Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1529/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Prezident Administrasiyasına qarşı “özəlləşdirmə çeklərinə görə kompensasiya” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Prezident Administrasiyasına qarşı “özəlləşdirmə çeklərinə görə kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 200.000 manat ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı ona vurulmuş 60.000 manat maddi ziyanın ödənilməsini, hazırki iddia ərizəsində isə 200000 manat maddi ziyan tələb edir. Lakin sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın dəyməsini sübuta yetirə bilməmişdir. Göründüyü kimi, hazırki iddia tələbinin dəyəri artmış olsa da, mahiyyət etibarilə iddiaçı eyni əsasdan çıxış edərək, eyni predmet və eyni cavabdehə qarşı ikinci dəfə məhkəmədə mübahisə qaldırır. Eyni zamanda hazırda digər cavabdeh cəlb edilsə də, həmin cavabdehə qarşı konkret tələb olmadığı, yalnız formal olaraq cavabdeh kimi cəlb edildiyi müəyyən olunur. Bu səbəbdən də hazırki mübahisədə ikinci cavabdehin cəlb edilməsi başqa iddia tələbi irəli sürülməsi hesab oluna bilməz. Həmçinin, məhkəmə bildirir ki, İddiaçı xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə eyniməzmunlu iddia tələbi ilə müraciət etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(005)-4639/2021 saylı, 29 iyun 2022-ci il tarixli 2(005)-3001/2022 saylı, 17 iyul 2023-cü il tarixli 2(005)-2955/2023 saylı və 21 iyul 2023-cü il tarixli 2(005)-3077/2023 saylı qərardadları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (Prezident Administrasiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “özəlləşdirmə çeklərinə görə kompensasiya” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Həmin qərarlardan sonuncu tərəfindən şikayət verilməmişdir. Göründüyü kimi iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara daha əvvəl məhkəmə tərəfindən hüquqi qiymət verilərək məhkəmə qətnaməsi qəbul edilmiş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq, iddiaçı eyniməzmunlu iddia tələbləri irəli sürməkdə davam edir. Göründüyü kimi, bu müddət ərzində iddiaçı tərəfindən məhkəmənin müvafiq qərarları heç vaxt mübahisələndirilməmiş, çıxarılmış qərarlardan qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarı instansiya məhkəmələrinə şikayətlə müraciət edilməmişdir. Hal-hazırda Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-673/2021 saylı qətnaməsi qüvvədədir. Məhkəmə bir daha qeyd edir ki, həmin qətnamədən iddiaçı tərəfindən yuxarı instansiya məhkəməsinə apelyasiya şikayəti verilməmişdir. Bunun əksinə isə iddiaçı hər dəfə məhkəmə tərəfindən icraata qəbul edilməkdən imtina edilmiş iddia ərizələrini təkrarən məhkəməyə təqdim edir. Bununla yanaşı qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə görə, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Prezident Administrasiyasına qarşı “özəlləşdirmə çeklərinə görə kompensasiya” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1529/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1529/2024
15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver