Məhkəmə qərarları › İş №2(005)-1521/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1521/2025

23.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1521/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin dəlilləri İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 620 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 31 manat məbləğində faiz borcu, mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pulun və ödənilmiş 46.51 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 oğlu İddiaçı2 RF-nın Sankt-Peterburq şəhərində İ Piyotr adına Politexnik Üniversitetin aspiraturasının 3-cü kursunda təhsil aldığı zaman ona elmi iş yazılması ilə bağlı Cavabdehla danışıb razılığa gəlmişlər ki, Cavabdeh 920 manat müqabilində elmi iş yazacaq. İddiaçı1 4169-7388-0514-0260 saylı Kapital Bank hesab kartına xx.xx.2023-cü il tarixində əvvəlcə öz kartından 750 manat, sonra isə xx.xx.2023-cü il tarixində qızı Günel Hüseynovanın kartından 170 manat pul göndərmişdir.Lakin cavabdehin yazmış olduğu elmi iş oğlu İddiaçı2 dediyi elmi işin mövzusuna uyğun olmadığına görə və plagiat olduğu üçün Cavabdehla oğlu Kənanın aralarında narazılıq yaranmış və oğlu Kənan cavabdeh Heydərə göndərilən pulu cavabdehdən geri istəmişdir. Cavabdeh oğlu Kənan ilə razılaşaraq bildirmişdir ki, “ düzdür, elmi iş zaydır, plagiatdır, ya icazə ver elmi işi yenidən yazım, ya da 10 gün müdddətinə verilən pulu qaytarım”. Oğlu Kənan pulun qaytarılmasını bildirmiş və cavabdeh 9, 10, 11 yanvar 2024-cü il tarixlərində hər dəfə 100 manat olmaqla oğlu Kənanın kartına göndərərək cəmi 300 manat məbləğində pul qaytarmışdır. Lakin qalan 620 manat pulu xx.xx.2024-cü il tarixində qaytarmasına söz versə də, qaytarmadığına görə oğlu Kənan Cavabdeh barəsində Polisə şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən cinayət işi başlanması rədd edilmiş və işin mülki mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh əvvəllər pulun hamısını qaytarmasına söz versə də, sonradan Polis Bölməsində fikrini dəyişmiş və bildirmişdir ki, guya Kənana elmi işin dayandırılmasını bildirdiyinə görə pul qaytarmamalıdır. İddiaçı1 bildirir ki, Cavabdeh haqlı deyil, oğlu İddiaçı2 həmin yazılmış elmi işdən istifadə etməmiş, belə ki, iş mövzuya uyğun olmamış, plagiat olmuş və oğlu Kənan tərəfindən həmin elmi işdən istifadə etməsi mümkün olmamışdır, yəni Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də iddiaçı hesab edir ki, qalan 620 manat məbləğində pul da qaytarılmalıdır. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh bir ildir ki, onların pulunu qaytarmamasına görə və oğlu Kənan əsəb, stress və mənəvi sarsıntı içində yaşayırlar. Cavabdeh onların barəsində mənfi fikir formalaşdırır, nüfuzdan salır. Ona görə də iddiaçı hesab edir ki, Cavabdeh onlara mənəvi ziyan vurmuşdur və iddiaçılar həmin mənəvi ziyanı 2000 manat məbləğində qiymətləndirir. Bundan başqa Cavabdeh bir ildir ki, iddiaçılara olan 620 manat məbləğində borcunun ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün hər ilə görə illik 5% pul ödəməlidir. Ona görə də cavabdeh əlavə olaraq iddiaçılara 31 manat pul ödəməlidir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, oğlu – digər İddiaçı2 Sankt-Peterburq şəhərində yerləşən İ Pyotr adına Politexnik universitetinin aspiranturasında təhsil alan vaxt ondan Cavabdeh elmi işin yazılması üçün pul göndərməsini xahiş etmişdir. Əvvəlcə öz kartından 750 manat, daha sonra qızının kartından 170 manat pul göndərmişdir. Lakin oğlu işin keyfiyyətindən razı qalmayıb, işdə xeyli sayda plagiat olub. Bunda görə də aralarından danışıq olubki, pul hissə-hissə geri qayarılacaq. Cavabdeh hissə-hissə 300 manat məbləğində pulu geri qaytarıb, qalan hissəni isə qaytarmaqdan imtina edib. Digər iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materialları - İddiaçı1 tərəfindən Gəncə Şəhər Polis İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh adlı şəxsə elmi iş yazmaq üçün 920 manat pul verməsini, nəticədə 300 manatını ala bilməməsi barədə məlumat verilmişdir. - Azərbaycan Respublikası DİN Gəncə Şəhər Baş Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən görünür ki, 06 yanvar 2024-cü il tarixli qərarla toplanmış materialda cinayət hadisəsini olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı2 Cavabdeh ilə aralarında yaranmış mülki mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsinin məqsədə müvafiq olduğu qeyd edilmişdir. - “Whatsapp” ani ismarıc xidməti vasitəsi ilə aparılan yazışmaların mətninə əsasən,iddiaçı tərəfindən “bu elmi iş deyil, bütün səhvləri işarələdim” ifadələri (Kənan-düzəliş.docx adlı word faylı atılaraq); cavabdeh tərəfindən “ Mən texniki hissələri düzəldirdim”; iddiaçı tərəfindən “ bunu yazan heç magistr deyil, 1-ci kurs tələbəsidi elə bil. “Başqa adamların işini götürüb copy paste eliyib”. “Heç parafraze eləmiyib”; “Bunu mən elmi rəhbərə göstərsəm məni universitetdən qovarlar”, cavabdeh tərəfindən “Düz deyirsən. Haqlisan” “Kənan, maaşları ayın 8-nə saxlayıblar. Bu gün 100 manat bayram pulu veriblər. Ayın 8-i dəqiq ödəniş olacaq. Bu da sənə ŞƏRƏF sözüm olsun. Tam arxayın ola bilərsən”. “Axşamın xeyir Kənan, maaşlarda gecikmə olacaq. Dəqiq tarix deyilmədi. Bir neçə gün çəkəcək amma. Mən də təklif edirəm ki, sabahdan etibarən mən hər gün 100 manat göndərim sənə. Kart hesabın məndədir. Hər gün 21:00-da sənə 100 manat atacam.9 günə tam bağlanacaq...Vallah özüm də ödəyib bitirmək istəyirəm...Maaş gələnə kimi 100-100 ödəyim...” məzmununda ismarıclar; xx.xx.2024-cü il tarixində saat 20:23-də iddiaçının kartına 100 manat atdığını təsdiq edən qəbz göndərilmişdir. Cavabdeh tərəfindən ”300 ödənilib, 620 qalıb. Dünən ödəniş oluna bilmədi. 1-ci gün qalan 620 manat ödəniləcək... Dəqiq həll olunacaq” məzmununda ismarıclar göndərilmişdir. - CD diskdə olan səs yazılarından görünür ki, Cavabdeh “dekabrın 30-u maaş alacayıq ,universitet yeni ilə görə 30-u maaşları verəcək .Belə deyim də əgər dayandırmaq istəyirsənsə,dekabrın 30-u sənin pulunu geri qaytarım” bildirmişdir. - 17 yanvar 2025-ci il tarixli q’bzd’n görünür ki, İddiaçı2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 46.51 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Maddə 739. Borc müqaviləsi üzrə iştirakçı (borc verən) pula dair mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldığı pulu həmin miqdarda borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Borc müqaviləsinə görə bir tərəf pulu verməli, qarşı tərəf isə həmin pulu qəbul edərək borc verənə qaytarmağı öhdəsinə götürməlidir. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıya müəyyən xidmətlər göstərməyi – elmi iş yazmağı, iddiaçı isə bu xidmətlər müqabilində razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin hesabına göndərilən pul məbləğləri İddiaçı1 məxsus olmuşdur. İşin bu halları mülki işin materiallarında olan tərəflərin arasında “Whatsapp” sosial ani ismarıc xidməti üzərindən aparılan danışıqların görüntüləri, səs yazıları və tərəflərin Gəncə ŞBPİ 3-cü Polis Bölməsində verdiyi izahatlarla təsdiqini tapır. Belə ki, cavabdeh İddiaçı2 yazdığı ismarıcda “300 ödənilib, 620 qalıb. 1-cü gün qalan 620 manat ödəniləcək” ifadələri işlədilən ismarıclar göndərmiş; polis bölməsində verdiyi izahatında da iddiaçılardan 750 manat məbləğində pulu kart hesabına köçürmə vasitəsilə aldığını, daha sonra 300 manat pulu qaytadığını etiraf etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən səs yazılarının və tərəflərin arasında aparılan danışıqların ekran görüntüləri ilə bağlı aşağıdakıları qeyd edir: “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. AR Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən səs yazılarının və tərəflərin arasında aparılan danışıqların ekran görüntüləri ilə bağlı qeyd edir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları və tərəflərin arasında aparılan danışıqların ekran görüntüləri sübut qismində dəyərləndirilə bilər. Məhkəmə daha sonra cavabdehin poli bölməsində verdiyi izahatında 300 manat pulu iddiaçının təzyiqi ilə geri qaytardığını, işin böyük hissəsi görüldüynə görə qalan hissəsini qaytarmaqdan imtina etdiyini qeyd etsə də, məhkəmə hesab edir ki izahat özünümüdafiə məqsədi ilə verilmişdir və işin materialları ilə təkzib olunur. Belə ki, cavabdeh 29 dekabr 2023-cü il tarixdə ayın 8-də dəqiq ödənişinin olacağını,08 yanvar 2024-cü il tarixdə hər gün karta 100 manat atacağını, 9 günə borcun bağlanacağını,13 yanvar 2024-cü il tarixdə göndərilən ismarıcda 620 manat pulun 1-cü gün ödəniləcəyini bildirib. Məhkəmə daha sonra qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə hesab edir ki, əsas borcun – 620 manat məbləğində borcun tutulması hissəsində tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, pul məbləğləri İddiaçı1 məxsus olduğunan Cavabdeh onun xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “gecikdirildiyinə görə faizlərin hesablanıb ödənilməsini” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, tərəflər arasında borc münasibətləri olmamaqla, cavabdehin aldığı puldan faydalanması da öz əksini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin öhdəlik münasibətlərini lazımınca yerinə yetirməməsi nəticəsində ona mənəvi zərər dəydiyini sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi bu hissədə rədd edilməlidir. Yuxarıda istinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 46.50 manat dövlət rüsumunun 30 manatı cavabdehdən tutularaq İddiaçı2 qaytarılmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 620 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul alınaraq İddiaçı2 ödənilməli, iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 620 (altı yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 30 manatı Cavabdeh tutularaq İddiaçı2 ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar