Məhkəmə qərarları › İş №2(005)-1526/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1526/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1526/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilmələri barədə ərizələr ilə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh2 ilə aralarında 11 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən tərəfindən cavabdehlərə 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. Müqavilənin şərtlərinə əsasən pul 31 oktyabr 2015-ci il tarixədək tam şəkildə geri qaytarılmalı idi. Cavabdeh2 atası Cavabdeh1 ilə ümumi bir tanışları vasitəsilə tanış olmuş, bir müddət münasibət yarandıqdan sonra İlqar Qulivev iddiaçıya zəng vuraraq onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Cavabdeh1 bildirmişdir ki, Latviya Respublikasında oğlu yüksək gəlir gətirən bir iş qurub və hazırda ora əlavə vəsait yatırılarsa, daha çox gəlir əldə etmək imkanı vardır. İddiaçı qeyd edir ki, əvvəlcədən onların Bakı şəhərində yerləşən evlərini satdıqlarını və əlində pulun olduğunu bildiyindən Cavabdeh1 ona belə bir təklif etmişdir. Beləliklə də, tərəfindən cavabdehlərə 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. İddiaçı tərəfindən 27 iyul 2018-ci il tarixdə rəsmi olaraq cavabdehlərə xəbərdarlıq göndərilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, hazırki iş üzrə cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 cavabdehin iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 11.09.2015-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı tərəfindən X2 72300 manat məbləğində borc pul verilmiş və borc alan 14.09.2015-ci il tarixdə 20.000 ABŞ dolları, 31.10.2015-ci ilədək isə 27.300 ABŞ dolları borc verənə qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 borc verən İddiaçı tərəfindən xəbərdarlıq edilmiş, 3 gün ərzində borcu ödəməyəcəyi halda aidiyyəti üzrə məhkəməyə edəcəyini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş materiallarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə aralarında 11 sentyabr 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən Cavabdeh2 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində borc pul verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh 14.09.2015-ci il tarixdə 20.000 ABŞ dolları, 31.10.2015-ci ilədək isə 27.300 ABŞ dolları borcu geri ödəməsini öz öhdəsinə götürmüşdür. Lakin, qeyd edilən borc məbləğindən cavabdeh tərəfindən heç bir pul məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh2 müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı ilə Cavabdeh1 arasında borc öhdəliklərini təsdiq edən hər hansı müqavilə olmadığından məhkəmə Cavabdeh1 münasibətdə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, diaçının xeyrinə 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıya ödəməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı İddiaçı xeyrinə 72300 (yetmiş iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar