyən edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunmuş, həyətdə olan çardağa (navesə), həyətdəki metlax döşəməyə, evin hasarına, evin eyvanının kafel döşəməsinə, evin ön və yan hissəsinin fasadına, 4 ədəd pəncərə və eyvanın barmaqlıqlarına dəymiş zədələrin və ziyanın Cavabdeh MMC tərəfindən görülən tikinti işləri (divarın sement məhlulu ilə suvanması binanın boya ilə rənglənməsi və yaşayış binasının inşa olunan zaman əmələ gələn vibrasiya) ilə səbəbli əlaqəsinin olduğu müəyyən edilir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu Şirin Mirzəyev küçəsi 97/1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri təqribən 2869 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə Cavabdeh MMC tərəfindən görülən tikinti işləri nəticəsində zərər dəyməsi, sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə dəymiş zərərin məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunmuş, həyətdə olan çardağa (navesə), həyətdəki metlax döşəməyə, evin hasarına, evin eyvanının kafel döşəməsinə, evin ön və yan hissəsinin fasadına, 4 ədəd pəncərə və eyvanın barmaqlıqlarına dəymiş zədələrin və ziyanın Cavabdeh MMC tərəfindən görülən tikinti işləri (divarın sement məhlulu ilə suvanması binanın boya ilə rənglənməsi və yaşayış binasının inşa olunan zaman əmələ gələn vibrasiya ) ilə səbəbli əlaqəsinin olduğu müəyyən edilir. Belə ki, Cavabdeh MMC tərəfindən görülən tikinti işləri zamanı cavabdehin səhlənkarlığına görə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə maddi ziyan dəymişdir. İddiaçı əmlakına dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, Cavabdeh MMC isə dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli rəyində zərərin həcmi 2869 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən, həmin məbləğin ağlabatan olduğunu, bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq ekspert rəyində göstərilmiş məbləğ əsas götürülməklə 2869 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 129 manat məbləğində pul ödəmişdir. İddiaçının tələbinin qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş maddi zərərin əvəzi olaraq 2869 manat məbləğində pul və 28 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 22 (iyirmi iki) manatı Cavabdeh MMC-dən, 78 (yetmiş səkkiz) manatı isə İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2869 (iki min səkkiz yüz altmış doqquz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 129 manat dövlət rüsumunun 28 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 22 (iyirmi iki) manatı Cavabdeh MMC-dən, 78 (yetmiş səkkiz) manatı isə İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar